Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın Şərqdə müharibənin sonu nə vaxt görünəcək?
Yeddinci ayına daxil olan ABŞ–İran müharibəsi son günlər yenidən təhlükəli mərhələyə qədəm qoyub. Son 72 saat ərzində həm hərbi, həm iqtisadi, həm də diplomatik müstəvidə baş verən hadisələrə nəzər yetirəndə görürük ki, tərəflər qarşılıqlı təhdidlərin dozasını artırsa da, mümkün slüh danışıqlar üçün qapını tam bağlamaq istəmirlər. Mövcud ziddiyyətli mənzərə Yaxın Şərqdəki böhranın gələcək istiqamətini müəyyən edə biləcək mühüm siqnallar verir.
Qısa bir xatırlatma edək ki, müharibənin başlanğıcından bu bayaqna əsas qarşıdurma xətti İran ərazisi, Hörmüz boğazı və Qırmızı dəniz ətrafında formalaşmışdı. Son günlər diqqət mərkəzinə yenidən Hörmüz boğazı və Yəmən cəbhəsi çıxıb. Eyni zamanda, Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində mümkün ABŞ–İran təmasları haqqında xəbərlər beynəlxalq bazarlara da öz təsirini göstərməyə başlayıb. Ən diqqətçəkən açıqlamalar isə İran İnqilab Keşikçiləri Korpusundan gəlib. Korpusun sözçüsü Hüseyn Möhibbi bəyan edib ki, Vaşinqton yeni hücuma əl atacağı təqdirdə Tehran həm istifadə etdiyi silahları, həm də müharibənin coğrafiyasını dəyişəcək. Onun sözlərinə görə, İran arsenalına daxil ediləcək yeni imkanlar “dünyanı təəccübləndirə bilər”. Möhibbinin bəyanatı təsadüfi vaxtda səsləndirilməyib. Çünki ABŞ Prezidenti Donald Tramp da İranla bağlı növbəti addımlar üzərində düşündüyünü açıqlamışdı. O, bir tərəfdən İrana qarşı daha sərt hərbi tədbirlərin mümkünlüyünü istisna etməyib, digər tərəfdən isə İran Prezidenti Məsud Pezeşkianla görüş ehtimalına açıq olduğunu bildirib. İranın “müharibənin coğrafiyasını dəyişmək” ifadəsi regionda geniş müzakirələrə səbəb olub.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, müharibənin qlobal iqtisadi təsirini artıran əsas amillərdən biri Hörmüz boğazındakı təhlükəsizlik vəziyyətidir. Burada baş verən hadisələr beynəlxalq dəniz daşımaları üçün risklərin azalmadığını göstərib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) bildirib ki, boğaza daxil olan tankerlərdən biri naməlum mərmi ilə vurulub. Nəticədə iki ekipaj üzvü yüngül xəsarət alıb. Gəmi hərəkətini davam etdirsə də, hadisə regionda enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb. Eyni zamanda İran tərəfi daha əvvəl xəbərdarlıqlara əməl etmədiyini iddia etdiyi bəzi kommersiya gəmilərinə qarşı tədbirlər gördüyünü açıqlayıb.
Müharibə başlayandan bəri Tehran Hörmüz boğazında nəzarət imkanlarını genişləndirməyə çalışır və bu marşrutu strateji təzyiq alətinə çevirmək niyyətini gizlətmir. Hörmüz boğazının əhəmiyyəti bir çoxlarına məlumdur. Dünyada daşınan neftin təxminən beşdə biri normal şəraitdə məhz bu marşrutdan keçir. Ona görə də burada baş verən hər bir insident qlobal enerji bazarlarında dərhal əks-səda doğurur.
ABŞ–İran qarşıdurmasının ən mühüm təhlükələrindən biri Yəməndə müşahidə olunur. İranın dəstəklədiyi husilər sürətli irəliləyiş əldə edərək strateji yüksəkliklərə və Qırmızı dəniz sahillərinə nəzarəti genişləndirməyə çalışırlar. “Reuters”-in məlumatına görə, məqsəd sahilyanı ərazilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında əlaqələri kəsməkdir. Husilərin uğurları Vaşinqton və Ər-Riyad arasında fikir ayrılığı yaradır. Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-dən daha fəal hərbi müdaxilə tələb etsə də, Tramp administrasiyası bu çağırışlara ehtiyatla yanaşır. Hətta “Reuters” və digər mənbələrin yaydığı məlumatlara görə, ABŞ Prezidenti husilərə qarşı hazırlanmış hava zərbələri planını son anda dayandırıb.
Bundan əlavə, Trampın Yəmən Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi ilə telefon danışığında da birbaşa hərbi dəstək vədi vermədiyi bildirilir. Bu isə Vaşinqtonun regionda yeni genişmiqyaslı hərbi əməliyyata cəlb olunmaq istəmədiyi barədə ehtimalları gücləndirib. Lakin bütün baş verənlərə baxmayaraq, Yəməndə vəziyyətin mürəkkəbləşməsi göstərir ki, münaqişə müxtəlif regional aktorların iştirak etdiyi çoxqatlı təhlükəsizlik böhranına çevrilib.
Hərbi ritorikanın sərtləşməsinə baxmayaraq, diplomatik kanalların tam bağlanmadığı görünür. BMT Baş Assambleyasının Nyu-York sessiyası çərçivəsində ABŞ və İran nümayəndələri arasında mümkün təmaslar son günlərin əsas mövzularından biridir. Prezident Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüş ehtimalını istisna etmədiyini bildirib. İran liderinin də Baş Assambleyada iştirak etmək üçün Nyu-Yorka yollanacağı açıqlanıb. Hələlik rəsmi görüşün baş tutacağına dair təsdiq yoxdur. Lakin belə bir ehtimalın özü bazarlarda müəyyən nikbinlik yaradıb. Müharibənin yeddi aydır davam etdiyi şəraitdə tərəflər arasında birbaşa təmasın baş verməsi böhranın gələcək inkişafı baxımından mühüm hadisə hesab olunur. Bununla belə, məsələyə ehtiyatlı yanaşma mütləqdir. Çünki son aylarda tərəflər arasında bir neçə dəfə dolayı diplomatik siqnallar müşahidə olunsa da, konkret nəticəyə gətirib çıxarmayıb.
Müharibənin uzanması ABŞ daxilində də siyasi müzakirələri gücləndirib. “Associated Press”-in məlumatına görə, Nümayəndələr Palatası artıq üçüncü dəfə müharibənin dayandırılmasını nəzərdə tutan qətnamə qəbul edib. Sənədin hüquqi taleyi hələ qeyri-müəyyən olsa da, addım Konqresdə narazılığın artdığını göstərir. Həm demokratlar, həm də bəzi respublikaçılar münaqişənin ABŞ üçün artan maliyyə və siyasi yük yaratdığını vurğulayırlar. Xüsusilə enerji qiymətlərinin yüksəlməsi, Yaxın Şərqdə yeni cəbhələrin açılması və qlobal ticarət marşrutlarının təhlükə altına düşməsi Vaşinqtonda narahatlığı artırır.
Nəzrin ELDARQIZI
XQ