Tehran danışıqlardan imtina edir: Savaş yenidən başlayır?

24.11.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İran hakimiyyəti ABŞ Tehranın yeddi şərtini qəbul etməyənə qədər regional razılaşma üzrə danışıqlar aparmaq niyyətində deyil.

“Bakupost” xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf açıqlama verib.

Qeyd edək ki, Tehran Livan da daxil olmaqla, regionda hərbi əməliyyatların tamamilə dayandırılması, sanksiyaların və ABŞ-ın dəniz blokadasının ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi və ölkəyə dəyən ziyana görə kompensasiya ödənilməsi kimi şərtlərlə çıxış edib.

İranın belə bir mövqe sərgiləməsi fonunda regionda proseslər hansı istiqamətdə cərəyan edə bilər?

Siyasi şərhçi Azər Hüseynov “Bakupost”a bildirib ki, İran və ABŞ arasında yeni müharibənin başlama ehtimalı ilə bağlı öncə bir neçə məqama diqqət yetirmək lazımdır:

“Birincisi, ABŞ-də Konqres seçkilərində respublikaçıların mövqelərinin zəifləməsi və seçkilərdə məğlubiyyətə uğraması bu siyasi qüvvənin nüfuzuna müəyyən dərəcədə zərbə vurub. Düşünürəm ki, belə bir vəziyyətdə qərar tamamilə Donald Trampın özündən asılı olsaydı, o, yenidən müharibəyə başlamaqda maraqlı olmazdı. Çünki bu, kifayət qədər riskli və gözlənilməz nəticələr doğura biləcək addımdır”.

Müsahibimiz əvvəlki təcrübələrə əsasən qeyd edir ki, İrana qarşı yeni hərbi əməliyyatlar ölkədə hakimiyyətin mövqelərini daha da möhkəmləndirə, cəmiyyətdə milli həmrəyliyi gücləndirə bilər:

“Üstəlik, bu günə qədər ABŞ-nin İranla qarşıdurmasında konkret və davamlı strateji nailiyyətdən danışmaq çətindir. Əksinə, müharibə ciddi iqtisadi və siyasi problemlərin yaranmasına səbəb olur”.

A. Hüseynovun sözlərinə görə, hazırda hər iki tərəf arasında yalnız hərbi deyil, həm də psixoloji və siyasi mübarizə gedir:

“Tərəflər bir-birinə təzyiq göstərməyə, qarşı tərəfin mövqeyini zəiflətməyə və danışıqlarda üstünlük qazanmağa çalışırlar”.

Bu baxımdan ekspertə görə, səsləndirilən sərt bəyanatların müəyyən hissəsini həm də zaman qazanmağa, qarşı tərəfin reaksiyasını ölçməyə və siyasi mövqeləri möhkəmləndirməyə hesablanmış addımlar kimi də qiymətləndirmək olar:

“Bununla belə, qarşılıqlı zərbələr və hərbi eskalasiya ehtimalını istisna etmək olmaz. Çünki belə qarşıdurmalarda bəzən tərəflərin ilkin niyyətindən asılı olmayaraq, hadisələr nəzarətdən çıxa və daha geniş müharibəyə çevrilə bilər. Ona görə də yaxın perspektivdə əsas məsələ tərəflərin müharibəyə nə dərəcədə hazır olması deyil, siyasi və hərbi qarşıdurmanı hansı həddə qədər davam etdirməyə razı olmalarıdır. Amma danışıqlar həmişə olacaqdır. Sadəcə daha açıq və ya daha gizli, fərqi ola bilər”.

Rüfət Sultan,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью