Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qiyabi təhsil alan oğlan tələbələrin hərbi xidmətə çağırışı və ali təhsillərini başa vurmaq imkanları müzakirə mövzusudur. Bəzi ekspertlər bu tələbələrə möhlət verilməsinin əleyhinə çıxır, digərləri isə onların təhsillərini davam etdirmələri üçün şərait yaradılmasının vacibliyini vurğulayırlar.
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov da qiyabi təhsil alan tələbələrə hərbi xidmətdən möhlət verilməsinin tərəfdarıdır.
O, Redaktor.az-a açıqlamasında bildirdi ki, qiyabi təhsil alan oğlan tələbələrə ali təhsillərini başa vurmaqda yardımçı olmaq lazımdır:
“Qiyabi təhsil alan oğlan tələbələrə ali təhsillərini başa vurmaqda yardımçı olmaq lazımdır. İndi deyə bilərlər ki, onlar qiyabi təhsil alırlar. Amma istənilən halda, bu şəxslər təhsil almaqla həm özləri, həm də dövlət və xalq üçün faydalı olmağa çalışırlar. Ona görə də qiyabi təhsil alan tələbələrin təhsillərini başa vurmalarına şərait yaradılmalı və bu məsələ öz müsbət həllini tapmalıdır”.
Müsahibimiz qeyd etdi ki, Azərbaycanda həm ali, həm də peşə təhsilinə maraq artır:
“Bəzən məni də daha çox liberallıq nümayiş etdirməkdə günahlandırırlar. Amma kimisə ali təhsil alır, bundan əlavə isə son vaxtlar Azərbaycanda peşə təhsilinə də böyük maraq olduğunu görürük. Ayrı-ayrı bölgələrdə bu istiqamətdə mühüm addımlar atılır. Məsələn, ölkə başçısı Lənkəranda Lənkəran Peşə Təhsili Mərkəzinin açılışında şəxsən iştirak etdi və öz xeyir-duasını verdi. Qarabağda da peşə təhsili müəssisələri yaradılır.
Məhz buna görə hesab edirəm ki, təkcə əyani təhsil alan oğlanlara deyil, qiyabi təhsil alan tələbələrə də şərait yaratmaq lazımdır ki, onlar ali təhsil imkanlarından yararlana bilsinlər. Çünki bu şəxslər təhsil almaqla gələcəkdə dövlətə və xalqa faydalı, dəyərli vətəndaş olmaq üçün öz potensiallarını reallaşdırırlar”.
Müsahibimiz əlavə etdi ki, yanvarın 1-dən hərbi xidmətə çağırış başlayacaq:
“Əlbəttə ki, 2027-ci ilin ən azı birinci yarısında bu məsələni reallaşdırmaq çətin olacaq. Amma 2027-ci il ərzində müvafiq qurumlar, Milli Məclisin Elm və təhsil komitəsi və güc strukturları ilə birlikdə məsələni müzakirə edib əsaslandıraraq qiyabi təhsil alan oğlan tələbələrin hərbi xidmətə çağırışı ilə bağlı vahid qərara gələ bilərlər. Bu, həm də oğlan tələbələr üçün stimul olar. Onlar görərdilər ki, təkcə əyani deyil, qiyabi təhsildən yararlandıqları halda da dövlət tərəfindən müəyyən güzəştlər və imkanlar tanına bilər”.
Polkovnik hesab edir ki, hərbi xidmət qiyabi təhsil alan oğlanların bilik və bacarıq qazanmalarına, gələcəkdə dövlətə və xalqa xidmət etmələrinə mane olmamalıdır:
“Çünki qiyabi təhsil almaq istəyən şəxsdə belə bir narahatlıq yaranır: təhsil alsam, məni hərbi xidmətə aparacaqlar. Bu da müəyyən diskomfort yaradır. Halbuki qiyabi təhsil də təhsilin bir formasıdır və Azərbaycanda bu məsələyə də diqqət yetirilməlidir”.
Xədicə BAXIŞLI