Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Ted Lasso” serialında yaratdığı obrazla “Emmi” mükafatına layiq görülən tanınmış aktyor Ceyson Sudeykis real futbolda gücünü sınamaq şansı əldə edib.
Futbolpress.az xəbər verir ki, Litvanın “Jalgiris” (Vilnüs) klubu, Vilnüs şəhərinin turizm agentliyi “Go Vilnius” və “Laisvės TV” media şirkəti birgə kampaniya çərçivəsində aktyoru rəsmi olaraq Litvaya dəvət edib.
Planlaşdırılan layihəyə əsasən, mənşəcə litvalı olan Hollivud ulduzuna bu payız “Jalgiris”in qadın komandasında bir həftəlik baş məşqçi postu təklif olunur. O, bu müddətin sonunda komandanı Litva Qadınlar A Liqası oyununa baş məşqçi kimi çıxarmalıdır.
Təklif “Apple TV”nin populyar serialının 4-cü mövsümünün çəkilişləri ərəfəsinə təsadüf edir. Ekran işinin yeni mövsümündə Ted Lasso məhz ilk dəfə qadın futbol komandasına rəhbərlik edəcək. Kampaniya təşkilatçıları filmi reallığa çevirməyi hədəfləyirlər. Sudeykis və onun yaradıcı heyətinə taktiki azadlıq və “Jalgiris”in peşəkar məşqçilər korpusunun tam dəstəyi vəd olunur.