Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran ətrafında ABŞ-ın hərbi mövcudluğunun artırılması və təzyiqlərin diplomatik sferadan güc müstəvisinə keçməsi fonunda Tehranda mümkün cavab ssenariləri üzərində intensiv müzakirələr aparılır. İranın təhlükəsizlik dairələrindən sızan məlumatlar və rəsmi açıqlamaların təhlili göstərir ki, ölkə rəhbərliyi münaqişəyə impulsiv deyil, mərhələli və idarə olunan eskalasiya strategiyası ilə yanaşır.
KONKRET.az xəbər verir ki, artıq İranın ritorikası təkcə İsrailə hədəflənmiş təhdidlərlə məhdudlaşmır.
Müzakirələr konkret alətlərə, vaxt çərçivələrinə və eskalasiya hədlərinə yönəlib. SEPAH rəhbərliyinin “maksimal hazırlıq” barədə bəyanatları dərhal hücum anonsu kimi deyil, həm daxili auditoriyaya mesaj, həm də qarşı tərəfin reaksiyasını yoxlamaq cəhdi kimi qiymətləndirilir.
Əsas cavab ssenarisi ABŞ-ın mümkün hücumu halında İsrail ərazisinə və regiondakı Amerika hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə kütləvi zərbələrin endirilməsidir. Risk altında olan əsas bazalar sırasında Qətərdəki “Əl-Udeyd”, Bəhreyndəki “Şeyx İsa”, BƏƏ-dəki “Əl-Tafra”, eləcə də İraq infrastrukturu və potensial olaraq Türkiyədəki “İncirlik” aviabazası göstərilir.
Bununla yanaşı, İran strateqləri daha qeyri-ənənəvi variantlara da maraq göstərir. Son aylarda İsrail ərazisinə məhdud və simvolik yerüstü sızmalar ideyası yenidən gündəmə gəlib. Bu cür addımların hərbi nəticəsindən çox, psixoloji təsir yaratmaq məqsədi daşıdığı vurğulanır.
Tehran Hörmüz boğazının bağlanması təhdidinin isə yalnız son mərhələdə istifadə edilə biləcək vasitə olduğunu anlayır. Çünki dünya neft tədarükünün təxminən 20 faizi bu boğazdan keçir və bunun böyük hissəsi İranın əsas tərəfdaşları olan Çin və Hindistana yönəlir. Boğazın bağlanması ilk növbədə İranın öz iqtisadi maraqlarına zərbə vura bilər.
Açıq hərbi vasitələrlə yanaşı, İranın gizli alətlərdən, kəşfiyyat şəbəkələri və xaricdə yaradıldığı iddia olunan “yatmış hüceyrələrdən” də istifadə edəcəyi bildirilir. ABŞ və İsrail xüsusi xidmət orqanlarının son illərdə ifşa etdiyi fəaliyyətlər bu ehtimalın real olduğunu göstərir.
Lakin belə addımlar Vaşinqtonun birbaşa və sərt müdaxiləsinə səbəb ola biləcəyi üçün yüksək risk daşıyır.
Ümumi mənzərə ondan ibarətdir ki, İran cavab strategiyasını mərhələli şəkildə qurur: əvvəl raket və dron zərbələri, sonra proksi qüvvələrin fəallaşdırılması və diversiya cəhdləri, yalnız rejimin mövcudluğuna ciddi təhlükə yarandıqda isə daha genişmiqyaslı və asimmetrik vasitələr.
Ekspertlərin fikrincə, bu, sadəcə hərbi güc nümayişi deyil, siyasi və psixoloji elementlərin birləşdiyi kompleks modeldir. ABŞ və İsrail üçün əsas risk də məhz buradadır. İstənilən zərbə Tehran tərəfindən sistemin yaşamasına yönəlmiş ümumi hücum kimi qəbul ediləcək və cavab addımları əvvəlcədən hesablanmış ssenarilər üzrə atılacaq.
Beləliklə, mümkün qarşıdurma təkcə raketlərin sayı ilə ölçülmür. Uzanan hərbi kampaniya İranı mərhələli şəkildə eskalasiyaya sövq edə və bütün Yaxın Şərq üçün ciddi nəticələr doğura bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az