Təhsil Məcəlləsi hazırlanır? Deputat problemləri SADALADI

05.10.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin üzvü Ceyhun Məmmədov təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirərək ayrıca Təhsil Məcəlləsinin hazırlanmasını təklif edib. Deputat Milli Məclisin payız sessiyasının ilk iclasında bu məsələnin vacibliyinə diqqət çəkib.

Mövzu ilə bağlı Musavat.com-a danışan deputat Ceyhun Məmmədov deyib ki, təhsil sahəsində qarşıda duran məsələlərin həlli üçün yalnız ayrı-ayrı dəyişikliklərlə kifayətlənmək olmaz. Onun fikrincə, təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və mövcud problemlərin kompleks şəkildə aradan qaldırılması vacibdir: “Son illərdə elm və təhsil sahəsində mühüm institusional dəyişikliklər həyata keçirilib. Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyinə çevrilməsi də bu prosesin tərkib hissəsidir. Bununla yanaşı, təhsilin keyfiyyəti, universitetlərin elmi fəaliyyəti, ixtisas seçimi, tələbələrin praktiki hazırlığı və müəllimlərin sosial rifahı ilə bağlı hələ də ciddi məsələlər qalmaqdadır”.

Ceyhun Məmmədov hesab edir ki, xüsusilə universitetlərin yalnız tədris deyil, həm də tədqiqat mərkəzlərinə çevrilməsi istiqamətində işlər gücləndirilməlidir. Onun sözlərinə görə, yeni tədqiqat universitetlərinin yaradılması da nəzərdən keçirilə bilər. Hazırda elmi məqalə və araşdırmaların bir hissəsinin müasir elmi tələblərə cavab verməməsi bu sahədə keyfiyyət məsələsinin aktuallığını göstərir.

Deputat kolleclərin idarə olunmasında da problemlərin olduğunu vurğulayıb. Kolleclərin universitetlərin tabeliyinə verilməsinə baxmayaraq, bəzi ali məktəblərdə onların fəaliyyətinə nəzarətin lazımi səviyyədə qurulmadığını deyib. Bunun nəticəsində ayrı-ayrı kolleclərdə idarəetmə ilə bağlı problemlər və neqativ hallar davam edir.

Təhsil haqlarının yüksək olması da deputatın diqqət çəkdiyi məsələlərdəndir. O hesab edir ki, yüksək ödəniş tələb edən təhsil müəssisələri bunun müqabilində keyfiyyətli tədris təqdim etməli və göstərdikləri xidmətə görə məsuliyyət daşımalıdırlar. Təhsil haqqı ilə əldə olunan təhsilin səviyyəsi arasında uyğunluq təmin edilməlidir.

Ceyhun Məmmədov ali təhsildə ixtisas siyasətinə də yenidən baxılmasını vacib sayır. Onun fikrincə, bəzi ixtisaslar artıq əmək bazarının tələblərinə uyğun gəlmir, eyni ixtisasların müxtəlif universitetlərdə çoxsaylı şəkildə tədris olunması isə müəyyən sahələr üzrə məzunların sayının həddindən artıq artmasına səbəb olur. Bu baxımdan yeni ixtisasların yaradılması ilə yanaşı, mövcud ixtisasların da mütəmadi şəkildə qiymətləndirilməsi zəruridir.

Universitetlərdə rəqəmsallaşmanın tam təmin olunmaması da problemlər sırasında göstərilir. Deputatın sözlərinə görə, elektron sistemlərin tətbiqi istiqamətində müəyyən addımlar atılsa da, sənədləşmə və hesabat proseslərində hələ də ənənəvi üsullardan geniş istifadə olunur. Bu sahədə rəqəmsal həllərin genişləndirilməsi həm idarəetməni asanlaşdıra, həm də əlavə bürokratik yükü azalda bilər: “Tələbələrin nəzəri biliklərlə yanaşı, real iş mühitində təcrübə qazanması da mühüm məsələlərdəndir. Hazırda bir çox tələbənin istehsalat təcrübəsi formal xarakter daşıyır. Halbuki universitetlərlə müəssisələr arasında daha səmərəli əməkdaşlıq qurularsa, tələbələr hələ təhsil aldıqları müddətdə praktiki bacarıqlar əldə edə bilərlər. Bu isə məzunların əmək bazarına uyğunlaşmasını və işə qəbul imkanlarını artırar”.

Deputat müəllimlərin sosial rifahının yaxşılaşdırılmasını da təhsil siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Onun sözlərinə görə, son illərdə bu sahədə mühüm addımlar atılıb, lakin müəllimlərin qarşılaşdığı bir sıra məsələlərin həlli hələ də gündəmdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью