Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, “TəhsilPlus” kartı olan təhsil işçiləri 2 noyabr tarixdən etibarən həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirirlər.
Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradır. 30 noyabra qədər dövrü əhatə edən kampaniya Bakı metrosu və avtobuslarda keçərlidir. Kampaniya müddətində “TəhsilPlus” kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edən istifadəçilərin bazar ertəsindən cüməyədək ilk gedişi 1 qəpik təşkil edir. Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur. Gün ərzində ikinci və sonrakı gedişlər standart tariflə hesablanır.
Bununla belə, “TəhsilPlus” kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10 % bonus tətbiq edilir. Qeyd edək ki, hazırda “TəhsilPlus” kartlarının ölkə üzrə təhsil işçilərinə təqdim edilməsi prosesi mərhələli şəkildə davam etdirilir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb. Artıq aktiv kart istifadəçilərinin sayı 185 mini ötüb.
Kart istifadəçiləri, həmçinin ictimai nəqliyyatda və layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər. Ümumiyyətlə, təhsil işçilərinin “TəhsilPlus” kartından ictimai nəqliyyatda istifadəsi zamanı güzəştlərin tətbiqini genişləndirmək mümkündürmü?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, ötən ildən başlayaraq təhsil işçiləri üçün “TəhsilPlyus” kartları paylanılıb:
“Təhsil sahəsində pedaqoji və digər işçilərə verilir və bu kartların əhatə dairəsi 185 minə çatıb. İlkin mərhələdə təhsil kartını əldə edən şəxslərin ayrı-ayrı mağazalar şəbəkəsindən endirim kampaniyasını görən zaman tənqid hədəfi də bu idi ki, müəllimin sosial rifahına necə təsir göstərəcək. İctimai nəqliyyatla bağlı bu, ilk atılmış addımdır.
Eksperiment xarakteri daşıyır. Hər gün 1 gedişə, həftəiçi iş günlərinə şamil olunur. “TəhsilPlyus” kartı beynəlxalq sistemdə olduğu kimi getdikcə müəllimlərə olan sosial güzəştlərin genişlənməsi üçün daha fərqli, geniş addımlar atmağa imkan verəcək. Eyni zamanda ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10 faiz bonus tətbiq edilir. Bu addımlar ilk zamanlar çox kiçik görünə bilər. Nəzərə alsaq ki, ölkədə 3 yüz mindən çox təhsil işçisi var və daha çox tələbə var.
Orta hesabla təhsil sahəsində tələbə və işçilərin sayı 700 mindən çox insanı əhatə edir. Düşünürəm ki, böyük bir auditoriyanı əhatə edən sosial bir layihə belə də başlamalıdır. Ona görə də atılan addımları doğru hesab edirəm. Gələcəkdə sərhəddi, miqyası genişlənəcək. Nəticə etibarilə bizdə də xarixi ölkələrdə olduğu kimi təhsil kartlarının sosialyönümlü güzəştlərin çəkisi böyük olacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: Təhsil işçiləri Elşən Qafarov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin