Təhsil tam sistem, dərslik isə bir elementdir.

17.11.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Son günlər bir deputatın məktəb dərsliklərinin vəziyyətindən narahat olduğunu ifadə etməsi ictimai müzakirələrə səbəb olub. Bu narahatlıq özlüyündə başadüşüləndir. Lakin elmi baxımdan bu yanaşma metodoloji səhvdir: hissəni bütündən ayırmaq. Deputatlar, təəssüf ki, çox vaxt ağacın arxasında meşəni görmürlər.

Dərslik təhsil sistemində yalnız bir elementdir. O, vacibdir, amma müəyyənedici deyil. Təhsil mürəkkəb sosial sistemdir. Onun tərkibinə müəllim, şagird, valideyn, proqram, qiymətləndirmə sistemi, məktəb infrastrukturu, idarəetmə modeli, maliyyələşmə mexanizmi və cəmiyyətin təhsilə münasibəti daxildir. Bu elementlərdən biri sıradan çıxanda sistem axsaya bilər, amma sistemin özü yalnız bir elementlə düzəlmir.

Bəs bu gün təhsildə normal nəsə varmı? 

Təəssüf ki, cavab ürəkaçan deyil. Xüsusən son 15  ildə Azərbaycan təhsili sistemli böhran yaşayır. Bu, təkcə dərsliklərin keyfiyyəti, çap səhvləri və ya məzmunun köhnəlməsi ilə bağlı deyil. Problem daha dərindir.

Birincisi, müəllim nüfuzu və motivasiyası aşağı düşüb. Aşağı maaş, həddindən artıq bürokratik hesabatlılıq və sosial statusun itirilməsi ilə artıq bu peşə daha cəlbedici deyil.

İkincisi, qiymətləndirmə sistemi bilikdən çox əzbər və test texnikasına yönəlib. Şagird düşünməyi yox, doğru variantı tapmağı öyrənir.

Üçüncüsü, məktəb ilə həyat arasında uçurum yaranıb. Məzun nə əmək bazarına, nə də müstəqil həyata hazırdır.

Bu şəraitdə yalnız dərslikləri dəyişməklə təhsili xilas etmək mümkün deyil. Köhnə dərslik yeni sistemdə də köhnə qalacaq, yeni dərslik isə köhnə sistemdə öz potensialını itirəcək.

Elmi yanaşma tələb edir ki, biz dərslik problemini sistem problemi kimi görək. Əgər müəllim hazırlığı, proqram fəlsəfəsi, idarəetmə, kadr siyasəti  və maliyyələşmə  dəyişmirsə, dərslik islahatı sadəcə kosmetik təmir olacaq.

Narahatlıq tək dərslik üçün yox, bütün təhsil sistemi üçün olmalıdır. Meşəni xilas etmədən tək ağacı budamaqla nəticə əldə etmək olmaz.

İlham Əhmədov 

Dosent 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью