Icma.az, Sherg.az saytına istinadən bildirir.
Təhsilimizdə xeyli problemlər qalaqlandığı bir vaxtda Təhsil Ekspertləri Mərkəzi yaradılıb. Bu Mərkəz nəylə məşğul olacaq, təhsilimizdə yığılıb qalan problemləri həlll edə biləcəkmi? Qeyd edək ki, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli də Mərkəzin 10 nəfərlik İdarə Heyətinin üzvüdür.
Ə.Həsənli Sherg.az-a açıqlamasında Mərkəzin hansı istiqamətdə fəaliyyət göstərəcəyini qısaca izah etdi:
- İlk növbədə ölkədə təhsil sahəsində baş verən proseslərin peşəkar müzakirəsini təşkil etmək, ictimai rəyin formalaşmasına töhfə vermək və təhsil gündəmini ekspert mövqeyindən işıqlandırmaq məqsədi daşıyır. Bunları nəzərə alaraq təhsil mütəxəssislərindən və peşəkar menecerlərdən ibarət sədrlə birlikdə 11 nəfərlik “Təhsil Ekspertləri Mərkəzi” yaradılıb. Mərkəzdə təhsil ictimaiyyətinə yaxşı tanış olan, uzun illərdir təhsil məsələləri ilə bağlı açıqlamaları, təhlilləri, mövqeləri və media fəaliyyəti ilə seçilən şəxslər fəaliyyət göstərəcək. Çalışacağıq ki, mövcud problemlərin həlli istiqamətində təkliflər irəli sürülsün, cəmiyyətin diqqəti vacib təhsil məsələlərinə yönəlsin. Təhsildə həyata keçirilən islahatlar, qəbul edilən qərarlar, mövcud problemlər, yeni təşəbbüslər, gələcək inkişaf perspektivləri müzakirə ediləcək. Və təhsilimizin müxtəlif istiqamətləri üzrə ekspert rəyləri, analitik materiallar və təkliflər ictimaiyyətə təqdim ediləcək. Hesab edirik ki, təhsilin inkişafı yalnız qərarların qəbulu ilə məhdudlaşmamalıdır. Bu qərarların peşəkar müzakirəsi, fərqli yanaşmaların dinlənilməsi və sağlam ictimai dialoqun qurulması da eyni dərəcədə vacibdir.