Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı şəhərində Təcili Tibbi Yardıma (TTY) yüksək hərarət səbəbi ilə daxil olan müraciətə rədd cavabı verilməsi vətəndaşın narazılığına səbəb olub.
Şikayətçinin Oxu.Az-a verdiyi məlumata görə, hərarətinin 40 dərəcəyə çatmasına baxmayaraq, TTY briqadaları çağırışa gəlməkdən imtina edib.
Onun sözlərinə görə, hadisə Yasamal rayonu ərazisində baş verib:
"TTY-dan mənə bildirdilər ki, qızdırma ilə bağlı çağırışlara getmirik".
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, gündüz saatlarında Təcili Tibbi Yardıma bədən temperaturunun yüksəlməsi ilə bağlı çağırışlar daxil olduqda azad briqada mövcud olduğu onlar ünvana yönləndirilir.
"Azad briqada olmadığı hallarda isə həftənin iş günləri gündüz saat 08:00-dan 18:00-dək ortayaşlı şəxslərdə (uşaqlar, hamilələr, yaşlılar və yanaşı xəstəlikləri olan şəxslər istisna olmaqla) bədən temperaturu ilə əlaqədar çağırışlar zamanı hərarətsalıcı dərman preparatlarının istifadəsi tövsiyə olunur və müraciət edənlər ərazi üzrə poliklinikaya yönləndirilirlər.
Axşam saatlarında, poliklinika fəaliyyət göstərmədikdə, eyni zamanda qeyri-iş və bayram günlərində tibbi xidmətin göstərilməsi məqsədilə təcili tibbi yardım briqadası ünvana yönləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova