Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mən hesab edirəm ki, məktəblərdə dərs yükünün və ev tapşırıqlarının həddindən artıq olması şagirdlərin təhsilə marağına mənfi təsir göstərə bilər. Şagird gün ərzində həm məktəbdə, həm də evdə uzun saatlar dərslə məşğul olursa, müəyyən müddətdən sonra yorğunluq, diqqət dağınıqlığı və öyrənməyə qarşı marağın azalması müşahidə oluna bilər. Xüsusilə aşağı yaş qruplarında bu məsələyə daha həssas yanaşma tələb olunur". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamaliyev deyib.
Onun sözlərinə görə, burada əsas məsələ tapşırığın çox verilməsi deyil, onun nə dərəcədə məqsədyönlü olmasıdır: "Ev tapşırığı şagirdə mövzunu təkrarlamağa və bacarıqlarını inkişaf etdirməyə kömək etməlidir, əlavə stress yaratmamalıdır. Müxtəlif fənn müəllimlərinin verdiyi tapşırıqların ümumi həcmi də nəzərə alınmalıdır.
Təhsilin məqsədi şagirdi mümkün qədər çox yükləmək yox, onda öyrənməyə maraq formalaşdırmaqdır. Şagirdin istirahətə, sosial fəaliyyətə və şəxsi maraqlarına vaxtının qalması da təhsil prosesinin vacib hissəsidir. Düşünürəm ki, kəmiyyətə deyil, tapşırıqların keyfiyyətinə və nəticəyönümlülüyünə üstünlük verilməsi daha doğru yanaşmadır".