Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Təhsil siyasəti elmi tədqiqatdan məhrum ediləndə bu sistem necə idarə oluna bilər?
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “ Təhsil elmlərinə niyə qrant ayrılmır? ” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycanın elm siyasətində son günlər diqqət çəkən hadisələrdən biri Azərbaycan Elm Fondunun “Əsas Qrant Müsabiqəsi – 2026” nəticələrinin elan edilməsidir. Müsabiqəyə 192 layihə təqdim olunub, ekspertizadan sonra 22 layihə qalib elan edilib. Fond layihələrin peer-review və merit review prinsipləri əsasında qiymətləndirildiyini bildirir.
Bu nəticələrin özü mühüm sual doğurur: qalib layihələr arasında davamlı olaraq təhsil elmləri üzrə tədqiqatların olmaması təsadüfi haldır, yoxsa Azərbaycan elmi maliyyələşdirmə sistemində təhsil elmlərinin struktur baxımdan kifayət qədər prioritet olmamasıdır?
Açıq rəsmi mənbələr əsasında deyə bilərik ki, təhsil elmlərinə 30 il ərzində çox cüzi qrantlar verilib, Buna görə bu məsələ emosional ittiham deyil, sadəcə nazirliyin yürütdüyü təhsil siyasətinin elmi əsaslardan məhrum olmasının sübutudur. Əsl problem də məhz budur.
Təhsil haqqında qərarlar hansı elmi bazaya əsaslanır?
Təhsil sistemi ölkənin ən böyük sosial sistemlərindən biridir. Milyonlarla insanın həyatına təsir edən qərarlar qəbul edilir: kurikulum dəyişdirilir, müəllim hazırlığı yenilənir, qiymətləndirmə sistemi dəyişir, qəbul qaydaları dəyişir, məktəbin yeni modelləri tətbiq olunur, rəqəmsal platformalar yaradılır, süni intellekt təhsilə daxil edilir, ali təhsilin strukturu dəyişdirilir, yeni ixtisaslar açılır, müəllimlərin sertifikasiyası aparılır, dərsliklər hazırlanır, təhsil nəticələri beynəlxalq qiymətləndirmələrlə müqayisə edilir.
Bəs bu qərarların nə qədəri Azərbaycan şəraitində aparılmış müstəqil, empirik, metodoloji cəhətdən güclü təhsil tədqiqatlarına əsaslanır? Məsələnin ən ağrılı tərəfi də budur.
Əgər təhsil siyasəti elmi tədqiqatla dəstəklənmirsə, islahatlar getdikcə “nə etmək lazımdır?” sualından “nəyi sınayaq?” məntiqinə keçə bilər. Ona görə də nazir deyirdi ki, biz nə etmək lazım olduğunu bilirik, necə etmək lazım olduğunu bilmirik. Niyə? Bəs ARTİ nə ilə məşğuldur?
Müasir təhsil siyasətinin əsas prinsipi təhsil siyasəti → tədqiqat → pilot → ölçmə → qiymətləndirmə → miqyaslaşdırma olmalıdır. Bizdə isə bəzən proses belə görünür: qərar → tətbiq → nəticə → yeni qərar. Bu 2 model arasındakı əsas fərq elmi sübutdur.
1. Elm Fondunun nəticələri nə deyir?
Azərbaycan Elm Fondu (AEF) “Əsas Qrant Müsabiqəsi – 2026” üzrə 192 layihənin təqdim edildiyini, 22 layihənin qalib seçildiyini bildirir. Qiymətləndirmə zamanı elmi aktuallıq və yenilik, metodologiya, gözlənilən nəticələr, tətbiq perspektivləri və komandanın elmi potensialı nəzərə alınıb. Bu nəticə müsabiqənin metodoloji baxımdan müəyyən standartlara söykəndiyini göstərir. Lakin təhsil elmləri üzrə layihələrin qaliblər arasında görünməməsi sual yaradır: təhsil elmləri bu müsabiqənin prioritetləri arasında var idimi?
Əgər deyildisə, problem Elm Fondunun ekspertizasında deyil, prioritetlərin müəyyənləşdirilməsindədir. Əgər daxil idisə, nə üçün təhsil elmləri üzrə təqdim olunan layihələr qalib gələcək elmi səviyyədə olmayıb ? Bu halda məsələ artıq təhsil elmləri üzrə tədqiqatların elmi səviyyəsi, alimlərin potensialı, layihə hazırlamaq imkanları, metodoloji hazırlıq və beynəlxalq rəqabət qabiliyyəti ilə bağlı ola bilərdi.
Yəni burada üç müxtəlif ehtimalı bir-birindən ayırmaq lazımdır:
• prioritet yox idi → maliyyələşmə mexanizmi problemi,
• prioritet var idi, layihə az idi → tədqiqat potensialı problemi,
• layihələr var idi, amma keçmədi → keyfiyyət və ekspertiza problemi.
Bunların hər üçü müxtəlif siyasət tələb edir.
2. Təhsil elmləri “yumşaq elm” deyil
Azərbaycan təhsil elmlərinə münasibətdə ciddi konseptual problem yaşayır. Bəzən təhsil elmləri digər elm sahələrindən fərqli olaraq “praktiki sahə” kimi qəbul edilir. Halbuki müasir dünyada təhsil elmləri müstəqil elmi tədqiqat sahəsidir.
ABŞ-da Təhsil Elmləri İnstitutu (Institute of Education Sciences (IES)) ayrıca federal elmi tədqiqat infrastrukturu kimi fəaliyyət göstərir. 2025-ci ildə onun təhsil tədqiqatları qrantı (Education Research Grants) proqramı həm fundamental, həm də tətbiqi tədqiqatları maliyyələşdirirdi. Proqram təlim və öyrənmə nəzəriyyələrini, təhsil sistemlərinin təşkilini, qiymətləndirməni, innovativ proqramların pilotlaşdırılmasını, müdaxilələrin təsirinin ölçülməsini, siyasət və proqramların effektivliyini əhatə edirdi.
Daha maraqlısı budur ki, ABŞ-da təhsil elmləri üçün yalnız adi qrant proqramı yoxdur. IES ayrıca Təhsil Tədqiqatları Qrantları (TTQ), Təhsil Elmləri Sahəsində Transformativ Tədqiqatlar, Təhsil Tədqiqat və İnkişaf Mərkəzləri, Təhsil Elmləri üzrə Tədqiqat Təlim Proqramları, metodologiya qrantları, gənc tədqiqatçı proqramları maliyyələşdirir. Bu, təsadüfi yanaşma deyil. Çünki dövlət bilir ki, təhsil sistemini yaxşılaşdırmaq istəyirsənsə, təhsilin özünü elmi tədqiqat obyektinə çevirməlisən.
Rusiyada isə təhsil elmləri “ Rusiya Təhsil Akademiyası”nın tərkibində olan 35 ETİ, regionalarda və universitetlərin tərkibində olan yüzdən çox “Təhsil İnstitut”ları ilə təmsil olunublar.
3. ABŞ modeli bizə nə deyir?
ABŞ təcrübəsində çox mühüm bir prinsip var: Təhsil siyasəti tədqiqat üçün sifarişçi ola bilər. Məsələn, IES tədqiqatlardan yalnız akademik məqalə gözləmir, tədqiqatlar problem → nəzəriyyə → metod → müdaxilə → ölçmə → nəticə → siyasət/praktika zəncirinə bağlanır. Bu, təhsil elmlərinin əsas xüsusiyyətlərindən biridir.
Tədqiqatçı yalnız “Problemin səbəbi budur” demir, həm də “problemi azaltmaq üçün hansı müdaxilə işləyir, hansı şəraitdə işləyir və hansı xərc hesabına işləyir?” sualına cavab axtarır.
IES-in 2025-ci il proqramlarında hətta innovativ təhsil proqramlarının pilotlaşdırılması və onların effektivliyinin ölçülməsi ayrıca maliyyələşdirilir.
Bu yanaşma Azərbaycan üçün xüsusilə əhəmiyyətli ola bilərdi.
4. Qazaxıstan təcrübəsi daha yaxın müqayisədir
Azərbaycan üçün ABŞ-la müqayisə faydalıdır, amma Qazaxıstanla müqayisə daha real təşkilati dərs verə bilər. Qazaxıstanda elmi tədqiqatların dövlət tərəfindən maliyyələşdirilməsi baza maliyyələşməsi, qrant maliyyələşməsi, proqram-məqsədli maliyyələşmə kimi mexanizmləri əhatə edir. Qanunvericilikdə qrant maliyyələşməsi elmi tədqiqatların səviyyəsinin, elmi-texniki potensialın və elmi kollektivlərin rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqələndirilir.
Daha əhəmiyyətli məsələ budur ki, Qazaxıstan son illərdə qrant müsabiqələrini illik əsasda keçirməyə yönəlib. Rəsmi məlumatda 2025–2027-ci illər üçün qrant müsabiqəsinə 2244 müraciətin təqdim edildiyi göstərilir, 2026–2028-ci illər üçün isə 3038 müraciət daxil olub. 2025–2027-ci illər üçün ayrıca gənc alimlərin qrant maliyyələşməsi müsabiqəsi də keçirilib, 580 müraciət təqdim edilib. Bu, elmin maliyyələşdirilməsini təkcə “bir müsabiqə keçirdik” səviyyəsində deyil, davamlı tədqiqat ekosistemi kimi qurmaq cəhdidir.
5. Qazaxıstanın öz problemi də maraqlıdır
Qazaxıstan nümunəsini ideallaşdırmaq düzgün olmaz. Əksinə, Qazaxıstanın 2022–2026-cı illər üçün təhsil inkişaf konsepsiyasında çox ciddi problem etiraf olunur: universitetlərin qrant tədqiqatlarının mövzuları təhsil təşkilatlarının real ehtiyaclarından uzaqdır və empirik tədqiqatların kifayət qədər olmaması pedaqoqun peşəkar inkişafı haqqında elmi düşüncəni formalaşdırmır. Bu, Azərbaycan üçün çox ciddi dərsdir. Deməli, sadəcə “təhsilə qrant ayıraq” demək kifayət deyil. Təhsil elmləri qrantlarının özü də real problem + empirik məlumat + güclü metodologiya + praktik nəticə prinsipinə əsaslanmalıdır.
6. Təhsil elmləri qrantı nəyi maliyyələşdirməlidir?
Azərbaycanda ayrıca “Təhsil Elmləri üzrə Milli Tədqiqat Qrantları Proqramı” yaradılmalıdır. Prioritetlər təxminən belə ola bilər:
• Öyrənmə nəticələri: oxu-anlama, riyazi savadlılıq, elmi savadlılıq, 21-ci əsr kompetensiyaları.
• Müəllim tədqiqatları: müəllim kompetensiyaları, müəllim 4.0, müəllim agentliyi, peşəkar inkişaf, müəllim rifahı.
• Sİ və təhsil: Sİ tutor, Sİ müəllim köməkçisi, fərdi öyrənmə, Sİ etikası, Sİ savadlılığı, Sİ-nin öyrənmə nəticələrinə təsiri.
• Təhsil siyasəti: təhsil islahatlarının qiymətləndirilməsi, dövlət proqramlarının təsir analizi, maliyyələşdirmə modelləri, məktəb muxtariyyəti, təhsil bərabərliyi.
• Ali təhsil: Universitet 4.0, tələbə nəticələri, akademik keyfiyyət, əmək bazarı, universitet–sənaye əməkdaşlığı.
• Rəqəmsal transformasiya: rəqəmsal pedaqogika, təhsil analitikası, rəqəmsal yetkinlik, LMS, adaptiv öyrənmə.
• Qiymətləndirmə: milli qiymətləndirmə, PISA/PIRLS/TIMSS, formativ qiymətləndirmə, kompetensiya qiymətləndirməsi.
• Təhsil iqtisadiyyatı: təhsilə investisiyanın gəlirliliyi, maliyyələşdirmə modelləri, insan kapitalı, regional təhsil bərabərsizliyi.
7. Ən vacib məsələ təhsil siyasəti üçün “tədqiqat sifarişi”nin yoxluğudur
ETN yalnız qrant ayırıb, tədqiqatçı gözləsə bu nəticəsiz olar. ETN özü tədqiqat sualları formalaşdırmalıdır. Məsələn, hansı müəllim hazırlığı modeli şagird nəticələrinə daha çox təsir edir? Süni intellektdən istifadə şagirdin müstəqil düşünmə qabiliyyətini hansı şərtlərdə artırır? Məktəblərin maliyyə muxtariyyəti təhsil nəticələrinə necə təsir edir? 3 illik bakalavr modelinin müxtəlif ixtisaslarda öyrənmə nəticələrinə təsiri nədir? Müəllim sertifikasiyasının real tədris praktikasına təsiri varmı? Bunların hər biri təhsil siyasətinin elmi suallarıdır. Bu sualların cavabı isə sadəcə konfrans məruzəsi ilə deyil, empirik tədqiqatla alınmalıdır.
8. Təhsil elmləri üzrə qrantın xüsusi statusu olmalıdır
Burada fundamental maliyyə mexanizmi məsələsi yaranır. Təhsil elmləri kimya, fizika, biologiya, mühəndislik, informasiya texnologiyaları ilə eyni metodoloji mühitdə rəqabət apara bilər. Lakin təhsil tədqiqatlarının məhsulu çox vaxt patent, cihaz, texnologiya, laboratoriya prototipi olmur. Onun məhsulu yeni pedaqoji model, qiymətləndirmə aləti, kurikulum modeli, müəllim hazırlığı modeli, təhsil siyasəti modeli, empirik məlumat bazası, öyrənmə müdaxiləsi, təsir qiymətləndirməsi ola bilər. Deməli, yalnız “kommersiyalaşdırıla bilən nəticə” məntiqi ilə ölçülərsə, təhsil elmləri sistematik olaraq əlverişsiz vəziyyətə düşə bilər.
9. ABŞ modeli burada mühüm dərs verir
IES-in TTQ proqramı tədqiqatın həm fundamental, həm də tətbiqi olmasına imkan verir və nəticələrin təhsil praktikası üçün faydalı olmasını tələb edir. Bu modeldə fundamental tədqiqat → tətbiqi tədqiqat → pilot → təsir qiymətləndirməsi → miqyaslaşdırma zənciri qurulur. Azərbaycan üçün də belə sistem məqsədəuyğundur.
10. ETN-nin qrant siyasəti ilə bağlı daha fundamental problem
ETN təhsil praktikasına innovasiya qrantları verir, amma təhsil sisteminin özünü elmi tədqiqat obyektinə çevirən davamlı və rəqabətli akademik maliyyələşdirmə mexanizmi kifayət qədər görünmür. Bu, prinsipial fərqdir. Bir müəllimə “Yeni metod sınamaq üçün qrant” vermək başqa şeydir. Universitet professoruna “Müəllimlərin yeni metodla işləməsinin şagird nəticələrinə təsirini elmi metodlarla 24 ay ərzində araşdır” demək isə tamamilə başqa şeydir. Birincisi innovasiya layihəsidir. İkincisi təhsil elmi tədqiqatıdır. Azərbaycanın ikinci istiqamətə ciddi ehtiyacı var.
11. 2026-cı ilin büdcəsi ilə bağlı mühüm nüans
Burada da bir faktı dəqiqləşdirmək lazımdır. 2026-cı il dövlət büdcəsi layihəsində “təhsil sahəsində tətbiqi tədqiqatlar” üçün 7,8835 milyon manat nəzərdə tutulub, bunun 5,683 milyon manatı ETN-nin payına düşür. Bu “tətbiqi tədqiqatlar” yəqin ki, ARTİ-də reallaşır. Amma təhsil sistemində onların faydası hiss edilmir. Bu fakt göstərir ki, təhsilə tətbiqi tədqiqat üçün büdcə xətti çox azdır və səmərəsizdir.
Bəs bu vəsaitin nə qədəri açıq, rəqabətli, müstəqil ekspertiza əsasında təhsil elmləri tədqiqatlarına qrant kimi ayrılır? Məhz bu məlumatın ictimaiyyətə şəffaf təqdim olunmasına ehtiyac var. Çünki büdcədə “tətbiqi tədqiqat” sətrinin olması hələ müstəqil təhsil elmləri qrant ekosistemi demək deyil.
12. Təhsil elmlərinə qrant verməməyin uzunmüddətli ziyanı
Təhsil elmlərinin maliyyələşdirilməməsi ilk baxışda yalnız alimlərin problemi kimi görünür. Əslində isə bunun sistemik iqtisadi qiyməti var. Çünki elmi baza olmadıqda kurikulum eksperimentə çevrilə bilər. Müəllim hazırlığı ənənəvi təcrübələrin təkrarına çevrilə bilər. Qiymətləndirmə ölçmədən çox inzibati mexanizmə çevrilə bilər. Rəqəmsallaşma texnologiya alınmasına çevrilə bilər. Sİ platforma alınmasına çevrilə bilər. Təhsil islahatı nəticəsi ölçülməyən fəaliyyətlər toplusuna çevrilə bilər. Bu, artıq ciddi problemdir.
13. Maliyyələşməyən elm inkişaf etməz
Elmi fəaliyyət yalnız alimlərin intellektual səyi ilə inkişaf etmir. Elm üçün insan kapitalı + vaxt + məlumat + laboratoriya/infrastruktur + metodologiya + beynəlxalq əməkdaşlıq + maliyyə + davamlılıq lazımdır. Xüsusilə təhsil elmlərində uzunmüddətli məlumat bazaları yaratmaq vacibdir. Məsələn, eyni dövrdə müəyyən bir başlanğıc nöqtəsi olan bir şagird qrupunu 5–10 il izləmək istəyirsinizsə , məlumat bazası, statistika, tədqiqatçı, proqram təminatı, sahə işi, etik prosedurlar, məlumat təhlükəsizliyi lazımdır. Bunlar maliyyəsiz mümkün deyil.
14. Elmi bazası olmayan təhsil tərsinə qurular
Bu tezisin arxasında ciddi məntiq var. Əgər təhsil siyasəti → elmi tədqiqat → sübut → qərar zənciri zəifdirsə, onda qərar → tətbiq → nəticə zənciri dominant olur. Belə sistemdə isə uğur çox vaxt nəticə ilə deyil, fəaliyyətin həyata keçirilməsi ilə ölçülür. Məsələn, “neçə müəllim təlim keçdi?” sualı “Bbu təlimdən sonra müəllimin davranışı və şagirdin nəticəsi nə qədər dəyişdi?” sualını əvəz edir. Halbuki ikinci sual daha elmi və daha vacibdir.
15. ETN üçün ən vacib məsələ öz qərarlarını tədqiq etdirmək
Müasir təhsil idarəçiliyinin ən yüksək səviyyəsi tələb edir ki, nazirlik yalnız islahat aparmamalı, həm də öz islahatlarını tədqiq etdirməlidir. Məsələn, müəllim sertifikasiyası → müstəqil tədqiqat → əvvəl/sonra müqayisəsi → nəzarət qrupu → nəticə ölçümü → xərc-fayda analizi kimi tədqiqatlar tələb edir.
Yeni kurikulum → pilot məktəblər→ müqayisə qrupu→ öyrənmə nəticələri→ müəllim davranışı→ uzunmüddətli təsir kimi tədqiqatlar tələb edir.
Sİ layihəsi→ Sİ istifadə edən qruplar→ Sİ istifadə etməyən qruplar→ öyrənmə nəticələri→ tənqidi düşünmə→ müstəqil işləmə→ akademik dürüstlük kimi tədqiqatlar tələb edir. Bu yanaşma təhsil idarəçiliyini “idarəetmə təcrübəsi”ndən “öyrənən dövlət” modelinə keçirir.
16. QHT qrantları məsələsi
Müəllifin vurğuladığı digər məsələ — ETN-nin QHT və digər qurumlara verdiyi qrantların sistemsizliyidir, bu ayrıca araşdırma tələb edir. Burada konkret layihələr üzrə real nəticələr hiss edilmir. Dövlət qrantının ölçüsü yalnız ayrılan məbləğlə deyil, yaratdığı ictimai nəticə ilə ölçülməlidir. Hər qrant üçün ən azı məqsəd → fəaliyyət → məhsul → nəticə → təsir → xərc → davamlılıq zənciri ictimaiyyətə açıq olmalıdır. Əks halda qrant sistemi “vəsait bölgüsü” mexanizminə çevrilə bilər.
17. Azərbaycan üçün yeni model təklifi: “Təhsil Elmləri Milli Qrant Proqramı”
Artıq ayrıca milli proqram haqqında düşünmək lazımdır. Məsələn, TEQMP (Təhsil Elmləri üzrə Milli Qrant Proqramı). Proqram ETN, TİF və AEF əməkdaşlığı əsasında qurula bilər.
İllik büdcə ilkin mərhələdə məsələn: 10–15 milyon manat səviyyəsində ayrıca rəqabətli fond kimi yarana bilərdi.
18. Qrant portfeli necə bölünə bilər?
Məsələn:
İstiqamət Pay
Fundamental təhsil tədqiqatları 20%
Tətbiqi təhsil tədqiqatları 30%
Sİ və rəqəmsal təhsil 15%
Müəllim və pedaqoji tədqiqatlar 15%
Təhsil siyasəti və idarəetmə 10%
Gənc tədqiqatçılar 10%
Bu bölgü də təklif olunan nümunədir.
19. Qrantların üç səviyyəsi
Kiçik qrant. 50–100 min manat. 12–18 ay. Gənc tədqiqatçılar və ilkin empirik tədqiqatlar.
Orta qrant. 100–250 min manat. 2–3 il. Kompleks tətbiqi tədqiqatlar.
Böyük qrant. 250–500 min manat. 3–5 il. Milli miqyaslı uzunmüddətli və sistem tədqiqatları.
ABŞ IES modelində də müxtəlif miqyaslı tədqiqat və R&D strukturlarının paralel mövcudluğu göstərir ki, təhsil elmlərinin maliyyələşdirilməsi yalnız bir tip qrantla məhdudlaşdırılmamalıdır.
20. Ən vacib dəyişiklik “nəticə” anlayışıdır
Təhsil elmləri qrantında nəticə yalnız “2 məqalə Scopusda” olmamalıdır. Əlbəttə, elmi məqalə vacibdir. Amma əlavə olaraq yeni ölçmə aləti, məlumat bazası, pedaqoji model, siyasət tövsiyəsi, pilot proqram, açıq metodologiya, müəllim təlim modeli, rəqəmsal resurs, təsir qiymətləndirməsi də nəticə hesab edilməlidir.
IES-in təhsil tədqiqatlarında elmi biliklə yanaşı praktik istifadə üçün məhsul və nəticələrə xüsusi diqqət verməsi bu baxımdan nümunəvidir.
21. Azərbaycan təhsilində digər problem “təhsil siyasəti laboratoriyası”nın yoxluğudur.
Ölkədə gec də olsa, “Milli Təhsil Siyasəti və Analitika İnstitutu” və onun tərkibində “Təhsil Siyasəti Laboratoriyası” yaradıla bilər. Ölkədə ənənəvi olaraq təhsil elmlərini az da olsa, tədqiq edən ARTİ, təssüf ki, son 10 ildə əsas fəaliyyətindən yayındırıldı.
Yeni yaradılacaq “Milli Təhsil Siyasəti və Analitika İnstitutu”nda təhsil statistikası, uzunmüddətli məlumat, PISA/PIRLS/TIMSS, müəllim məlumatları, ali təhsil məlumatları, əmək bazarı məlumatları, maliyyə məlumatları vahid analitik sistemdə birləşdirilə bilər. Bu qurum “nə baş verir?” sualından daha çox “niyə baş verir və hansı müdaxilə işləyir?” sualını araşdırmalıdır.
22. Azərbaycan təhsilinin 2026-cı il problemi təkcə “Təhsil elmlərinə niyə qrant ayrılmır?” məsələsi deyil. .
Digər problem də “Azərbaycan təhsil siyasətini hansı elmi bilik bazası ilə qurur?” sualıdır. Əgər cavab “yetərli və sistemli milli tədqiqat bazası yoxdur” olarsa, onda problem yalnız qrant məsələsi deyil. Bu, təhsil siyasətinin və təhsil idarəçiliyinin idraki problemidir. Yəni dövlət qərar qəbul edir, amma qərarın informasiya və elmi bazası kifayət qədər inkişaf etdirilmir.
23. Nə etmək lazımdır?
2027-ci ildən etibarən beş mexanizm yaradılmalıdır.
1. Təhsil elmləri üzrə ayrıca milli qrant müsabiqəsi: Hər il.
2. Nazirliyin “Tədqiqat Sualları” proqramı. Nazirlik özünün cavabını bilmədiyi 20–30 strateji sualı açıq elan edir.
3. Müstəqil ekspertiza. Azərbaycan və xarici ekspertlərdən ibarət panel.
4. Açıq məlumat və nəticə. Maliyyələşdirilən layihələrin məqsədi, büdcəsi, metodologiyası, nəticələri, yekun hesabatı ictimaiyyətə açıq olmalıdır.
5. Tədqiqat nəticəsinin təhsil siyasətinə transferi. Hər böyük layihənin sonunda Tədqiqat → Siyasət İcmalı → Pilot → Qiymətləndirmə → Miqyaslandırma mexanizmi işləməlidir.
Təhsil islahatı həm də elmi islahatdır
Azərbaycanın təhsil problemlərinin bir hissəsi məktəbdə, universitetdə və müəllimin işində görünür. Lakin problemin daha dərin qatı təhsil haqqında bilik istehsalının zəifliyidir.
Təhsil elmləri maliyyələşmirsə, yaxşı müəllim modeli necə müəyyənləşdiriləcək? Yeni kurikulumun təsiri necə ölçüləcək? Sİ-nin öyrənməyə real təsiri necə müəyyən ediləcək? Müəllim hazırlığının hansı modeli işləyir? hansı qiymətləndirmə mexanizmi daha effektivdir? Təhsilə qoyulan hər əlavə manat hansı nəticəni yaradır?
Bu suallara yalnız inzibati qərarlarla cavab vermək mümkün deyil.
ABŞ-da IES kimi ayrıca təhsil elmləri tədqiqat infrastrukturlarının, Qazaxıstanda isə çoxpilləli və rəqabətli qrant sisteminin mövcudluğu göstərir ki, təhsil tədqiqatı dövlət üçün əlavə fəaliyyət deyil, təhsil siyasətinin elmi infrastrukturudur.
Azərbaycanda da məsələni artıq belə qoymaq lazımdır: təhsil elmlərinə qrant vermək alimlərə güzəşt deyil, bu, dövlətin təhsil siyasətinə investisiyasıdır.
2026-cı ilin büdcə sənədində təhsil sahəsində tətbiqi tədqiqatlar üçün 7,88 milyon manatlıq xəttin nəzərdə tutulması müəyyən maliyyə imkanının olduğunu göstərir. Problem həmin imkanların açıq, rəqabətli, elmi ekspertiza əsaslı, təhsil elmlərinin fundamental və tətbiqi problemlərini sistemli maliyyələşdirən mexanizmə çevrilməsidir. Maliyyələşməyən elm zəifləyir, zəif elm sübut istehsal edə bilməz. Sübutu olmayan təhsil siyasəti isə nəticəsiz olar.
Azərbaycan təhsilinin gələcək islahatı “nəyi dəyişək?” sualından başlamamalıdır. Əvvəlcə “Nəyi bilmədiyimizi elmi şəkildə necə öyrənəcəyik?” sualına cavab verməliyik. Bu sualın cavabı isə yaranacaq “Təhsil Elmləri üzrə Milli Qrant Proqramı”, güclü təhsil tədqiqat infrastrukturu və müstəqil təhsil siyasəti analitikası ilə başlamalıdır.
Müəllif: dosent İlham Əhmədov