Tehran itirdiyi mövqelərin bərpasına çalışır ŞƏRH

29.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə son proseslər İran üçün eyni vaxtda həm ciddi təzyiqlər, həm də yeni imkanlar yaradır. Bir tərəfdən ABŞ ilə qarşıdurma, nüvə proqramı ətrafındakı gərginlik və Hörmüz boğazındakı vəziyyət Tehranın üzərindəki siyasi və iqtisadi təzyiqi artırır. Digər tərəfdən ABŞ qüvvələrinin İraqdakı mövcudluğunun azalması regionda yeni güc balansı məsələsini gündəmə gətirir.

İran bu dəyişikliklərin hər birini öz regional mövqelərini qorumaq üçün istifadə etməyə çalışır. Lakin əvvəlki illərdən fərqli olaraq Tehran artıq bütün istiqamətlərdə eyni təsir imkanlarına malik deyil.

Bu dəyişiklik ən aydın şəkildə Suriyada görünür. Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra İran Suriyada uzun illər ərzində formalaşdırdığı siyasi və hərbi təsir imkanlarının mühüm hissəsini itirib. Yeni Dəməşq rəhbərliyinin Tehranla münasibətlərin bərpasını tam istisna etməməsi müəyyən diplomatik imkan yaratsa da, bunun üçün İranın əvvəlki siyasətinə yenidən baxması və Suriyanın suverenliyinə hörmət etməsi tələb olunur. Bu isə münasibətlərin əvvəlki model üzrə bərpasının çətin olduğunu göstərir. Tehran üçün əsas məsələ artıq Suriyada dominant mövqeyə qayıtmaqdan daha çox, bu ölkənin gələcək siyasi sistemində tamamilə kənarda qalmamaqdır.

Suriyada yaranan itkilərin fonunda İraq İran üçün daha böyük əhəmiyyət qazanır. ABŞ hərbi qüvvələrinin İraqdakı mövcudluğunun azalması Tehrana yaxın siyasi və silahlı strukturların təsir imkanları barədə müzakirələri gücləndirir. İran uzun illərdir İraqda yalnız təhlükəsizlik vasitələri ilə deyil, siyasi partiyalar, iqtisadi əlaqələr və dini strukturlar üzərindən də təsir mexanizmləri qurub. Buna görə ABŞ-nin çəkilməsi avtomatik olaraq İraqın İranın nəzarətinə keçməsi demək deyil, lakin Tehran üçün manevr imkanlarını genişləndirə bilər. Eyni zamanda Bağdadın həm Vaşinqton, həm Tehran, həm də ərəb dövlətləri ilə münasibətlərdə balans yaratmaq cəhdi İranın qarşısında müəyyən məhdudiyyətlər yaradır.

Bütün bunların fonunda ABŞ-İran xəttində diplomatik kanalların tam bağlanmaması xüsusi əhəmiyyət daşıyır. Tehran və Vaşinqton arasında birbaşa etimad son dərəcə aşağı olsa da, Qətər və digər vasitəçilər üzərindən təmasların davam etdirilməsi tərəflərin qarşıdurmanın nəzarətdən çıxmasında maraqlı olmadığını göstərir. İran üçün mümkün razılaşmanın əsas məsələlərindən biri sanksiya təzyiqinin azaldılmasıdır, ABŞ isə nüvə proqramı və regional təhlükəsizlik məsələlərində konkret təminatlar istəyir. Buna görə yeni diplomatik proses əvvəlki nüvə danışıqlarından daha mürəkkəb ola bilər. Çünki artıq masada yalnız nüvə proqramı deyil, İranın regional davranışı və Yaxın Şərqdəki təhlükəsizlik arxitekturası da dayanır.

Hörmüz boğazı isə Tehranın əlində həm strateji üstünlük, həm də böyük risk olaraq qalır. İran boğaz ətrafındakı hərbi və siyasi gərginlik vasitəsilə beynəlxalq enerji bazarlarına təsir göstərə biləcəyini nümayiş etdirməyə çalışır. Lakin Hörmüzün uzunmüddətli təhlükə altında saxlanılması İranın öz iqtisadi maraqlarına, qonşu Körfəz ölkələri ilə münasibətlərinə və Çin kimi mühüm tərəfdaşlarının enerji təhlükəsizliyinə də zərbə vura bilər. Buna görə Tehran üçün Hörmüz daha çox danışıqlarda təzyiq aləti funksiyası daşıyır. Bu alətin həddindən artıq istifadəsi isə ABŞ və onun regional tərəfdaşlarının hərbi reaksiyasını gücləndirərək İranın öz təhlükəsizliyi üçün əlavə risk yarada bilər.

Beləliklə, İranın qarşısında əvvəlki regional strategiyanı olduğu kimi davam etdirməkdən daha mürəkkəb bir vəzifə dayanır. Tehran Suriyada zəifləyən mövqelərini kompensasiya etməyə, İraqdakı təsir imkanlarını qorumağa, Hörmüz vasitəsilə strateji çəkisini nümayiş etdirməyə və eyni zamanda ABŞ ilə diplomatik kanalları açıq saxlamağa çalışır. Qətərin vasitəçilik rolunun artması da İranın yalnız sərt gücə deyil, diplomatik manevrlərə daha çox ehtiyac duyduğunu göstərir. Lakin bu istiqamətlər bir-birindən ayrı deyil: Suriyadakı mövqe, İraqdakı təsir, Hörmüzdəki gərginlik və ABŞ ilə danışıqlar eyni regional güc mübarizəsinin müxtəlif hissələridir. Qarşıdakı mərhələdə əsas məsələ Tehranın hərbi-siyasi təzyiq vasitələri ilə diplomatiya arasında hansı balansı seçəcəyidir.

Alim Nəsirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью