Tək qaldı, amma bayrağını yerə qoymadı…

30.10.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə Milli Qəhrəman Natiq Qasımovun həyatından bəhs edən “Düşmənə qarşı tək” filmi təqdim olunub.

Bəzən bir insanın göstərdiyi qəhrəmanlıq bütöv bir xalqın yaddaşına həkk olunur. İllər keçir, nəsillər dəyişir, amma o insanın adı, Vətən sevgisi, son ana qədər nümayiş etdirdiyi mərdlik unudulmur. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov da belə oğullardandır. Bir vaxtlar düşmən qarşısında tək qalsa da, Azərbaycan bayrağını yerə qoymayan bu gəncin qəhrəmanlıq hekayəsi indi ekranlara gətirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “SOY Production” şirkətinin istehsalı olan “Düşmənə qarşı tək” qısametrajlı filminin təqdimatı keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, “SOY Production” şirkətinin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, şəhər rəhbərliyinin nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Filmin layihə rəhbəri Dilarə Əliyeva çıxışında ekran əsərinin yaranma tarixindən, çəkiliş prosesinin özünəməxsus xüsusiyyətlərindən danışıb. Bildirib ki, müasir süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanan film Natiq Qasımovun həyat və döyüş yolunu tamaşaçıya fərqli formada təqdim edir. Əsas məqsəd isə qəhrəmanın unudulmayan şücaətini xüsusilə gənc nəslə çatdırmaqdır. Dilarə Əliyeva layihənin həyata keçirilməsinə göstərdiyi təşkilati dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürünü bildirib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Natiq Qasımovun qəhrəmanlığının xalqımızın yaddaşında xüsusi yeri olduğunu vurğulayıb. Qeyd edib ki, belə filmlər yalnız keçmişi xatırlatmır, həm də gənclərə Vətənə sədaqətin, cəsarətin və mənəvi möhkəmliyin nə demək olduğunu göstərir.

Mərasimin ən kövrək anlarından biri Milli Qəhrəmanın qardaşı Nofəl Qasımovun çıxışı olub. O, qardaşı ilə bağlı xatirələrini bölüşüb, Natiqin xarakterindən, Vətənə bağlılığından, çətin anlarda belə dönməzliyindən söz açıb. Qardaşının xatirəsinin yaşadılmasını ailələri üçün böyük mənəvi təsəlli kimi qiymətləndirərək filmin yaradıcılarına və tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.

Daha sonra “Düşmənə qarşı tək” filmi nümayiş etdirilib. Ekranda canlanan hadisələr tamaşaçılara Birinci Qarabağ müharibəsinin ağrılı günlərini, Vətən torpağı uğrunda göstərilən fədakarlığı bir daha xatırladıb. Film böyük maraq və rəğbətlə qarşılanıb.

Əslində, bu ekran əsərinin təsir gücü təkcə qəhrəmanlıq səhnələrində deyil, onun arxasında dayanan gerçək insan taleyindədir. Natiq Qasımovun hekayəsi bir daha göstərir ki, qəhrəmanlıq bəzən insanın ən çətin anda verdiyi qərarda, sonadək qoruduğu inamda və əlindən buraxmadığı bayraqda yaşayır.

Qeyd edək ki, filmin layihə rəhbəri Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn, redaktoru isə Fariz Əliyevdir.

Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dünyaya göz açıb. Sonralar ailəsi ilə Mingəçevirə köçüb. Hərbi xidmətini başa vurduqdan sonra, 1991-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Onun adı Birinci Qarabağ müharibəsinin ən təsirli qəhrəmanlıq səhifələrindən biri ilə bağlıdır. 1992-ci ilin martında Xocalı rayonunun Pirlər kəndi yaxınlığında yerləşən qədim Alban kilsəsində döyüş yoldaşlarını itirdikdən sonra beş gün təkbaşına müqavimət göstərib. Ağır şəraitə, aclığa və susuzluğa baxmayaraq, Azərbaycan bayrağını qoruyub. Martın 12-də əsir götürülən Natiq Qasımovun sonrakı taleyi barədə dəqiq məlumat yoxdur. Onun göstərdiyi mərdlik həmin dövrdə xarici jurnalistlərin də diqqətini çəkib. Azərbaycan bayrağını qoruyan gəncin fotoşəkli illər keçdikcə bir qəhrəmanlığın rəmzinə çevrilib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Natiq Qasımov cəmi 21 yaşında Vətən uğrunda mübarizənin unudulmaz simalarından birinə çevrildi. O gün düşmən qarşısında tək idi. Bu gün isə onun adı milyonlarla azərbaycanlının yaddaşında yaşayır.

Çünki o, tək döyüşdü, amma heç vaxt tək qalmadı…

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью