Təhsildə rəqəmsal keçidin hədəfləri

16.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi dövrdə elm və təhsil sahəsində doğru, dəqiq və etibarlı məlumatın cəmiyyətə çatdırılması mühümdür. Bu məqsədlə Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti təlim-müzakirə sessiyası keçirildi.

Açılış mərasimində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev və Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxış edərək layihənin əhəmiyyətindən, media ilə elm və təhsil arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışdılar.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsildə rəqəmsallaşma” mövzusunda təqdimatla çıxış etdi. O bildirdi ki, hazırda ölkədə interneti olmayan təhsil müəssisəsi yoxdur:

Bununla yanaşı, təhsil müəssisələrinin 63 faizi, şagirdlərin isə 82 faizi genişzolaqlı internetlə təmin olunub. Bu infrastruktur rəqəmsal bacarıqların inkişafına, elektron jurnal sistemindən istifadəyə və summativ qiymətləndirmələrin onlayn keçirilməsinə şərait yaradır.

– Təhsil şəbəkəsi Azərbaycanda bütün ümumi təhsil, peşə təhsili və bir çox ali təhsil müəssisələrini vahid intranet şəbəkəsində birləşdirir. Bu sistem sayəsində təhsil müəssisələri internetə vahid şəbəkə üzərindən çıxış əldə edir.

Şəbəkənin əsas üstünlüklərindən biri internet trafik xərclərinin azalmasıdır. Məsələn, bir məktəbdə istifadə olunan tədris resursu digər məktəblər tərəfindən də istifadə edildikdə əlavə xarici internet trafiki yaranmır. 

Digər mühüm üstünlük isə təhlükəsizlik və məzmunun filtrasiyasıdır. Şagird və müəllimlər internetdən istifadə edərkən zərərli və tədrislə əlaqəsi olmayan məzmunlara giriş məhdudlaşdırılır. Gələcəkdə dövlət tərəfindən qəbul edilən qanunvericiliyə uyğun olaraq, sosial şəbəkələr və digər platformalara giriş qaydaları da bu şəbəkə vasitəsilə tənzimlənə bilər.

Növbəti tədris ilindən “Rəqəmsal məktəb” platformasının region məktəblərində də tətbiqi nəzərdə tutulur. Bununla da Bakı ilə yanaşı, bölgələrdə təhsil alan şagirdlər və müəllimlər də süni intellekt əsaslı rəqəmsal imkanlardan yararlana biləcəklər.

Yaxın günlərdə elektron diplom və attestatların “mygov” platformasında da əlçatanlığı təmin ediləcək. Təhsil müəssisəsi məzun haqqında məlumatları sistemdə təsdiqlədikdən sonra elektron sənəd avtomatik formalaşacaq. Bu, sənədlərin operativ təqdim olunmasına və onların elektron qaydada yoxlanılmasına imkan yaradacaq.

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz vurğuladı ki, mobil vasitələr də təhsildə imkan kimi qiymətləndirilməlidir:

– Mobil vasitələrə yalnız diqqəti yayındıran cihazlar kimi deyil, öyrənmə və məlumat əldə etmə imkanlarını genişləndirən tədris alətləri kimi yanaşılmalıdır. Düzgün və məqsədyönlü istifadə edildikdə bu texnologiyalar şagirdlərin informasiyaya operativ çıxışını təmin edir, interaktiv öyrənməni dəstəkləyir və tədris prosesinin daha səmərəli təşkilinə töhfə verir. Müasir dövrdə rəqəmsal bacarıqların formalaşdırılması baxımından mobil vasitələrin təhsildə imkan kimi qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Mətbuat şurası sədrinin müavini Səadət Məmmədovanın sözlərinə görə, rəqəmsallaşmanın uğuru müəllimin hazırlığından asılıdır:

– Dünyanın rəqəmsal transformasiya sahəsində qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, təhsildə uğurlu rəqəmsallaşma yalnız texniki infrastrukturun qurulması ilə məhdudlaşmır. Estoniya hələ 1995-ci ildən təhsilin rəqəmsallaşdırılması istiqamətində sistemli islahatlara başlayıb. Məhz bunun nəticəsində ölkə pandemiya dövründə onlayn təhsilə keçid zamanı ciddi çətinliklərlə üzləşməyib. Müasir texnologiyalar və internet infrastrukturu vacibdir. Ancaq həmin imkanlardan səmərəli istifadə edə bilən müəllim yoxdursa, istənilən texnoloji həll gözlənilən nəticəni verməyəcək.

Azərbaycanda məktəblərin genişzolaqlı internet və digər texniki vasitələrlə təmin olunması mühüm addımdır. Bununla yanaşı, müəllimlərin rəqəmsal kompetensiyalarının gücləndirilməsi və yeni tədris yanaşmalarına hazırlanması da prioritet istiqamətlərdən biri olmalıdır.

Fidan ƏLİYEVA,
Cavid QAÇAYEV (foto)
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью