Təhsil ocaqlarına vahid forma ilə getmək vacibdir HACI İSMAYILOV

13.10.2026

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son vaxtlar Azərbaycanda, xüsusilə də məktəbli forması və hicabla bağlı məsələlərin bu qədər geniş müzakirə olunması ürəkaçan deyil". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov deyib.

O, bildirib ki, Azərbaycan dünyəvi, müstəqil və demokratik dövlətdir: "Bu dövlətin öz qayda-qanunları var. Xalqımızın mənəvi-əxlaqi dəyərləri, adət-ənənələri mövcuddur.

Bu məsələnin ortaya çıxmasına səbəb ölkəmizi istəməyən, onun inkişafını, dünyəvi və demokratik dövlət olmasını qəbul etməyən, Azərbaycanın müharibədə qazandığı qələbəni heç cür həzm edə bilməyən xarici qüvvələr və müəyyən təşkilatlardır. Hesab edirəm ki, həmin qüvvələr Azərbaycanda iğtişaş yaratmaq, insanları bir-birinə qarşı qoymaq məqsədilə hicab məsələsini gündəmə gətirirlər. Bunun heç bir əsası yoxdur.

Məktəblilər məktəbə təhsil almaq, elm öyrənmək üçün gedirlər və onların hamısı məktəbə vahid formada gəlməlidir. Bu məsələ dövlətin diqqətindədir və ona çox həssas yanaşılır.

Hicab məsələsi böyüklərə deyil, məktəbə gedən qız uşaqlarına aiddir. Müəyyən səbəblərdən başlarını örtərək məktəbə gələn şagirdlər var. Əvvəla, məktəbə gəlirsənsə, deməli, təhsil almağa, elm öyrənməyə və tərbiyə almağa gəlirsən. Məktəbə hicabla gəlməyi doğru hesab etmirəm.

Azərbaycan xalqı tarixən heç vaxt hicab taxmayıb. Ölkəmizdə başıbağlı, çadralı qadınlar olub. Lakin ötən əsrin ortalarında həmin qadınlar baş örtüklərindən və çadradan imtina ediblər. Çünki o dövrdə çadra qadınların cəmiyyətdən təcrid olunmasına, evin bir küncündə qorxu içində yaşamasına, küçəyə çıxa bilməməsinə, təhsil almasına və inkişaf etməsinə mane olan bir vasitəyə çevrilmişdi.

Mirzə Ələkbər Sabir də bu mövzuda çox gözəl deyib: “Tacirlərimiz sonyalara bənd olacaqsa, bəs zavallı Tükəzbanları neylərsən, ilahi?”

Yəni həmin dövr artıq keçmişdə qalıb. Azərbaycan bu gün dünya ölkələri ilə eyni səviyyədə inkişaf etməyə çalışan bir dövlətdir. Bizə keçmişə, qaranlığa qayıtmaq yaraşmaz. Biz irəli getməli, inkişaf etməliyik.

Azərbaycan tolerant ölkədir. Ölkəmizdə İslam dini ilə yanaşı, xristianlıq, yəhudilik və başqa dinlər də mövcuddur. Azərbaycanda heç vaxt dini təriqətlər arasında münaqişələr baş verməyib. Buna görə də bu məsələnin gündəmə gətirilməsi, ölkəmizdə müxtəlif dinlərə hörmətlə yanaşılmasının bəzilərinin xoşuna gəlməməsi təəssüf doğurur.

Əlbəttə, bizim dinimiz İslam dinidir. Belə bir fikir var ki: "insan Allahsız, cəmiyyətdə dinsiz yaşaya bilməz". İnsanların qəlbində Allaha sevgi və məhəbbət olmalıdır. Müqəddəs ziyarət yerlərinə gedərkən qadınlar başlarını yaylıq və örpəklə örtə bilərlər. Müqəddəs Quranımızda da məktəbə gedən qız uşaqlarının mütləq hicabla gəlməli olduqlarına dair belə bir tələb yoxdur.

Dövlətimizə təşəkkür edirəm ki, bu məsələyə ciddi yanaşır. Hesab edirəm ki, bu, Azərbaycana qarşı yönəlmiş ciddi təhlükədir. Bu məsələnin qonşu dövlətlərdəki müəyyən təşkilatlardan qaynaqlandığını düşünürəm. Həmin qüvvələr informasiya məkanında, saytlarda və digər kütləvi informasiya vasitələrində bu mövzunu yaymaq üçün hətta süni intellektdən də istifadə edirlər. Belə ki, başıaçıq müəllimlərin və şagirdlərin şəkillərində onların başlarına süni şəkildə hicab əlavə edərək həmin görüntüləri yayırlar. Əlbəttə, bu cür halları heç cür qəbul etmək olmaz.

Bir daha qeyd edirəm ki, din azaddır. İstəyən məscidə gedə, müqəddəs insanları ziyarət edə, Allaha dua edə bilər. Təbii ki, ziyarət zamanı başını örtmək də mümkündür. Heç kim insanların ibadət etməsinə, Allaha dua etməsinə qarşı deyil.

Lakin bu məsələnin məktəblərdə gündəmə gətirilməsi, insanların bir-birinə qarşı qoyulması və münaqişə yaradılması düzgün deyil. Bu müzakirələri aparanlar bir məqamı da qeyd etməlidirlər: işğaldan azad olunmuş torpaqlarda Azərbaycan dövləti 12 məscidi təmir edib və bərpa edib. Bütün bunlar kimin üçündür? Əlbəttə, Azərbaycan xalqı üçündür ki, insanlar həmin məscidləri ziyarət etsinlər, namaz qılsınlar və Allaha dua etsinlər.

Hər bir insanın qəlbində Allah sevgisi var. Ancaq dini məsələləri təhsil ocaqlarına, orta məktəblərə gətirmək, bununla xalqı bir-birinə qarşı qoymaq və münaqişə yaratmaq heç cür düzgün deyil.

Biz ziyalılar, sənət adamları, hamımız birlikdə dövlətimizin yanındayıq. Məktəblilər məktəbə vahid məktəbli formasında gəlməlidirlər. Evə gəldikdən sonra isə hər kəs istədiyi kimi Allaha dua edə, namaz qıla bilər. Heç kim bunu onlara qadağan etmir və onların əlindən almır.

Mən hesab edirəm ki, bu məsələ Azərbaycana qarşı aparılan bir kampaniyadır. Məqsəd xalqı bir-birinə qarşı qoymaq, münaqişə yaratmaq və ayrı-seçkilik formalaşdırmaqdır.

Əgər bu məsələyə nəzarət olunmasa və hər kəs məktəbə istədiyi geyimdə gəlsə, biri hicabla, digəri bahalı kostyumla, maddi imkanı zəif olan şagird isə nimdaş geyimlə məktəbə gələcək. Bu zaman həmin şagird özünü narahat hiss edə, yaxşı geyinən şagirdlə özünü müqayisə edərək mənəvi sıxıntı yaşaya bilər. Belə hallar gələcəkdə sosial problemlərə də səbəb ola bilər.

Ona görə də məktəbə gələn hər bir şagird vahid məktəbli formasında olmalı, orada təhsil və tərbiyə almalı, elmə yiyələnməlidir. Şagirdlər gələcəkdə Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatına fəal şəkildə qoşulmalıdırlar.

İnanıram ki, bu münaqişə aradan qalxacaq və unudulacaq. Təəssüf ki, Azərbaycanı istəməyən, ölkəmizin inkişafını qısqanan təşkilatlarla yanaşı, bəzən öz içimizdə olan bəzi insanlar da onların fikirlərinə qoşulurlar. Belə insanlar bir daha düşünməlidirlər ki, bu cür yanaşma düzgün deyil. Dövlət var, qayda-qanun var. Biz Azərbaycan xalqıyıq və ölkəmizdə dinə hörmətlə yanaşılır. İslam dini bizim dinimizdir və biz həm milli dəyərlərimizi, həm də dövlətimizin qanunlarını qorumalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью