Təhsil və tibb müəssisələri üçün yeni öhdəlik Uşaqları zorakılıqdan qorumaq

28.01.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəlik müəyyənləşir.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Uşaqların təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılması qadağandır. Ailədə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə və uşağın ola biləcəyi digər yerlərdə, habelə internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində uşağa qarşı zorakılıq qadağandır.

Uşağın zorakılıqdan müdafiə olunmaq hüququ var. Dövlət uşağa qarşı zorakılığın qarşısının alınması üçün hüquqi, inzibati, sosial və maarifləndirici tədbirlər görür. Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər.

Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.

Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, habelə hüquqi və vəzifəli şəxslər təhsil, tibb, sosial müdafiə, hüquq mühafizə, idman, media, mədəniyyət və istirahət sahələrində uşaqlarla müntəzəm təmasda olan şəxslərlə uşaqların müdafiəsi və uşaq hüquqları barədə təbliğat-təşviqat işlərinin aparılması, həmin şəxslərin zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi vasitələri barədə təlimatlandırılması üçün tədbirlər görürlər.

Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması və zorakılıq baş verdiyi təqdirdə səmərəli cavab tədbirlərinin tətbiqi üzrə mexanizmlər formalaşdırılır. Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələri və penitensiar müəssisələr uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınması üçün tədbirlər görməyə borcludurlar.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət və istirahət sahələrində uşaqlarla müntəzəm təmasda olan şəxslər arasında uşaqların müdafiəsi və onların hüquqları barədə məlumatlılığın artırılması, həmin şəxslərin cinsi istismara və cinsi zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi vasitələri barədə təlimatlandırılması üçün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və vəzifəli şəxslər tədbirlər görürlər.

Uşaqlarla müntəzəm təmasda olan şəxslər arasında uşağın cinsi istismar və ya cinsi zorakılıq qurbanı olması barədə əsaslar olduqda konfidensiallığa əməl etməklə, uşaq hüquqlarını müdafiə edən orqanlara məlumat verilməsi imkanları barədə təbliğat və təşviqat işləri aparılır. Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər uşaqlarla müntəzəm təmasla əlaqədar işə qəbul (təyin) və ya cəlb edilə bilməzlər. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olmuş uşaqlar insan alverinin qurbanı olmuş uşaqlar üçün nəzərdə tutulmuş hüquqlardan və təminatlardan istifadə edirlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью