Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Məktəblərdə vahid geyim formasının tətbiqi müzakirə edilərkən tez-tez Konstitusiyanın vicdan azadlığını təmin edən 48-ci maddəsinə istinad olunur. Xüsusilə də, vahid geyim formasının tətbiqinə qarşı çıxış edənlərin əksəriyyəti sözügedən tələblərin Konstitusiyamızın 48-ci maddəsinə (Vicdan azadlığı) zidd olduğunu iddia edirlər.
Bu arqumenti irəli sürənlərin fikrincə, hər kəsin dini etiqad azadlığı varsa, şagirdlərin məktəbə dini geyimdə gəlməsinə qoyulan məhdudiyyət həmin hüququn pozulmasıdır.
Lakin məsələni yalnız bir konstitusion müddəa əsasında qiymətləndirmək düzgün deyil. Çünki Azərbaycan Konstitusiyası vicdan azadlığı ilə yanaşı, dövlətin dünyəvi xarakterini və dövlət təhsil sisteminin dünyəviliyini də təsbit edir.
Ona görə də, məsələnin hüquqi tərəfini anlamaq üçün Azərbaycan Konstitusiyasının müvafiq müddəalarına, təhsil sisteminin təşkilinə dair prinsiplərə və hüquqların həyata keçirilməsini tənzimləyən qanunvericiliyə birlikdə, kompleks şəkildə nəzər salmaq lazımdır. Çünki Konstitusiyanın ayrı-ayrı maddələrini bir-birindən təcrid olunmuş şəkildə şərh etmək hüquqi mənzərəni tam əks etdirmir və yanlış təsəvvür formalaşdırır.
Dünyəvi təhsil sistemi
Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Konstitusiyanın 18-ci maddəsində isə dinin dövlətdən ayrı olduğu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı açıq şəkildə göstərilir.
Bu müddəalar dövlətin yalnız idarəçilik modelini deyil, təhsil sisteminin fəaliyyət prinsiplərini də müəyyən edir. Yəni, Konstitusiyada açıq şəkildə göstərilir ki, dövlət ümumtəhsil məktəbləri dini təlimlər əsasında deyil, dünyəvi təhsil prinsipləri ilə fəaliyyət göstərməlidir. Təhsil prosesinin təşkili, məktəbdaxili qaydaların müəyyənləşdirilməsi və vahid geyim standartlarının tətbiqi də bu hüquqi çərçivədə qiymətləndirilməlidir.
Deməli, dövlət məktəblərində geyim qaydaları müəyyənləşdirməsi özlüyündə Konstitusiyaya zidd hesab edilə bilməz. Çünki həmin qaydalar dünyəvi təhsil prinsipinin qorunmasına və ümumi geyim standartlarının təmin edilməsinə xidmət edir.
Təhsil almaq və istədiyi kimi təhsil almaq arasındakı fərq
Bəli, Konstitusiyanın 48-ci maddəsi hər kəsin vicdan azadlığını təmin edir. Həmin hüquqa əsasən, insanlar dinə münasibətini müstəqil müəyyənləşdirə, dini etiqadını ifadə edə və ya heç bir dinə etiqad etməyə bilər. Lakin bu hüququn mövcudluğu onun bütün şəraitlərdə heç bir istisna hal olmadan həyata keçirilməsi demək deyil.
Eynilə Konstitusiyanın 42-ci maddəsində (Təhsil hüququ) olduğu kimi. Bu maddəyə əsasən hər kəsin təhsil almaq hüququ var. Ancaq hər kəsin təhsil almaq hüququ və hər kəsin istədiyi kimi təhsil alması tamamilə başqa məsələlərdir.
Bir anlıq düşünək: Bir valideyn övladını heç bir rəsmiləşmə prosesindən keçirmədən birbaşa sinif otağına gətirir, parta arxasında əyləşdirir və “övladıma təhsil verin” deyir. Bunun qanunazidd olduğunu, məktəbdə təhsil almaq üçün müvafiq prosedurların mövcudluğunu izah edənlərə əhəmiyyət qoymur və mənim övladımın təhsil almaq hüququ var, bunu poza bilməzsiniz” deyir. Təbii ki, belə bir tələbin qanuni olması qeyri-mümkündür.
Başqa bir nümunə: Heç bir imtahan verməyən bir gənc universitetə gəlib, “mənim Konstitusiyanın 42-ci maddəsinə əsasən təhsil almaq hüququm var” deyir və müvafiq tələbləri yerinə yetirmədiyi halda ali təhsil almaq istəyir. Belə bir hal həm qanunən, həm də mənəvi olaraq qəbuledilməzdir.
Yəni, Konstitusiyanın 42-ci maddəsi şagirdin təhsil müəssisəsində mövcud olan qaydaları heçə sayıb, məktəbə istədiyi formada gəlib, istədiyi kimi rəftar etməsi anlamına gəlmir. Təhsil prosesində davamiyyət, qiymətləndirmə, qəbul və geyimlə bağlı tələblər müəyyən edilə bilər. İnsanların təhsil hüququnun olması bu tələblərin avtomatik olaraq qanunsuz sayılmasına əsas vermir.
Eyni məntiq vicdan azadlığı məsələsinə də aiddir.
Müəllim və şagirdlərin dini etiqada malik olması onun dövlət məktəbində qüvvədə olan geyim qaydalarından avtomatik azad edilməsi demək deyil. Şagird istədiyi dinə inana, etiqad edə bilər. Ancaq onun atributlarının məktəbdə nümayişi, təbliği təhsilin dünyəviliyi prinsipinə ziddir.
Beləliklə, vicdan azadlığına istinad edərək məktəbdə dini atributlardan istifadəyə qoyulan istənilən məhdudiyyəti Konstitusiyanın pozulması kimi təqdim etmək hüquqi baxımdan yanlışdır.
Təhsildə dünyəviliyi və bərabərliyi qorumaq üçün geyim tələbləri
Məlum olduğu kimi, Konstitusiyada hüquq sisteminin əsas müddəaları, prinsipləri müəyyənləşdirilir. Onların tətbiqi və istisna halları isə konkret qanunlara, qərarlara və digər normativ hüquqi aktlara əsaslanır.
Yəni, məktəblərdə vahid geyim forması ilə bağlı yanaşmanın hüquqi əsasları yalnız Konstitusiya ilə məhdudlaşmır. Belə ki, vahid geyim formasına qarşı çıxanlar Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarının Konstitusiyaya zidd olduğunu iddia edirlər.
Sözügedən qərara əsasən şagirdlərin geyim formasının vahidliyini pozan, eyni zamanda ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir. Sözügedən prinsip müəllimlər üçün də nəzərdə tutulur. Bu isə birbaşa Konstitusiyanın 18-ci maddəsinin III hissəsinə - dövlət təhsil sisteminin dünyəvi xarakterinə əsaslanır.
Sadə dillə izah etsək, burada mühüm məqam ondan ibarətdir ki, məktəblərdə dini atributlarla bağlı məhdudiyyətin mövcudluğu ilə vicdan azadlığının tamamilə aradan qaldırılması eyni anlayışlar deyil. Hər bir şagird və ya müəllim dini etiqadını seçmək hüququnu saxlayır, lakin həmin etiqadın atributlarını təhsil müəssisələrində nümayiş etdirmək dövlət təhsil sisteminin dünyəviliyinə qarşıdır. Ona görə də Nazirlər Kabinetinin müvafiq qərarı nəinki Konstitusiyaya ziddir, tam əksinə dünyəvi təhsilin (Konstitusiyanın 18-ci maddəsi) qorunmasına xidmət edir.
Bir sözlə, məktəblərdə vahid geyim formasının tətbiqini təhsil hüququnun pozulması və vicdan azadlığı prizmasından qiymətləndirmək hüquqi cəhətdən tamamilə yanlışdır.
Bizim.Media-nın analitik qrupu