Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 42-ci buraxılışının yazılı variantını təqdim edir.
Siyasi gündəm
– Siyasi gündəmimiz daha çox ölkə başçısının Türkiyədə keçirilən zirvə toplantısına qatılmaması ilə bağlıdır. Rəsmi açıqlama olsa da, bu barədə müxtəlif rəylər səslənir, ancaq hiss olunur ki, heç kim səbəbi dəqiq bilmir. Mən özüm də bilmirəm və hamı kimi yalnız ehtimal yürüdürəm. Bəlkə, belə olmalıdır, bəlkə, belə olmalı deyil, bunu da dəqiqi bilmirəm. Ancaq hər işdə bir xeyir var. Məncə, bundan sonra türk qardaşlarımızın Azərbaycana münasibəti dəyişəcək. Bizi daha çox ciddiyə alacaqlar. İndiyədək, misal üçün, bizim sahədə – ədəbiyyatda və kinoda bizə heç vaxt lazımı qədər ciddi yanaşmayıblar. Neft ölkəsinin qələm admları kimi yuxarıdan-aşağı baxıblar və bura həmişə işbazlıq maraqları ilə gəliblər. Günahı həm də bizdə olmaq şərti ilə Türkiyə boyda ölkədə “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan kinosu” anlayışı hələ də fotmalaşmayıb. Ümid edirəm, münasibətimizin yeni müstəvisində bizim ölkəni həm də sənət coğrafiyası kimi qiymətləndirəcəklər.
İkinci vacib hadisə Ramiz Mehdiyevin məhkəməsi oldu. Bu barədə də kifayət qədər məlumatımız yoxdur. Məhkəmə qapalı keçirilib. Ancaq bir kinematqorafik məlumat oxudum. Hakim Ramiz Mehdiyevə son söz verir, o isə qəzəblə kameraya baxaraq susur. Yanındakılar izah edirlər ki, o öz son sözünü yazılı şəkildə bildirəcək.
Ramiz Mehdiyevlə bağlı müşahidə etdiyim ən qəribə nüanslardan biri də bundan ibarətdir ki, bir nəfər belə onun haqqında bir dənə müsbət söz demir. Hətta Mir Cəfər Bağırov haqda da müsbət danışan var, bunun haqqında danışan yoxdur. Qəribədir, iyirmi beş ilə yaxın ölkənin ən yüksək vəzfələrindən birində çalışasan, bir nəfər də sənin haqqında xoş söz söyləməyə. Əksinə, hamı qabırğasına döşəyir. Hətta yalançı qəhrəmanlar da peyda olub və adam kənardan baxanda sadəcə gülmək istəyir.
Müzakirə doğuran xəbərlərdən biri də ombudsman vəzifəsinə namizədlərin irəli sürülməsidir. İndiki müvəkkil Səbinə Əliyeva da daxil olmaqla üç nəfər namzəd göstərildi. Yaxşıdır. Ombudsman aparatımızı da var, ombudsmanımız da, bu vəzifəyə namizədlərimiz də, inşallah insan kimi hüquqlarımız da yerıli-yerində olar.
Paşinyanın daxili işi
– Baş nazir Nikol Paşinyan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı danışıb və Azərbaycan bizim daxili işimizə qarışa bilməz deyib. Lakin 1990-cı ildə qəbul edilən istiqlal bəyannaməsinə əsaslanan Ermənistan konstitusiyası Azərbaycan və Türkiyə ərazilərinə iddiaya dolayı yolla imkan yaradır. Əgər sənin konstitusiyan qonşu ölkələrin ərazi bütövlüyünü və suverneliyini təhdid etməyə şərait yaradırsa, demək, onun dəyişdiirlməsi yalnız sizin daxili işiniz deyil. Demokratioyaya iddialı bir rəhbər bu barədə daha obyektiv düşünməlidir. Əks halda onun azadlığı da, demokratikliyi də şühbə altında qalır.
Şagirdlər jurnalistləri döydü
– 225 saylı məktəbdə şagirdin faciəli ölümü və şagirdlərin jurnalistlərlə toqquşması həftəmizin ən çox müzkirə edilən hadisəsi oldu. Bu tip hadisələrdə informasiya çatışmazlığı müxtəlif şayiələrə yol açır. Rəsmi məlumata görə, yeddinci sinif şagirdi pəncərədən yıxılaraq ölüb, ancaq insanlar onun özünə qəsd etməsindən danışırlar. Məncə, jurnalistlər də bu natamam məlumatları dəqiqləşdirmək üçün ora gediblər və nəticədə əlbəyaxa dava başlayıb. Bu insidentin özünə də münasibət birmənalı deyil. Bəzi adamlar şagirdlərin, bəziləri isə jurnalistlərin tərəfini tutur. Vahid geyim forması ilə bağlı həssas vəziyyəti nəzərə alsaq, hər bir məsələdə xüsusi ehtiyatlı davranmaq lazım gəlir.
Məni narahat edən başqa bir nüans da vardı orda. Deputat oğlunun iştirak etdiyi məlum qətl hadisəsində olduğu kimi, məktəbdəki qarşıdurmada da idmançıların adı hallandı. Söhbət az-çox beynəlxalq uğur qazanan peşəkar idmançılardan gedir. Bu fakt bir daha sübut edir ki, musqula para yatrmaqla çox da uzağa gedə bilmərik. Nicatımız kitabda, düşüncədə və elmdədir. Elm ocağında isə mübahisələri şillə-təpiklə həll edirlər. Bu fakt təhsil siyasətimizin nə qədər bərbad olduğunu bir daha göstərir.
Dərsliklərimizi yazan oğrulardır?
– Azərbaycanın həll olunmayan problemlərindən biri də dərslik problemidir. Bu dərslikləri kim yazır, tenderi necə keçirirlər, qiymətləndirmə hansıl meyarlarla aparılır? Nə olur, nə olmur, nəticə sıfırdır. Hətta sıfırın altıdır. Bir var dəsrlik heç nəyə yaramasın, bir var zərər versin. Uzun müddət pedaqoji fəaliyyət göstərən şair-yazıçı Səhər Əhməd dərsliklərlə bağlı çox maraqlı faktlar araşdırıb və dərslik çap edən nəşriyyatın rəhbəri Rafiq İsmayılovun plagiat, bilməyənlər üçün deyim, oğurluq mətnini tapıb. Eyni zamanda, “Bilirdim ki gələcəksən” adlı bu pritçavari hekayənin ingilis dilindəki orijinal versiyasını yayımlayıb. Rafiq İsmayılov isə iddia edir ki, mətn mənim özümündür. Hətta bir çox hekayələri öz qohumlarımın adı ilə dərsliklərə daxil eləmişəm. Adam heyrətə gəlir. Bu hansı zərurətdir? Doğrudanmı Azərbaycanda o qədər mətn kasadlığı var ki, dərsliyin nəşri tapşırılan nəşriyyatın rəhbəri həm də onun-bunun adına hekayə yazmaq məcburiyyətində qalır.
Əlbəttə, Azərbaycan dili və ədəbiyyat dərsliklərimizin problemləri bununla bitmir. Məzmunsuz əfsanələrə, nağıllara üç qırx beş dəqiqə ayrıldığı halda, Əli Kərim, İsi Məlikzadə, Nüsrət Kəsəmənli kimi şair və yazıçılarımızn heç bir əsəri yoxdur. Müəlliflər bölməsinə nəinki heç kimin tanımadığı istedadsız imzalar salınıb, hətta onlar hqqında yazılar da dərc edilib. Səbəb? Səhər Əhmədin izahına inansaq, adını çəkdiyimiz yazıçıların vəzifədə qohumu yoxdur, ona görə.
Şəxsi müşahidələrimə əsaslanıb deyə bilərəm – sanki kiməsə Azərbaycan dərsliklərinin və təhsilinin məhv edilməsi tapşırılıb və təəssüf ki, həm də o adama çox geniş səlahiyyət verilib.
Çingiz Abdullayevin müsahibəsi
– Xalq yazıçısı Çingiz Abdullayev yenə internet televiziyalaırndan birinə müsahibə verib və aləmi biri-birinə qarışdırıb. Adımı çəkmədən mənim də ünvanıma tənqidlər yağdırıb. Bir dəfə demişəm ki, iyirmi vəzifədə işləyən Çingiz müəllimin iki yüzdən artıq roman yazmağa vaxtı haradan qalır, deyəsən, kitablarını özü yazmır. Əlbəttə, bunu istehza ilə demişəm. Çingiz müəllimin əsərlərini kiməsə yazdırması ilə bağlı əlimdə konkret fakt yoxdur. Məsələnin məğzi də bu deyil. Dünyada Çingiz Abdullayev kimi yüksək tirajlı yazıçılar öz azadlıqları naminə rəsmi vəzifələrdən qaçırlar. Qalstuk taxıb işə getmək, bitib-tükənməyən iclaslara qatılmaq, büdcə vəsaiti hesabına fəaliyyət göstərən idarə və təşkilatlardan maaş almaq...
Bəs Çingiz müəllimin əlində bu azadlıq varsa, onu niyə yaşamır? Əlbəttə, əgər varsa. Adam burada da şübhəyə düşür. Çünki belə bir fürsəti heç kim qaçırmaz. O isə özünün etiraf etdiyi kimi iyirmidən artıq rəsmi vəzifə daşıyır. İyirmidən artıq vəzifədə işləyib iki yüzdən artıq roman yazan yazıçı, ya vəzifələri yartmayacaq, ya da kitabları, bunun başqa lüksü yoxdur.
Müsahibədə daha bir çox ciddi məsələ də var və Çingiz Abdullayev ağ yalan danışır. O deyir, bizim PEN-Klubu beynəlxalq təşkilatdan ermənilərə görə azad etdilər. PEN-Klub nədir? Poeziya, Esse, Novel. Yəni ədəbiyyatla yanaşı jurnalsitikanı da əhatə edir və ilk növbədə dünyadakı bütün qələm admlarının hüquqlarını qorumaqla məşğuldur. Çingiz Abdullayev nə vaxt döyülən, öldürülən və həbs olunan qələm admları ilə bağlı yumşaq da olsa bir reaksiya bildirib? Əgər bildiribsə, zəhmət olmasa, göstərin, PEN-Klubun Çingiz müəllimə qarşı ədalətsiz davrandığını biz də görək.