Təhsil sisteminin yeni dərs ilinə hazırlığı

15.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında elm və təhsil naziri Emin Əmrullayev ölkənin təhsil sisteminin növbəti dərs ilinə hazırlığı və qarşıda duran vəzifələr barədə məlumat verdi. Nazir bildirdi ki, cari tədris ilində Azərbaycanda, ümumilikdə, 2,2 milyon nəfər təhsilə cəlb olunacaq, 124 min şagird isə ilk dəfə məktəbə qədəm qoyacaq:

– Azad edilmiş ərazilərdə yeni tədris ilində daha 11 məktəbəqədər və 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayacaq. Tədris ilinə hazırlıq çərçivəsində 7 milyondan çox dərslik çap edilərək məktəblərə çatdırılıb. Müəllimlərin geyimi ilə bağlı da dəyişikliklər nəzərdə tutulur.

Sertifikatlaşdırmanın nəticələrinə gəlincə, indiyədək prosesə 104 min təhsil işçisi cəlb olunub, onlardan 73 min nəfərin əməkhaqqına əlavə ödəniş edilib. 17,5 min təhsil işçisinin maaşına isə əlavələrin edilməsi proqnozlaşdırılır. Beləliklə, sertifikatlaşdırmanın nəticələrinə əsasən, ümumilikdə, 90 minə yaxın təhsil işçisinin əməkhaqqında artım olacaq.

Bu ilin iyununda keçirilən sertifikatlaşdırmada ilk dəfə tarix, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 16 min 569 müəllim iştirak edib. Bundan başqa, təxminən, 6 min müəllim işə qəbulla bağlı müsabiqənin bütün mərhələlərini tamamlayaraq yeni tədris ilində məktəblərdə fəaliyyətə başlayacaq.

2030-cu ilədək 21 yeni peşə təhsili müəssisəsinin tikintisi, iki müəssisənin əsaslı təmiri planlaşdırılır. 2021–ci ildən bu vaxta qədər peşə təhsilinə qəbul 70 faiz artıb, cəlb olunan qadınların payı 39 faiz təşkil edir.

2026/2027-ci tədris ilindən istixana operatoru, satınalmaların təşkili, geodeziya və kartoqrafiya, qida emalı texnologiyaları üzrə dörd yeni ixtisas tətbiq olunacaq. Bu ixtisaslar aqrar sektor, sənaye, logistika, tikinti və qida sənayesinin kadr tələbatının ödənilməsinə xidmət edəcək.

Tədrisin digər dillərdə aparıldığı siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənninin həftəlik dərs yükü I–IX siniflərdə 3 saatdan 4 saata, X–XI siniflərdə isə 2 saatdan 3 saata qədər artırılacaq.

Nazir daha sonra bildirdi ki, növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək. Yaxın həftə və aylarda ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək. Çərçivələr əvvəlkindən əsaslı şəkildə fərqlənməyəcək. Xüsusilə ibtidai sinif müəllimlərinin oxu və oxuyub-anlama bacarıqlarına daha çox diqqət yetiriləcək.

Azərbaycanda şagird sayı az olan kənd məktəblərinə daha çox vəsait xərclənir, lakin təhsilin keyfiyyəti aşağı olur. Bəzi məktəblərdə bir şagirdə düşən xərc 24 min manata çatır. Bakı ilə müqayisədə kənd məktəblərində bu göstərici daha yüksəkdir. Sinifdə şagird sayı artdıqca, bir şagirdə düşən xərc azalır. Buna görə də şagird sayı az olan bəzi kənd məktəblərinin bağlanması məsələsinə baxılır.

Nazir onu da qeyd etdi ki, Azərbaycanda məktəblərdə 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil və yaxın zamanlarda belə bir dəyişiklik nəzərdə tutulmur.

Bəzi bakalavriat ixtisaslarında təhsil müddətinin 3 il olması mümkündür. Bu, ixtisasın xüsusiyyətindən və əmək bazarının tələblərindən asılı olaraq mütəxəssislərin rəyi əsasında müəyyənləşdirilməlidir. Bütün ixtisasların 3 illik olması müzakirə predmeti deyil.

L.TƏHMƏZ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью