Icma.az, Konkret.az saytına istinadən bildirir.
Təhsil eksperti, sabiq deputat Etibar Əliyev Azərbaycan təhsil sistemində kronizmin ciddi problemə çevrildiyini iddia edib.
KONKRET.az xəbər verir ki, o, bildirib ki, kronizm peşəkarlıq prinsiplərinin kənara qoyularaq şəxsi münasibətlərə, dostluq və tanışlıq əlaqələrinə əsaslanan təyinat və irəliləyişlər sistemidir. Ekspertin sözlərinə görə, bu hal cəmiyyətdə sosial ədalət hissini zəiflədir və dövlət institutlarına etimadı azaldır.
Etibar Əliyev Elm və Təhsil Nazirliyində və ona tabe qurumlarda həyata keçirilən bir sıra təyinatları tənqid edərək, bəzi vəzifələrə təyin olunan şəxslərin təhsil sahəsində kifayət qədər təcrübəyə malik olmadıqlarını irəli sürüb. O, xüsusilə Təhsil İnstitutu, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və digər qurumlarda aparılan kadr siyasəti ilə bağlı suallar qaldırıb.
Ekspert həmçinin bir sıra rəhbər vəzifələrə təyin olunan şəxslərin əvvəlki fəaliyyətlərinin təhsil sahəsi ilə bağlı olmadığını vurğulayaraq, bu təyinatların şəffaflıq və peşəkarlıq prinsiplərinə uyğunluğunun araşdırılmasının vacibliyini qeyd edib.
Etibar Əliyev hesab edir ki, təhsil sistemində kadr seçimi yalnız peşəkar keyfiyyətlər və ixtisas göstəriciləri əsasında həyata keçirilməlidir. Onun fikrincə, əks halda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin effektivliyi sual altında qala bilər.
Müşfiq Tofiqoğlu
KONKRET.az