Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin müdafiə naziri İsrail Katsın İranın kimyəvi silah hazırlaması və ABŞ ilə birgə mümkün hərbi əməliyyatlara hazırlıq görülməsi barədə açıqlaması Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçə biləcəyindən xəbər verir.
Kimyəvi silahla bağlı iddia müstəqil şəkildə təsdiqlənməsə də, onun məhz İsrailin müdafiə naziri tərəfindən səsləndirilməsi Tehrana qarşı siyasi və diplomatik təzyiqin artırılması baxımından əhəmiyyətlidir.
Katsın mümkün hücumla bağlı yekun qərarı ABŞ prezidenti Donald Trampın verəcəyini bildirməsi də təsadüfi deyil. İsrail İranla genişmiqyaslı hərbi qarşıdurma ehtimalında Vaşinqtonun dəstəyinə xüsusi əhəmiyyət verir. ABŞ administrasiyası isə belə bir qərarın regional təhlükəsizliyə, enerji bazarlarına və öz iqtisadi maraqlarına mümkün təsirlərini nəzərə almalıdır. Bu baxımdan hərbi hazırlıqların aparılması müharibənin qaçılmaz olduğu anlamına gəlmir.
Açıqlamanın ən diqqətçəkən məqamlarından biri “Hizbullah”ın mümkün İsrail-İran müharibəsinə qoşulmayacağı ehtimalıdır. Uzun illər ərzində İran regional təhlükəsizlik strategiyasını öz sərhədlərindən kənarda formalaşdırdığı hərbi-siyasi dayaqlar üzərində qurub. Əgər “Hizbullah” mümkün qarşıdurmada iştirak etməzsə, bu, Tehranın həmin strategiyasının effektivliyini ciddi şəkildə sual altına qoya bilər.
Suriyada Əsəd hakimiyyətinin süqutundan sonra İranın regional mövqeləri əhəmiyyətli dərəcədə dəyişib. İraqda da Tehrana bağlı silahlı birləşmələrin fəaliyyətinin məhdudlaşdırılması və onların dövlət nəzarətinə tabe edilməsi məsələsi gündəmdədir. Bütün bunlar İranın əvvəlki illərdə malik olduğu regional manevr imkanlarının daralması ilə nəticələnə bilər. Tehran üçün əsas problem yalnız hərbi potensialını deyil, uzun illər ərzində formalaşdırdığı siyasi təsir şəbəkəsini qorumaqdır.
İranın Yaxın Şərqdə üzləşdiyi çətinliklər Cənubi Qafqaz baxımından da diqqətlə izlənilməlidir. Tehranın ənənəvi hərbi təsir mexanizmlərinin zəifləməsi onun digər coğrafiyalarda dini, ideoloji, iqtisadi və informasiya vasitələrinə daha çox üstünlük verməsi ehtimalını gündəmə gətirir. Bu kontekstdə Gürcüstanda, xüsusilə Borçalı bölgəsində İranın təsir imkanları da ayrıca araşdırılmalı olan məsələlərdəndir.
Hazırkı mərhələdə əsas sual Vaşinqtonun hərbi təzyiqi diplomatik nəticə əldə etmək üçün istifadə etməsi, yoxsa birbaşa qarşıdurmaya üstünlük verməsi ilə bağlıdır. İranın regional dayaqlarının zəifləməsi onun təhlükə yaratmaq imkanlarının tamamilə aradan qalxması demək deyil. Əksinə, mövcud şərait Tehranın alternativ təsir mexanizmlərinə müraciət etməsi riskini artırır. Buna görə də İran ətrafında baş verən proseslər yalnız Yaxın Şərq deyil, Cənubi Qafqazın təhlükəsizliyi baxımından da əhəmiyyət daşıyır.
Ruslan Zəngəzur