Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
İran Rusiya ilə "S-400" zenit-raket komplekslərinin satın alınmasına dair danışıqlar aparır.
"Bakupost" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ölkənin ali lideri Müctəba Xameneinin bu sistemlərin tədarükü ilə bağlı xahişinin yer aldığı məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Bu yolla Tehran ABŞ və İsrailin dağıdıcı zərbələrindən sonra hava hücumundan müdafiə sistemini bərpa etməyə ümid edir.
İddialara görə, Moskva Ukraynadakı hərbi ehtiyaclarını nəzərə alaraq "S-400" komplekslərinin tədarükünə könülsüz razılıq verə bilər.
Hərbi ekspert Üzeyir Cəfərov “Bakupost”a bildirib ki, İranın Rusiyadan S-400-ləri almaqla bağlı apardığı danışıqlar heç bir nəticə verməyəcək:
“S-400-lər artıq günün tələblərinə tam cavab verməyən zenit-raket kompleksidir. Türkiyə S-400-in üçüncü ölkəyə satılması ilə bağlı Moskva ilə razılıq əldə edib. Böyük ehtimalla bu üçüncü ölkə Yaxın Şərq ölkələrindən biri olacaq. Həmin raket kompleksi əhəmiyyətli dərəcədə vacib olsaydı, Türkiyə onu satmazdı”.
Müsahibimiz deyir ki, hətta Tehran S-400-ləri alsa da belə, bu ABŞ üçün heç bir problem yaratmayacaq:
“Bu gün səhər saatlarında verilən məlumata görə, ABŞ İranın hava hücumundan müdafiə bazaları və radarları sıradan çıxarıb. Deməli, İran həmin bazalarını tam qorumaq imkanında deyil. S-400, S-500-lər Rusiyanın belə dadına çatmaq gücündə deyil. Dron hücumları Rusiyaya böyük çətinliklər yaşadır. Hesab edirəm ki, Moskva qarşıdakı aylarda daha böyük çətinliklərlə baş-başa qalacaq. Ona görə müharibə aparan bir ölkə kimi Rusiya S-400-ləri İran və yaxud digər bir ölkəyə satmağa tələsməz. Çünki apardığı müharibə plan üzrə getmir”.
Ekspertin sözlərinə görə, İrana S-400-lər olsa-olsa gələn ilin birinci yarısına tədarük edilə bilər:
“Bu da vaxt itkisidir. Bütün hallarda ABŞ üçün bunun heç bir fərqi yoxdur”.
Rüfət Sultan,
BakuPost