Tehrandan Vaşinqtona mesaj: İran üçün prioritet danışıqlar deyil, milli müdafiədir

28.01.2026

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran hazırda ABŞ ilə danışıqlardan daha çox milli müdafiə qabiliyyətinin tam hazır vəziyyətə gətirilməsinə üstünlük verir.

Sitat.info Tasnim-ə istinadən xəbər verir ki, Qəribabadi hazırda İranla ABŞ arasında rəsmi danışıqlar prosesi mövcud olmadığını,  dolayı mesaj mübadiləsinin aparıldığını deyib. 

İran rəsmisi vurğulayıb ki, ABŞ-ın hərbi təzyiqlər vasitəsilə Tehrana danışıqlar diktə etməsi mümkün deyil: “Əgər amerikalılar nəticəsi qeyri-müəyyən olan danışıqları istəyirlərsə, İran bunu qəbul edə bilər. Lakin ABŞ bizi hərbi yolla danışıqlara məcbur edə bilməz”.

ABŞ-ın mümkün məhdud hərbi hücumu ehtimalına toxunan Qəribabadi bildirib ki, İran istənilən hücumun baş verdiyi baza və ya nöqtəni hədəf alacaq: “Bizə qarşı hücumun başladığı hər bir nöqtə cavabsız qalmayacaq. Hərbi müdaxilə ABŞ üçün asan seçim deyil, çünki onlar bilirlər ki, İranın cavabı sadəcə mütənasib olmayacaq. Cavabımız elə şəkildə planlaşdırılıb ki, gələcəkdə məhdud hücumları belə düşünməsinlər”.

Qəribabadi əlavə edib ki, hətta ABŞ ilə danışıqlar başlasa belə, İranın hərbi hazırlıq səviyyəsi azaldılmayacaq: “Düşmənin müharibə strategiyasını nəzərə alaraq deyə bilərik ki, danışıqlar bizim üçün prioritet deyil. İranın əsas prioriteti ölkəni müdafiə etməyə 200 faiz hazır olmaqdır”.

Tehran,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью