Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın noyabrın 22-də TRIPP layihəsinin icrasına başlaması gözlənildiyi kimi, İrandan və Rusiyadan etirazların səslənməsinə səbəb olub. Hər iki ölkə Zəngəzur dəhlizinin reallaşmasını özlərinin regional və təhlükəsizlik maraqlarına zidd hesab edir. Baş nazir Nikol Paşinyanın “Tramp marşrutu”nda ABŞ-nin hərbi iştirakını istisna edən açıqlaması da məhz bu narazılığı səngitməyə hesablanıb. Paşinyan Ermənistanın İranın “qırmızı xətt”ini keçməyəcəyini deyib: “TRIPP mövzusunda İranla daimi əlaqədəyik”-deyə hökumət başçısı əlavə edib.
Ermənistanın Baş nazirinin bu sözləri TRIPP məsələsində İranın maraqlarının nəzərə alınacağı, yəni dəhliz boyunca ABŞ-nin hərbi strukturlarının yer almayacağına zəmanət verməsi kimi başa düşülə bilər. ABŞ və İran arasında aktiv müharibənin davam etdiyi bir vaxtda Zəngəzur dəhlizinin təhlükəsizliyinin təminatına Tehran strateji məsələ kimi diqqət yetirir. Halbuki, TRIPP sadəcə, kommersiya layihəsidir və üçüncü dövlətə qarşı yönəlməyib.
Bu dəhlizin təhlükəsiz hərəkət marşrutu olmasında Azərbaycan özü də maraqlıdır. Çünki Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında hərəkətin maneəsiz və təhlükəsiz hərəkətin təmin edilməsi rəsmi Bakının əsas şərtlərindən biri hesab edilir.
Digər tərəfdən, TRIPP layihəsinin həyata keçirlməsinə dair ABŞ və Ermənistan arasında imzalanmış çərçivə sənədinə görə, təhlükəsizliyin təminatı İrəvana həvalə edilib. Ona görə də Zəngəzur dəhlizinə ABŞ qoşunlarının yerləşdiriləcəyinə dair bəyanatlar absurd səslənir. Məsələ burasındadır ki, İran tərəfi “qırmızı xətt” dedikdə yalnız, “Tramp marşrutu”nun hansı dövlət tərəfindən mühafizə ediləcəyini nəzərdə tutmur.
Ermənistan hökuməti dəfələrlə ABŞ hərbçilərinin İranın şimal sərhədlərində yerləşməsinə imkan verməyəcəyinə zəmanət versə də, Tehran buna inanmır. İran ümumiyyətlə, Zəngəzur dəhlizinin özünün mövcudluğunu “qırmızı xətt” hesab edir. Qeyd edək ki, İranın keçmiş ali lideri Ayətullah Seyid Əli Xameneyi 2022-ci ilin dekabr ayında Zəngəzur dəhlizini “qırmızı xətt” elan edəndə nə TRIPP layihəsi var idi, nə də ABŞ bu marşrutun açılmasında maraqlı idi.
Yəni rəsmi Tehranın iddilarına görə, Zəngəzur dəhlizinin timsalında alternativ ticarət marşrutlarının işə düşməsi İranın iqtisadi və geosiyasi cəhətdən boğulmasına gətirib çıxara bilər. İranın son günlər Naxçıvan MR ilə sərhəddə zirehli texnika və ordu cəmləşdirməsinə də məhz “Tramp marşrutu”nu əngəlləmək planının tərkib hissəsi kimi baxılmalıdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin