Təhlükəli mallar bazardan geri çağırılacaq

13.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Dəyişiklik insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən mallarla bağlı görüləcək tədbirlərin hüquqi əsasını müəyyənləşdirir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin 13 oktyabr tarixli iclasında “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun layihəsi istehlak bazarında təhlükəsizliyin gücləndirilməsi və yararsız məhsulların dövriyyədən çıxarılması baxımından əhəmiyyətlidir.

V.Bayramov bildirib ki, rəsmi statistikaya əsasən, 2 588 istehlakçı müraciəti əsasında qüsurlu və yararsız mal və xidmətlərə görə sahibkarlar tərəfindən istehlakçılara ümumilikdə 382 min 915 manat geri qaytarılıb.

O qeyd edib ki, mövcud qaydalara əsasən, istehlak bazarında aparılan monitorinqlər zamanı aşkarlanan yararsız və saxlama müddəti ötmüş məhsullar qeydiyyata alınaraq dövlət qurumları tərəfindən dövriyyədən çıxarılır. Bununla belə, istehlakçıların hüquqlarının qorunması və təhlükəli malların bazardan çıxarılması üçün hüquqi bazanın daha da gücləndirilməsinə ehtiyac var.

Deputatın sözlərinə görə, qanun layihəsi ilə “Texniki tənzimləmə haqqında” Qanunun 15-ci maddəsinə yeni 15.5-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Dəyişiklik insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki reqlamentlərin şamil olunduğu mallarla bağlı tədbirlərin hüquqi əsasını müəyyənləşdirəcək.

Yeni tənzimləməyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması və zərərsizləşdirilməsi, eləcə də onların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görüləcək.

Vüqar Bayramov əlavə edib ki, həmin tədbirlərin həyata keçirilməsi qaydaları müvafiq səlahiyyətli qurum tərəfindən müəyyənləşdiriləcək. Dəyişikliklərin əsas məqsədi təhlükəli məhsulların istehlak bazarında qalmasının və insanların həyat və sağlamlığına zərər vurmasının qarşısını almaqdır.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью