Tehran öz dininə xəyanət edir

11.11.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özünü İslam Respublikası adlandıran bir dövlət müsəlman ibadətgahını yad millətin təbliğat alətinə çevirməyə başlayırsa, ortaya bir sual çıxır: bu dövlət Allaha ibadət edir, yoxsa siyasi maraqlarına səcdə qılır?

İran hakimiyyəti onilliklərdir özünü İslamın müdafiəçisi kimi təqdim edir. Tehrandan Əl-Əqsa məscidi, müsəlman müqəddəslərinin toxunulmazlığı və dini həmrəylik barədə gurultulu bəyanatlar səslənir.

Amma bu ritorikanın əsl dəyərini anlamaq üçün İrəvanda baş verənlərə nəzər salmaq kifayətdir.

XVIII əsrdə İrəvan xanlığının hökmdarı Hüseynəli xanın göstərişi ilə inşa edilmiş tarixi Göy məscidin təntənəli tədbirlər zalına erməni şairi Yeğişe Çarentsin adı verilib. Növbəti addım isə onun büstünün qoyulmasıdır.

Bəs xatirə lövhəsinin təntənəli açılışını kim edib? İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi!

Nə erməni millətçi təşkilatının nümayəndəsi, nə də hansısa təsadüfi məmur. Rəsmi adında "İslam" sözü olan dövlətin yüksəkvəzifəli rəhbərlərindən biri!

Tehran, sizin geosiyasi maraqlarınızdan başqa müqəddəs saydığınız nə isə qalıbmı?

Əvvəlcə dindən başlayaq.

İslam ənənəsində canlı varlıqların təsvirinə, xüsusilə onların həcmli heykəltəraşlıq təsvirlərinə ciddi məhdudiyyətlər mövcuddur. Əl-Buxarinin hədislər toplusunda 3225-ci nömrə ilə verilmiş səhih hədisdə dini kontekstdə canlı varlıqların təsvirinin yolverilməzliyindən bəhs olunur.

Ayrı-ayrı məsələlərin ilahiyyatçılar tərəfindən şərhi fərqlənə bilər. Lakin tarixi məscid kompleksinin daxilində, hətta söhbət birbaşa ibadət zalından getməsə belə, insan büstünün qoyulması belə bir qərarın İslam ənənələrinə uyğunluğu barədə ciddi suallar doğurur.

Məgər iranlı din xadimləri öz etiqadlarının əsaslarını unudublar?

Yoxsa dini qadağalar yalnız Tehranın siyasi maraqlarına uyğun gələndə qüvvəyə minir?

İndi isə tarixə müraciət edək.

Hətta İrəvanın rəsmi turizm resursu belə etiraf edir ki, Göy məscid 1765-1766-cı illərdə Hüseynəli xan tərəfindən tikilib.

Kompleksin sahəsi təxminən 7000 kvadratmetrdir. Günümüzədək gəlib çatmış minarəsinin hündürlüyü 24 metrdir. Əvvəlcə məscidin dörd minarəsi olub.

XX əsrin əvvəllərində İrəvanda yeddi məscid fəaliyyət göstərirdi. Göy məscid onlardan demək olar ki, bütövlükdə qorunub saxlanılmış yeganə məsciddir.

Bəs qalan məscidlər hara yoxa çıxıb? Nə üçün onların taleyi Tehranda Əl-Əqsanın vəziyyəti qədər narahatlıq doğurmur?

1995-ci ildə İran Ermənistanla Göy məscidin bərpası və 99 il müddətinə İran tərəfinin istifadəsinə verilməsi barədə saziş imzalayıb.

Amma tarixi abidəni bərpa etmək hüququ onun mənşəyini saxtalaşdırmaq hüququ demək deyil!

İranın xərclədiyi pullar məscidin banisinin adını dəyişə bilməz. İranlı bərpaçılar İrəvan xanlığının tarixini silə bilməzlər.

Üstəlik, bu, ilk belə hadisə deyil.

Vaxtilə işğal altında olan Şuşada Ermənistan tərəfi iranlı mütəxəssislərin iştirakı ilə Gövhər ağa məscidini bərpa edərək onu fars mədəni irsinin abidəsi kimi təqdim edirdi.

2017-ci ilin aprelində Azərbaycan Xarici İşlər Nazirliyi "Part Saman Jahan" şirkətinin bu işlərdə iştirakı ilə əlaqədar İran səfirini nazirliyə çağırmışdı.

2019-cu ilin oktyabrında məscid bərpadan sonra təntənəli şəkildə açıldı.

2020-ci ilin noyabrında isə Şuşa işğaldan azad edildi.

Tarix bir daha sübut etdi: abidənin mənşəyinə verilən siyasi yozumlar onun həqiqi tarixi irsini məhv edə bilməz.

Lakin baş verənlərin ən iyrənc tərəfi doğma yurdlarından qovulmuş azərbaycanlıların xatirəsinə və ləyaqətinə nümayişkaranə hörmətsizlikdir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına əsasən, 1988-1991-ci illərdə 198 min etnik azərbaycanlı Ermənistanı tərk edib. Azərbaycan dövlət sənədlərində isə 1988-1992-ci illər üçün daha geniş qiymətləndirmə - 250 min nəfər göstərilir.

Bu, yüz minlərlə darmadağın edilmiş insan taleyi, itirilmiş ev, viran qoyulmuş ailə ocağı deməkdir.

Həmin insanlar üçün Göy məscid turizm obyekti deyil. Bu məscid onların xalqının tarixi varlığının sübutudur.

Bu gün növbəti zərbə məhz həmin tarixi yaddaşa endirilir.

Tehranın ikili standartları isə xüsusilə dəhşətli görünür.

Söhbət Əl-Əqsadan gedəndə İran rəhbərliyi müsəlman müqəddəslərinə hörmət tələb edir. Məsələ İrəvanın Azərbaycan irsinə çatanda isə həmin rəhbərlik məscidin Ermənistan-İran mədəni siyasətinin meydançasına çevrilməsinə yardım göstərir.

Nə üçün bir müsəlman ibadətgahı qorunmağa layiq sayılır, digəri isə siyasi sövdələşmə predmetinə çevrilir?

Məgər İslamın ləyaqəti müsəlmanın milli mənsubiyyəti ilə müəyyən olunur?

Azərbaycan artıq sübut edib ki, öz torpaqlarını geri qaytarmağa, dağıdılmış məscidlərini bərpa etməyə və tarixi yaddaşını qorumağa qadirdir.

Gün gələcək, azərbaycanlıların İrəvandakı tarixi irsinə, o cümlədən Göy məscidə olan hüquqları da layiqincə tanınacaq, bu irsin qorunması beynəlxalq öhdəliklər və qanuni mexanizmlər vasitəsilə təmin ediləcək.

Tehran bir həqiqəti birdəfəlik anlamalıdır: məscidin adını dəyişmək, tarixini saxtalaşdırmaq olar, amma bir xalqı həmin məscidi kimin tikdiyini unutmağa məcbur etmək mümkün deyil!

Və nəhayət.

Siyasi nüfuz qazanmaq üçün Allahın adını dilindən düşürməyən, sonra isə müsəlman irsini diplomatik hesablaşmaların qurbanına çevirən dövlət bir suala cavab verməlidir: sizin imanınız harada bitir, riyakarlığınız harada başlayır?!

Elçin Alıoğlu

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью