Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 3 fevral, AZƏRTAC
İqlim dəyişikliyi Afrikada malyariyanın yayılmasına təsir göstərə və növbəti 25 il ərzində yoluxma və ölüm hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu proqnoz “Nature” elmi jurnalında dərc olunmuş yeni bir araşdırmanın nəticələrinə əsasən verilib.
Təhlil mövcud beynəlxalq iqlim öhdəlikləri çərçivəsində modelləşdirməyə əsaslanır və ekstremal hava hadisələrinin, temperatur və yağıntı dəyişikliklərinin təsirini nəzərə alır.
Tədqiqatın müəllifləri göstərirlər ki, daşqınlar və siklonlar kimi ekstremal hava hadisələri müalicə proqramlarını pozur, evlərə zərər verir və səhiyyə xidmətlərinə çıxışı çətinləşdirir. Bu səbəbdən təbii fəlakətlər yoluxma riskini artıran əsas amil olacaq. Müəlliflərin fikrincə, bu dağıdıcı təsirlər xəstəliyin yayılması və ölüm riskinin artmasına təkan verə bilər.
Ekstremal hava hadisələri və iqlim dəyişikliyinin birgə təsirlərinin 2050-ci ilə qədər Afrikada 123 milyondan çox əlavə malyariya klinik halına səbəb olacağı proqnozlaşdırılır. Bu, dəyişməz ölüm nisbətlərini nəzərə alsaq, eyni dövrdə 500 mindən çox əlavə ölüm halı deməkdir.
Tədqiqatçılar vurğulayırlar ki, artan temperatur və dəyişən yağıntı rejimləri kimi ekosistem dəyişiklikləri malyariya vektorlarının əvvəllər iqlim şəraitinin insanların yaşaması üçün daha az əlverişli olduğu ərazilərə yayılmasını asanlaşdıracaq. Bu bölgələrə Cənubi Afrikanın aşağı enlikli qurşağı və Şərqi Afrikanın dağlıq əraziləri daxildir. Bununla yanaşı, Sahil regionunun bəzi hissələrində artan temperatur ağcaqanadlar üçün şəraiti çox isti etməklə yoluxma riskini azalda bilər.
Birbaşa iqlim təsirlərindən əlavə, tədqiqat müəllifləri qeyd edirlər ki, iqlim dəyişikliyi ekstremal hava şəraiti nəticəsində infrastrukturun məhv edilməsi səbəbindən profilaktik tədbirlərə və səhiyyə xidmətlərinə çıxışı məhdudlaşdıra bilər ki, bu da malyariyanın yayılmasına daha çox təsir göstərir.