Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması, eləcə də elektrikli skuter və mopedlərdə qoruyucu vasitələrdən istifadə olunmaması qəza zamanı xəsarət alma riskini dəfələrlə artırır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov vurğuladı.
Həkim nəzərə çatdırdı ki, avtonəqliyyat vasitəsinə minərkən görülməli olan ilk və ən vacib tədbir təhlükəsizlik kəmərinin taxılmasıdır:
"Təhlükəsizlik kəməri sürətin yüksək və ya aşağı olmasından asılı olmayaraq, qəza anında bədənin zədələnmə riskini təxminən 2-3 dəfə azaldır. Kəmərdən istifadə etməyən şəxslərdə ətrafların travmatizasiyası, bədənin müxtəlif nahiyələrində sümük bütövlüyünün pozulması və ağır xəsarətlərin yaranma ehtimalı 2-3 dəfə daha çox müşahidə olunur. Kəmərlə yanaşı, xüsusilə boyun nahiyəsini qoruyan başlıqların istifadəsi də son dərəcə vacibdir. Bu qoruyucu vasitələr sürət həddinin aşılması və ya qəfil dayanma zamanı başın önə və daha sonra arxaya kəskin hərəkəti nəticəsində yarana biləcək açıq və ağır baş-boyun travmalarının qarşısını almağa kömək edir".
Mütəxəssis qeyd etdi ki, döş qəfəsi və baş nahiyəsinin zədələnməsinin, bədənin önə doğru sürüşərək avtomobilin ön hissəsi ilə sıxışmasının qarşısını alan əsas və yeganə qoruyucu vasitə məhz təhlükəsizlik kəməridir.
Nuriyyə NATİQQIZI