Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimatına uyğun olaraq, ölkənin bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyunun 13-də keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.
Bildirilib ki, "Son zəng"in təşkili qaydalarını əks etdirən təlimatlar məktəblərə göndərilib, həmçinin şagirdlər, müəllimlər və valideynlərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparılıb.
Təlimata əsasən, tədbirlər məktəblərin həyətyanı sahəsində, belə imkan olmayan təhsil müəssisələrində isə akt və ya idman zalında təşkil edilməlidir. "Son zəng" mərasimləri səhər saat 08:00, 09:00 və ya 10:00-da başlamalı, maksimum iki saat davam etməlidir.
Məzunların tədbirdə məktəbli formasında iştirak etməsi tələb olunur. Onların xarici görünüşü təhsil müəssisəsinin daxili intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Tədbirlər zamanı bayağı musiqilərin səsləndirilməsinə icazə verilməyəcək.
Qeyd olunub ki, mərasim üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış ssenari tərtib edilməli, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamalıdır. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Həmçinin tədbirə qatılan rəsmi şəxslər üçün xüsusi hazırlıq işlərinin görülməsi nəzərdə tutulmur. Masalarda yalnız içməli su yerləşdirilməli, onlara gül dəstəsi və ya hədiyyə təqdim edilməməlidir. Tədbirin bədii hissəsi isə yalnız məktəbin daxili imkanları hesabına təşkil olunmalıdır.