Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Elnarə Akimova bildirdi ki, yeni dəyişikliklərin əsas məqsədi təhsilalanların istehsalat təlimi və ya təcrübə keçməsinin formal proses kimi deyil, real əmək fəaliyyəti kimi tanınmasını təmin etməkdir.
O bildirdi ki, bu səbəbdən artıq belə hallarda tələbələrlə müəyyən müddətli əmək müqaviləsinin bağlanmasına qanunvericiliklə icazə verilir.
Elnarə Akimova qeyd etdi ki, əmək müqaviləsi bağlandığı andan maliyyə məsələləri də avtomatik olaraq əmək qanunvericiliyinin ümumi tələblərinə tabe olur: “Tələbə təcrübə və ya istehsalat təlimi keçdiyi müəssisə ilə əmək müqaviləsi imzalayırsa, onun əməyinin ödənişi birbaşa işəgötürən tərəfindən həyata keçirilməlidir.
Əməkhaqqının məbləği, ödəniş qaydası və digər şərtlər tərəflər arasında bağlanan müqavilədə öz əksini tapır”.
Onun sözlərinə görə mövcud qanunvericilikdə bu ödənişlərin dövlət büdcəsi və ya təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı ayrıca mexanizm nəzərdə tutulmayıb.