Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycanda təhsil sahəsinə ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmi son beş ildə 30 faizdən çox artıb. 2022-ci ildə təhsil bölməsi üzrə xərclər 3,9 milyard manat təşkil etdiyi halda, 2027-ci il üçün bu göstəricinin təxminən 5,1 milyard manata çatdırılması proqnozlaşdırılır. Bu artım təhsil sahəsində həyata keçirilən islahatların və dövlət dəstəyinin genişləndirilməsinin göstəricisidir”.
SİA xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.
Nazir müavini qeyd edib ki, 2026–2027-ci tədris ilində ölkənin təhsil sistemi ümumilikdə 2,2 milyon nəfəri əhatə edir. Onlardan 1,6 milyonu ümumi təhsil, 260 mini ali təhsil, 226 mini məktəbəqədər təhsil, 64 mini orta ixtisas, 45 mini isə peşə təhsili pilləsində təhsil alır. Bu il 128 min uşaq birinci sinfə qədəm qoyub.
Kənan Kərimzadənin sözlərinə görə, 2027-ci ildə dövlət büdcəsi xərclərində təhsilin payının 12 faiz, ümumi daxili məhsulda payının isə 3,6 faiz olması proqnozlaşdırılır. Təhsil sisteminin rəqəmsallaşdırılması, məktəb infrastrukturunun yaxşılaşdırılması, müəllimlərin peşəkarlığının artırılması və təhsilin əlçatanlığının genişləndirilməsi əsas prioritetlər sırasındadır.
O bildirib ki, məktəbəqədər təhsillə əhatə olunan uşaqların payı 2013-cü ildəki 16 faizdən hazırda 42 faizə yüksəlib. Valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində artıq 8 min uşaq özəl məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. 2027-ci ildə bu təşəbbüsün genişləndirilməsi üçün 37,5 milyon manat ayrılması nəzərdə tutulur. Növbəti mərhələdə 12 min uşağın bu modelə cəlb edilməsi, 2030-cu ilədək isə əhatə dairəsinin 30 min uşağa çatdırılması planlaşdırılır.
Nazir müavini ümumi təhsil sahəsində əldə olunan nəticələrə də diqqət çəkib. Onun sözlərinə görə, son illərdə 3600-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub, nəticədə 1,3 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. İnfrastrukturu yararsız və ya qəzalı vəziyyətdə olan məktəblərin sayı 2022-ci ildəki 900-dən hazırda təxminən 400-ə enib. 2030-cu ilədək ümumi təhsil müəssisələrinin infrastruktur problemlərinin aradan qaldırılması hədəflənir.
Kənan Kərimzadə müəllimlərin sertifikasiyası prosesinin nəticələrindən də danışıb. Bildirib ki, indiyədək 104 mindən çox müəllim sertifikasiyada iştirak edib, 91 min 400 müəllimin əməkhaqqına əlavələr olunub. Sertifikasiya nəticələrinə əsasən, müəllimlərin bir qismi 10 faiz, yüksək nəticə göstərənlər isə 35 faiz əməkhaqqı əlavəsi alır. 2027-ci ildə bu məqsədlə dövlət büdcəsindən 286,4 milyon manat ayrılması nəzərdə tutulub.
O, həmçinin təhsil sistemində rəqəmsal bacarıqların inkişafı, şagirdlərin kompüterlə təminatı və yeni maliyyələşmə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 2027-ci ildə 100 məktəbdə adambaşına maliyyələşmə modelinə keçid üçün 223,8 milyon manat vəsait nəzərdə tutulub. Təhsilin rəqəmsallaşdırılmasına isə 36,8 milyon manat ayrılması planlaşdırılır.