Təhsil imkanlarının itirilməsi buna səbəb ola bilər Ekspert

15.10.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Erkən nikahın faciəvi tərəfi yalnız nikahın erkən yaşda baş verməsi deyil, uşağın öz həyatına dair qərarlar vermək hüququndan, təhsil imkanlarından və şəxsi azadlığından məhrum qalmasıdır". 

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova deyib.

O, erkən nikahın yaratdığı fəsadlardan və çıxış yollarından söz açıb: 

"Ailə qurmaq insanın həyatını zənginləşdirən bir seçim ola bilər, lakin bu seçim yetkinlik, qarşılıqlı razılıq və məsuliyyət əsasında edilməlidir. Gənclərə öz gələcəklərini hazırlamaq üçün vaxt və imkan verilməsi həm fərdin rifahı, həm də sağlam cəmiyyətin formalaşması baxımından əhəmiyyətlidir. Ailə qurmaq insan həyatında mühüm mərhələlərdən biridir. Ancaq bu qərar yalnız yaşla deyil, insanın mənəvi yetkinliyi, məsuliyyət hissi və gələcəyini müstəqil şəkildə planlaşdırmaq bacarığı ilə də bağlıdır. Erkən yaşda nikaha daxil olmaq gəncin qarşısında hələ həll etməli olduğu inkişaf və təhsil məsələləri olduğu halda onun əlavə öhdəliklərlə yüklənməsinə səbəb olur. 

Erkən nikahın fəsadlarından biri şəxsi inkişafın ləngiməsidir. Yeniyetmə öz maraqlarını, qabiliyyətlərini və həyat məqsədlərini tam müəyyənləşdirməmiş ailə məsuliyyətləri ilə qarşılaşa bilər. Belə ki, özünü tanımaq, yeni bacarıqlar qazanmaq və gələcək peşəsini seçmək imkanları darala bilər. Erkən ailə qurmaq emosional münasibətlərdə də müəyyən çətinliklər yarada bilər və s. Ailə həyatında qarşılıqlı hörmət, səbir, kompromis və problemləri sağlam şəkildə həll etmək bacarığı mühüm əhəmiyyət daşıyır. Bu vərdişlər kifayət qədər inkişaf etmədikdə adi fikir ayrılıqları belə ciddi münaqişələrə çevrilə bilər. Xüsusilə nikah şəxsin öz seçimi ilə deyil, ailənin təzyiqi nəticəsində baş verdikdə narazılıq və psixoloji sıxıntı daha da dərinləşə bilər". 

Lamiyə Qurbanova: Erkən nikahın faciəvi tərəfi həm də uşağın təhsil imkanlarından məhrum qalmasıdır

Onun sözlərinə görə, təhsil imkanlarının itirilməsi də erkən nikahın uzunmüddətli nəticələrindəndir. Ailə və ev təsərrüfatı ilə bağlı vəzifələr gəncin dərslərinə vaxt ayırmasını çətinləşdirə, təhsilin yarımçıq qalması gələcəkdə iş imkanlarının azalmasına və maddi baxımdan başqalarından asılılığın artmasına gətirib çıxara bilər:

"Erkən nikahın faciəvi tərəfi yalnız nikahın erkən yaşda baş verməsi deyil, uşağın öz həyatına dair qərarlar vermək hüququndan, təhsil imkanlarından və şəxsi azadlığından məhrum qalmasıdır. Bu hallar yolverilməzdir".

L.Qurbanova hesab edir ki, erkən nikahla mübarizədə hüquqi tədbirlər, maarifləndirmə işləri, ailələrlə fərdi söhbətlər və məktəblərdə aparılan tərbiyəvi fəaliyyət mühüm rol oynayır. Risk faktorlarını aradan qaldırmaq üçün yenə də maarifləndirmə və profilaktik tədbirlərin aparılması zəruridir.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью