Təbriz blokadada: Rejim Güney Azərbaycanın ayağa qalxmasından qorxur

23.01.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İran rejimi dinc etiraz aksiyalarını silah gücünə yatırsa da, ölkədə zorakı nəzarət sistemi davam etdirilir. 

Bu da İranda davam edən iqtisadi böhran fonunda narazı xalqın yenidən ayağa qalxması ehtimalı ilə bağlıdır. Bu arada İran rejiminin Təbriz şəhərində fövqəladə vəziyyət elan etməsi isə rəsmi Tehranın iqtisadi problemlərdən qaynaqlanan etirazlardan daha çox Güney Azərbaycanın ayağa qalxması qorxusu ilə izah oluna bilər. 

“Azad İran” Teleqram kanalının yazdığına görə, Təbriz şəhərinin Vəliəsr bölgəsində yerləşən dövlət məktəbləri bağlanıb. Şəhərdə hərbi və təhlükəsizlik qüvvələri, xüsusilə SEPAH tam nəzarəti ələ alıb. Məlumata görə, Təbrizdə yaşayış və hökumət binalarının damlarına silahlı şəxslər yerləşdirilib. 

Tanklar, zirehli avtomobillər və nəzarət məntəqələri şəhərdə hərəkətləri ciddi şəkildə məhdudlaşdırır. “Vətəndaşlardan gələn xəbərlərdə 15 yaşlı bir oğlanın döyülməsi də daxil olmaqla, təhqir və zorakılıq hallarına rast gəlindiyi bildirilir”,-deyə məlumatda qeyd edilir. 

İran rejiminin bu davranışı mərkəzi hakimiyyətin ölkədə siyasi vəziyyətə güc tətbiqindən başqa hər hansı vasitə ilə tam nəzarət edə bilmədiyini göstərir. Bu isə İran hakimiyyətinin xalq arasında siyasi nüfuzunu və legitimliyini itirməsindən xəbər verir. 

Ona görə də etiraz aksiyalarının yenidən bərpa olunması daha böyük qarşıdurmalara gətirib çıxara bilər. Teokratik rejimin hazırda İranda iqtisadi və siyasi sabitliyi təmin etmək üçün bütün resursları tükənib. Ölkədə artmaqda olan iqtisadi böhran, həmçinin, milli valyuta olan rialın dollar və avro qarşısında dəyərsizləşməsi İranda makroiqtisadi və mikroiqtisadi sabitliyi tamamilə pozub. 

Xalqın hər an yenidən küçələrə çıxmaq ehtimalı var. Əvvəllər İran cəmiyyətində siyasi sabitliyi təmin edən əsas amillərdən biri dini ideologiya olub. Artıq xalq kütləvi şəkildə teokratik rejimdən imtina etməsi ideoloji çöküşə gətirib çıxarıb. 

Belə şəraitdə rejim dəyişikliyinin baş verməsi İranda müstəmləkə şəraitində yaşayan xalqların öz hüquqları uğrunda mübarizəyə qalxması ilə nəticələnə bilər. Bu kontekstdə fars-molla rejiminin ən çox narahatlığı Güney Azərbaycan türklərinin ayağa qalxmasından irəli gəlir. 

Bu da Güney azərbaycanlıların İranda sayca ikinci ən böyük toplum olması ilə bağlıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun Təbrizə ordu bölmələri yerləşdirməsi rejimin Güney Azərbaycanda baş qaldıracaq milli hərəkatı silah gücünə yatırtmaq planından xəbər verir. 

Eyni zamanda, İran hakimiyyətinin devrilməsi üçün ABŞ və İsrail tərəfindən xarici müdaxilə amili hələ qalmaqdadır. Rəsmi Tehranın hazırlıq tədbirləri İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların baş verəcəyi barədə kəşfiyyat məlumatlarına malik olduğunu göstərir. 

Son günlər Çinin İrana 16 təyyarə hərbi yardım göstərməsi barədə məlumatlar, eyni zamanda ABŞ-nin təyyarədaşıyan gəmilərini və qırıcı təyyarələrini Yaxın Şərqdə cəmləməkdə davam etməsi Xameneyi rejiminə hava zərbələrinin qaçılmaz olduğu qənaətini yaradır.

 Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “CNBC” telekanalının aparıcısının “İranı gözləməliyikmi?” sualına cavab olaraq, “Düşünürəm ki, bəli”, - cavabını verib. 

Prezident açıqlamasında əlavə detallara yer verməyib. Lakin o, əvvəlki mövqeyini təkrarlayaraq İranın nüvə proqramını yenidən aktivləşdirməsinin qəbuledilməz olduğunu vurğulayıb. Göründüyü kimi, ABŞ İranla bağlı hələlik gözləmə mövqeyi tutsa da, rejimə qarşı hərbi əməliyyatların aparılmasını dolayısı ilə təsdiq edib. İranın nüvə proqramından imtina etməməsi və 10 min kilometr məsafəni vura bilən yeni raketi sınaqdan keçirməsi artıq ABŞ və İsrail üçün “qırmızı xətt”inkeçilməsidir. 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi StivUitkoff İranın xarici işlər naziri Abbas Əraqçi ilə heç bir danışıq aparmadığını deyib. Bu isə diplomatik həll variantının gündəmdən çıxdığını göstərir. 

Ona görə də ABŞ-nin hər an İrana zərbə endirmək ehtimalı bu ölkədə yaşayan qeyri-fars xalqların milli-azadlıq mübarizəsinə qalxması üçün ciddi stimul ola bilər. Bu baxımdan, SEPAH silahlı qüvvələrinin Təbrizə yerləşdirilməsi preventiv addım kimi qiymətləndirilə bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Təbriz rejim

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью