Tehran üçün Bakı seçimi: Anladı ki, danışmaq lazımdır

10.08.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda Yaxın Şərqdə və bütövlükdə Avrasiyada yeni geosiyasi reallıqlar yaranır. “Əgər İran da bu reallıqlara uyğunlaşmaq istəyirsə, xarici siyasətində ciddi düzəlişlər etməlidir. Bu dəyişikliklərin ən mühüm istiqamətlərindən biri Azərbaycanla münasibətlərdir”, - o vurğulayıb.

O hesab edir ki, baş verən proseslər fonunda Tehran Bakının əhəmiyyətini artıq görməlidir:
“İran Prezidenti Məsud Pezeşkianın Prezident İlham Əliyevə telefon zəngi və Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə təşəkkür etməsi təsadüfi diplomatik jest kimi qiymətləndirilməməlidir. Bu zəng daha böyük və yaranan yeni reallığın göstəricisidir. Tehran getdikcə daha aydın anlayır ki, Azərbaycanı nəzərə almadan Cənubi Qafqazda, Xəzər hövzəsində və Avrasiya bağlantılarında effektiv siyasət yürütmək mümkün deyil. Çünki Bakı artıq sadəcə İranın şimal qonşusu deyil. Azərbaycan Şərq–Qərb bağlantısının mühüm həlqəsidir. Şimal–Cənub marşrutunun əsas ölkələrindən biridir. Azərbaycan Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən Orta Dəhlizin əsas dayaqlarındandır. Azərbaycan Qara dəniz və Avropa istiqamətində yeni nəqliyyat, enerji və ticarət imkanlarının formalaşmasında mühüm rol oynayır”. 

A.Əlizadə əlavə edib ki, bu baxımdan İranın qarşısında çox sadə seçim dayanır:

“Bakı ilə əməkdaşlıq edib bu imkanlardan faydalanmaq, yoxsa köhnə təzyiq ritorikasında ilişib qalmaq. İran sxı regional əməkdaşlıq istəyirsə, şimal, Avropa istiqamətində rahat çıxış əldə etmək istəyirsə, o zaman Bakı ilə hesablaşmalıdır. Tehran iqtisadiyyatını dirçəltmək, sanksiyaların yaratdığı məhdudiyyətləri azaltmaq, xarici ticarət imkanlarını genişləndirmək istəyirsə, bunun üçün yalnız daxildə deyil, xarici siyasətdə də yeni yanaşmaya ehtiyac var. İranın Avropaya, Qara dənizə, Cənubi Qafqaza və Mərkəzi Asiyaya çıxış imkanları baxımından Azərbaycanın coğrafi mövqeyi əvəzsizdir”.
Deputat həmçinin qeyd edib ki, Şərq-Qərb marşrutları, Orta Dəhliz və Şima-Cənub bağlantısı Azərbaycanın rolunu daha da artırır:

“İran bu layihələrdən daha effektiv faydalanmaq istəyirsə, Bakı ilə münasibətləri yeni strateji səviyyəyə qaldırmalıdır. Əks halda Tehran regionun ən mühüm geoiqtisadi imkanlarının bir hissəsindən kənarda qala bilər. Bu isə İranın özü üçün ciddi itki olacaq. Təzyiq dili Tehrana heç vaxt üstünlük gətirmədiyi kimi, bundan sonra da verməyəcək və əksinə bundan itirən tərəf olacaq. Çünki İranın Azərbaycanla münasibətlərində ən böyük səhvlərdən biri zaman-zaman təzyiq və hədələyici ritorikaya üstünlük verməsi olub”.

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan əvvəlki Azərbaycan deyil. “Bakı artıq yalnız hadisələrə reaksiya verən dövlət deyil. Bakı regional proseslərin istiqamətinə təsir edən aktordur. Ona görə Tehran bunu nə qədər tez qəbul etsə, özü üçün bir o qədər faydalı olar. Belə bir şəraitdə İranın qonşuları ilə münasibətlərini əvvəlki stereotiplərlə davam etdirməsi özünü təcrid etməkdən başqa bir nəticə verməyəcək. Tehran anlamalıdır ki, qonşularla normal münasibət qurmadan regional güc olmaq mümkün deyil. Bu baxımdan Bakı İran üçün rəqib deyil, imkan qapısıdır. Əslində Azərbaycanın güclənməsi İran üçün təhlükə deyil. Əksinə, düzgün siyasət aparılarsa, Azərbaycan İranın iqtisadi və geosiyasi imkanlarını genişləndirə bilər. Odur ki, Tehran üçün Bakı ilə yeni səhifə açmaq vaxtıdır və İranın qarşısında tarixi seçim dayanır. Tehran bunu görməlidir. Daha dəqiq desək, Tehran bunu artıq görür.

Məsud Pezeşkianın İlham Əliyevə telefon zəngi, Azərbaycan təşəkkür etməsi və Bakı ilə dialoqun önə çəkilməsi bunun əlamətlərindən biridir. İndi əsas məsələ bu yanaşmanın epizodik telefon diplomatiyası olaraq qalmaması, real siyasi kursa çevrilməsidir.
Yeni dövrün dili qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və milli maraqlar əsasında əməkdaşlıq dilidir. Və bu yeni reallıqda İranın qarşısında dəyişməz bir həqiqət dayanır: Bakı ilə yaxşı münasibət İran üçün seçim deyil, getdikcə daha çox strateji zərurətdir”, - o vurğulayıb.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью