Icma.az, Gununsesi saytına istinadən bildirir.
Bu gün beynəlxalq təhsil günüdür. Sosial şəbəkələrdə çoxlu təbriklər var. Amma heç sual verən yoxdur: bu günün bizə nə dəxli? Biz hansı təhsili bayram edirik?
Mövcud olan-tərsinə qurulmuş təhsil öz missiyasına uyğun olaraq, doğrudanmı xalqı inkişaf etdirir, yoxsa sadəcə statistik rəqəmləri şişirdən, hesabatları dolduran bir mexanizmə çevrilib?
Təhsil – bəzək deyil, silahdır
Təhsil neytral deyil. Təhsil xalqların taleni həll edir. Təhsil ya xalqı gücləndirir, ya da zəiflədir. Qızıl orta yoxdur bu işdə. Tarix sübut edir ki, bir xalqın ordusu məğlub ola bilər, iqtisadiyyatı çökə bilər, amma təhsili sağdırsa, hələ gələcəyə onun ümidi var. Amma təhsili yoxdursa, sabah heç nəyi olmayacaq.
Təhsilli xalqı aldatmaq, düşünən insanı qorxutmaq olmur. Sual verən nəsli susdurmaq mümkün deyil. Buna görə bütün böyük dövlətlər təhsili prioritet sahə elan edirlər. Bu təsadüfi deyil, inkişafın rasional yoludur.
Süni intellect dövründə təhsil tmam fərqli format alır. Bəs biz nə edirik? Düşünməyi, yaradıcılığı deyil, əzbərləməyi öyrədirik. Müəllimi deyil, kağızı əsas götürürük, keyfiyyəti yox, rəqəmi ölçürük.
Sonra da soruşuruq: niyə bizdə insan kapitalı yaranmır, niyə gənclər ölkədən gedir, niyə cəmiyyət passivdir, niyə təşəbbüskarlıq yoxdur?
Təhsil hər şeyi edə bilər, əgər düz idarə edilərsə, peşəkarlıq olarsa.
“Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur.” (Mark Tven). Amma bir şərtlə ki, təhsilin təşkili və idarəsi naşı əllərdə olmasın.
Təhsil sistemi, yoxsa imitasiya?
Bu gün təhsilimiz sistem kimi yox, imitasiya kimi işləyir. Islahat var, amma inkişaf yoxdur. Proqram dəyişir, amma məzmun korlanır, texnologiya alınır, amma düşüncə köhnədir.
Ən təhlükəlisi budur ki, biz bu problemlərə artıq adət etmişik, bu vəziyyəti “normal” kimi qəbul edirik, cəmiyyət buna öyrəşir. Bu isə təhsilin ən böyük düşmənidir.
Görünməyən müharibənin səngərlərində kimlər var?
Bu sistemin içində səssiz qəhrəmanlar da var. Təhsili milli tale kimi, elm kimi, vicdan işi kimi qəbul edən insanlar. Bunlar öz vəzifəsini vicdanla icra edən müəllimlərdir. Onlar məmur təzyiqinə, haqsızlıqlara, cəmiyyətin biganəliyinə, maddi çətinliklərə baxmayaraq öz işlərini ləyaqətlə görürlər.
Onlar təkcə savadsızlığa qarşı mübarizə aparmırlar. Onlar milli təhsili daxildən boşaldan, ruhunu söndürən meyllərə qarşı mətanətlə dayanırlar. Bu, asan mübarizə deyil, amma şərəflisidir.
Təhsil olmayan yerdə gələcək də yoxdur
Təhsil sadəcə məktəb, universitet, diplom deyil. Təhsil düşünmək bacarığıdır, məsuliyyət hissidir, gələcəyi qurmaq cəsarətidir. Təhsili olmayan ölkə gələcəyini idxal etməyə məcburdur. Beyin ixrac edir, təhilsizlik isə idxal edir. Bu isə inkişaf deyil – asılılıqdır.
Bu gün beynəlxalq təhsil günüdə, təbriklərdən əvvəl bir anlıq susaq və özümüzə sual edək: biz gələcək üçün təhsil qururuq, yoxsa keçmişi qoruyuruq? Azad düşünən insan yetişdiririk, yoxsa rahat idarə olunan kütlə?
Təhsil bizdə dəyərdir, yoxsa vitrin? Əgər bu suallardan qorxuruqsa, deməli problem təhsildə yox, bizim cəsarətimizdədir.
Təhsil bayram deyil. Təhsil – xalqın taleyidir. Taleyimizə biganə qalmayaq. Kölgə təhsilinə ümid olmayaq, məktələrimizi yenidən məktəb edək.
İlham Əhmədov
Təhsil eksperti, dosent