Tehranın ikibaşlı Zəngəzur siyasəti

23.06.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud iranlı generalın xəyalı gerçəklik kimi qələmə verməsi

Yenə məlum koordinat, yenə köhnə ritorika. Başı ABŞ ilə müharibədən ayılmayan İran hakimiyyətinin yüksək çinli rəsmisinin TRIPP layihəsi (Zəngəzur dəhlizi - red.) ilə bağlı bəyanatı rəsmi Tehranın həm bu prosesin gedişinə, həm də ümumiyyətlə, Azərbaycana münasibətdə qeyri-səmimi davrandığı barədə təsəvvür formalaşdırır. “Ermənistanın cənubundan keçən yolla (TRIPP) bağlı Azərbaycanla aramızda gərgin bir mərhələ olmuşdu. Lakin biz öz mövqeyimizi onlara açıq ifadə etdik. Əgər etiraf etmək gərəkirsə, Azərbaycan bu məsələdə kifayət qədər uyğun mövqe sərgilədi”.

Bu sözləri İranın Ali rəhbərinin hərbi müşaviri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı (1997–2007-ci illər) general Yəhya Rəhim Səfəvi deyib. General bildirib ki, Bakı ilə bu mövzuda yaxşı anlaşma əldə ediblər: “Azərbaycan bizə bildirdi ki, şimal sərhədlərində anti-İran iddiaları mövcud deyil və İrana qarşı heç bir layihədə yer almayacaqlar. Azərbaycan bu məsələdə geri çəkilib (?). Onlar Ermənistandan keçən yolun kimin nəzarətində olmasından asılı olmayaraq Naxçıvana yolun açılmasını istədiklərini bildirdilər”.

Y.R.Səfəvi, həmçinin onu da deyib ki, Ermənistan bu mövzuda daha radikal mövqe ortaya qoyub: “Birbaşa sərhədlərə ABŞ mühafizə xidməti adı ilə Amerika əsgərini gətirir. Ermənistan hər dəfə bizə “sizə qarşı heç bir layihədə iştirak etməyəcəyik deyir, amma addımlar bunun əksini göstərir. Xüsusilə dəhliz məntiqi ilə ərazilərin uzaq bir ölkəyə verilməsi yeni təhdid yaradır”. Daha sonra iranlı general qeyd edib ki, bölgənin məsələsini region ölkələri qarşılıqlı maraqlar çərçivəsində həll etməlidir: “Region ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlər düşmənçilik deyil, əməkdaşlıq və sabitlik üzərində qurulmalıdır. Azərbaycanla problemlərimizi müzakirə edərək həll edə bilərik və biz hazırda bunu həyata keçiririk”.

Göründüyü kimi, general Səfəvinin açıqlaması qəribə məntiqi ilə seçilir və müəyyən suallar doğurur. Əvvəla, məgər Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hansısa dəyişikliyi edib? “Azərbaycan bu məsələdə geri çəkilib” – deyəndə rəsmi Tehranın təmsilçisi nəyi nəzərdə tutur? Birləşmiş Ştatlarla gərgin danışıqlar dövründə olan ölkənin ali nümayəndəsinin qonşu ölkənin ünvanına belə radikal açıqlamasının diplomatik izahı varmı? Doğrudanmı Tehran indiki durumunda TRIPP marşrutuna əngəl ola biləcəyini düşünür? Axı, rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu marşrut beynəlxalq əhəmiyyət daşıyır. Yəni Tehran rejiminin pozuculuğu layihənin reallaşmasının qarşısını ala bilməz.

Bununla bağlı XQ-yə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov indiki həssas məqamda İranın Ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvinin dili ilə Zəngəzur dəhlizi ilə bağlı rəsmi Tehranın səsləndirdiyi məlum bəyanatın müəyyən suallar doğurduğunu vurğuladı: “Hesab edirəm ki, bu suallar həm Azərbaycan, həm də Ermənistan tərəfindən cavablar tələb edir. Bunu dəfələrlə demişik: Azərbaycan heç vaxt heç bir dövlətin, o cümlədən qonşu ölkələrin ərazilərinə iddia irəli sürməyib. Üstəlik, rəsmi Bakı onların maraqları ilə üst-üstə düşməyən addımlar atmayıb. Burada söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaradacaq dəhlizdən gedir. Əslində, həmin dəhliz uzun illər boyu funksional fəaliyyət göstərib, indi, sadəcə olaraq, onu bərpa ermək istəyirik. Aydın məsələdir ki, əlaqənin bərpa variantı Azərbaycanın maraqlarına cavab verən proses olmalıdır. Buna Ermənistan hökuməti də da anlayışla yanaşır. Əgər indi iranlı general iddia edirsə ki, məlum layihə rəsmi Tehranın maraqlarına ziddir, çünki əraziyə kənar qüvvələr, xarici şirkətlər cəlb olunacaq, bu, artıq onların öz işləridir. Ehtiyac görürlərsə, yoxlasınlar, təhlil etsinlər. Axı, o ərazi üzərindən sərnişinlərin və yüklərin daşınmasına mülki şirkət nəzarət edəcəksə, bu marşrut ABŞ Prezidenti, D.Trampın adını daşıyacaqsa, buradan heç də o nəticə hasil olmamalıdır ki, layihə İrana qarşı atılan hansısa addımdır. Rəsmi Tehran bunu məhz bu cür başa düşməli və düzgün, sağlam yanaşma ilə qiymətləndirməlidir”.

***

Ekspertin qeyd etdiyi kimi, öz qonşularına münasibətdə Azərbaycanın mövqeyində hər hansı dəyişiklik baş verməyib. General Səfəvinin söylədikləri anlaşılmaz olduğu qədər də ikibaşlıdır. TRIPP layihəsi ilə bağlı gerçəklik ondan ibarətdir ki, Tehranın bu məsələdə Ermənistanla bağlı narahatlıqları daha çoxdur. İİR-in özünə “düşmən” hesab etdiyi gücləri bölgəyə Azərbaycan deyil, özlərinə qardaş sandıqları haylar dəvət edib. General Yəhya Rəhim Səfəvi zəhmət çəkib bu suala cavab versin: onun özünün də daxil olduğu hakimiyyətin SEPAH qanadı “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” bəyanatını verəndə nəyi nəzərdə tuturdu? Azərbaycan Zəngəzur dəhlizi mövzusunda bugünədək ikibaşlı deyil, şəffaf və konkret mövqe nümayiş etdirib. Bəli, Azərbaycan haqqı çatanı tələb edir: Naxçıvana quru yol, maneəsiz gediş-gəliş təmin edilsin! Artıq transmilli TRIPP marşrutuna, beynəlxalq yükdaşımalar logistikasına çevriləcək dəhlizin reallaşmasında hansı güclərin maraqlı olduğunu isə Tehran Bakıdan yaxşı bilir.

Fikirlərini davam etdirən professor F.Sadıxov birmənalı şəkildə bildirdi ki, İran hakimiyyətinin məsələyə bu tərzdə yanaşması Azərbaycanın maraqları ilə daban-dabana ziddir: “Bu müstəvidə əsas oyunçu Ermənistandır. Ona görə ki, birincisi, bu marşrut onun ərazisindən keçəcək. Dəhlizin kimin adını daşıması isə simvolik məna kəsb edən məsələdir. Marşrutun normal fəaliyyət göstərməsi üçün ABŞ və Ermənistan şirkətləri imzaladıqları razılaşmaya əsasən müəyyən işləri görəcəklər. Yəni burada gizli heç nə yoxdur. Bəs İran prosesin indiki həlledici mərhələsində öz maraqlarına qarşı hansı təhlükəni görür? Açığı, bunu başa düşmək çox çətindir. İkinci məsələ isə marşrutun çəkilməsi zamanı müəyyən texniki problemlərin yaranacağı təbiidir. Amma rəsmi Tehranın bu zaman öz maraqları kontekstində hansısa addımları atacağı gözləniləndir. İntəhası, bu ona gətirib çıxarmamalıdır ki, Azərbaycan Naxçıvana yolun açılmasını yenə neçə illər gözləməlidir”.

Ekspert onu da bildirdi ki, əgər rəsmi Tehran bu marşrutun başqa cür adlanmasını, yaxud ABŞ şirkətinin prosesə cəlb olunmamasını istəyirdisə, bunu Ermənistana və Qarabağdakı separatçı rejimə hərtəfəli yardım göstərəndə fikirləşməli idi: “Yəni ədalətli mövqeyi o zaman sərgiləyərdi. Zəngəzur dəhlizinin açılması ilə bağlı İran özü səy göstərməli idi. Azərbaycan Prezidentinin dediyi kimi, bu marşrut mütləq açılacaq. Sadəcə olaraq, müvəqqəti maneçilik cəhdləri bu işi ləngidə bilər”.

İranın Ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvinin açıqlaması təsadüfi sayıla bilməz. Aydın məsələdir ki, İran narahatdır və bunu bu formada büruzə verir. Tehran rejimi yaxşı anlayır ki, TRIPP layihəsi onun beynəlxalq yükdaşımalarda payını azalda, rolunu zəiflədə bilər. İntəhası, Bakı və İrəvan dəfələrlə qeyd ediblər ki, Zəngəzur dəhlizindən İran da yararlana bilər. Bu fürsəti düzgün qiymətləndirmək əvəzinə, Hörmüz boğazı kimi beynəlxalq təzyiq alətinə malik cənub qonşumuzun Zəngəzura görə narahatlığı məntiqsiz görünür. Bu marşrut mütləq açılacaq. Ona görə rəsmi Tehran yersiz inadkarlıq göstərməyi buraxıb, bu beynəlxalq layihədən faydalanmaq barədə düşünsün, daha heç bir effekti olmayan təhdid ritorikasını da bir kənara qoysun...

İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью