Təhsil fəlsəfəsi, sosial adaptasiya: Məktəbli forması buna xidmət edir

25.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.

Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər. Qərara əsasən, bu sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir. Yeni qaydanın konkret hansı məhdudiyyətləri nəzərdə tutduğu açıqlanmasa da, məsələ ictimaiyyətdə müxtəlif müzakirələrə səbəb olub. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, məktəblərdə vahid geyim formasının tətbiqinin əsas məqsədi şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaq, məktəb mühitində vahidlik və nizam yaratmaqdır:

“Ona görə də bu məsələni birbaşa “hicab qadağası” kimi təqdim etmək düzgün yanaşma deyil. Bununla belə, yeni qaydada “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementləri” ifadəsinin yer alması cəmiyyətdə müəyyən suallar doğurub və bu ifadənin konkret olaraq hansı geyim elementlərini əhatə etdiyi aydın şəkildə izah edilməlidir.

Rəsmi qanunvericilikdə 2026-cı ildə dünyəvilik ümumi təhsilin əsas prinsiplərindən biri kimi təsbit olunub. Dünyəvi dövlət prinsipi dövlət təhsilinin dini təsirlərdən kənar təşkil olunmasını nəzərdə tutur. Eyni zamanda, şagirdlərin hüquqları və onların vicdan və dini etiqad azadlığı da hüquqi müstəvidə nəzərə alınmalıdır. Bu baxımdan, hər hansı geyim elementinə məhdudiyyət tətbiq edilirsə, bunun hüquqi əsası, məqsədi və tətbiq mexanizmi cəmiyyətə açıq şəkildə izah olunmalıdır. Əks halda, vahid məktəbli formasının mahiyyəti ilə dini etiqadın ifadəsi məsələsi bir-birinə qarışdırıla bilər”. 

Deputat qeyd edib ki, burada ən vacib məsələ məktəblərdə vahidlik prinsipini qorumaqla yanaşı, şagirdlərin hüquq və azadlıqlarına münasibətdə qanunvericiliyin dəqiq və birmənalı tətbiq edilməsidir:

“Məktəb ilk növbədə təhsil və tərbiyə məkanıdır. Bu səbəbdən müzakirələr emosional yanaşmalar üzərindən deyil, Konstitusiya, təhsil qanunvericiliyi və insan hüquqları prinsipləri əsasında aparılmalıdır. Əgər yeni qaydanın hicabla bağlı konkret nəticəsi nəzərdə tutulursa, bunun hansı hüquqi normaya əsaslandığı aidiyyəti qurumlar tərəfindən aydın şəkildə ictimaiyyətə açıqlanmalıdır”.

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, hazırkı ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu kimi, vahid məktəbli formasının tətbiqi məktəb mühitində vahid və səliqəli görünüş mədəniyyətinin təşviqinə xidmət edir:

“Burada əsas məqsəd məktəbdə rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşdırılması, eyni zamanda sağlam təhsil mühitinin yaradılmasıdır. Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir. Ümumtəhsil müəssisələrində vahid geyim formasının tətbiqi sosial statusundan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni mühitdə təhsil alması və bərabər imkanlara malik olması baxımından əhəmiyyətlidir. Hazırkı situasiyada dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Dünyəvi təhsil bütün şagirdlər üçün neytral və inklüziv mühit deməkdir. Biz də məktəblərdə məhz belə bir mühitin formalaşması üçün çalışırıq. Vahid məktəbli forması şagirdlərdə kollektiv məsuliyyət hissinin, şagird kimliyinin və təhsil müəssisəsinə aidiyyət duyğusunun formalaşmasına müsbət təsir göstərir. Fərqli ailələrdən gələn uşaqlar eyni sinifdə, eyni parta arxasında təhsil alırlar. Onların sosial və iqtisadi vəziyyətlərinin fərqli olmasına baxmayaraq, məktəb mühitində hər birinə bərabər münasibət göstərilməsi vacibdir.

Bu baxımdan, hər birimiz qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş qaydalara riayət etməliyik. Əgər konkret məktəbli geyim forması müəyyən edilibsə, həmin geyim formasına riayət olunması məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinə də töhfə verir. Hesab edirik ki, vahid məktəbli geyim formasının tətbiqi təhsil prosesinə və onun keyfiyyətinə də müsbət təsir göstərir”. 

O vurğulayıb ki, kimsə konkret olaraq hansısa dinə sitayiş edirsə və ya hər hansı dini inanca malikdirsə, bu, həmin şəxsin özünəməxsus istiqamətidir:

“Bildiyimiz kimi, ölkəmizdə dini və etnik azadlıqlar var. Hər kəs öz dininə ibadət edə bilər. Vacib odur ki, təhsil prosesində hər bir şagird müəyyən olunmuş qaydalara riayət etsin və onun üçün yaradılmış bərabər imkanlardan istifadə etsin. Daxili nizam-intizam qaydalarına riayət etmək şagirdlərin vəzifə borcudur. Valideynlər də bu məsələləri nəzərə almalıdırlar.

Çünki bu, yalnız geyim məsələsi deyil, eyni zamanda təhsil fəlsəfəsi, sosial adaptasiya və məktəb mühitinin formalaşdırılması məsələsidir. Məktəbli forması ümumi tədris prosesinə, şagirdlərin yaş xüsusiyyətlərinə və gündəlik istifadəyə uyğun, rahat geyim formasıdır. Burada birbaşa elan olunmur ki, hər hansı dini element daşıyan geyim qadağandır.

Sadəcə olaraq bildirilir ki, məktəbdə vahid geyim forması müəyyən olunub və hər bir şagird bu formaya riayət etməlidir. Əgər müəyyən edilmiş vahid geyim formasından kənar hər hansı element daşınırsa, bu, ümumi qəbul olunmuş qaydaların həmin şəxs tərəfindən gözardı edilməsi kimi qiymətləndirilə bilər. Belə olan halda qanunvericiliyin tələbi tətbiq olunur”. 

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: hicab Arzuxan Əlizadə Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью