Təkcə gül Rafael Hüseynov yazır

25.09.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rafael HÜSEYNOV
Akademik

Oyuna hər kəsin ehtiyacı var - böyüyün də, kiçiyin də. Böyüyün böyük oyunu var, kiçiyin kiçik oyunu. İnsan yaşın müəyyən həddinə çatandan sonra elə zənn edir ki, sanki ömrün uşaq oyunları dövrü bitdi və köhnə oyunlar ona sadəlövhlük kimi gəlir. Ancaq özünün də xəbəri olmadan tam ciddiyyətlə başlayır köhnə oyunları bir yeni şəkildə təkrarlamağa.

Evcik-evcik oynayan bir balacayla həyat-həyat oynayan böyüyün fərqi yalnız yaş və miqyaslardır. O da oyundur, bu da. Gəlinciklə oynayan qızcığazla balası ilə oynayan ana da həmin cür. Teatrı da, kinonu da insan oğlu oyunlara bütün varlığımızla bağlı olduğumuzdan yaradıb. Aqillərin dünyanı teatr səhnəsi, hamını aktyor, Pərvərdigarı da ən böyük rejissor sayması düşüncəsi də boşuna yaranmayıb ki!

Həyatına, yaradıcılığına, mənəvi dünyasına daha artıq sirayət etdikcə məndə bu qənaət daha artıq qətiləşir ki, Cəfər Cabbarlının 1920-ci illərin sonları və 1930-cu illərin əvvəllərində artıq yaradıcı gücünü yetərincə təsdiq edikdən sonra, qələminin ən püxtə, təcrübəsinin, səriştələrinin ən yetkin çağında başlıca məqsədi cəmiyyətə sözünü çatdırmaqda və insanları, yurdunu arzuladığı yaxşılıqlara doğru dəyişməkdə seçdiyi əsas xətt kino imiş, artıq kino onunçün aşiq kəsildiyi teatrdan da əziz olubmuş, məqsədi özünü bütünlüklə kinoya həsr etmək və Azərbaycan ekranını dünyanı heyran qoyacaq incilər yaratmaqçün mühit hazırlamaqmış.

Ədəbiyyatdakı, teatrdakı, ictimai həyatdakı bütün çalışmaları da sanki böyük uçuşa yetişmək mərhələləriymiş, o, özünü ömrünün baçlıca mənası və qayəsinə dönməli olası, yaradıcı kimi əsas missiyası sayılası sınağa kökləyirmiş.

Nə acı ki, bu niyyət, bu ülvi arzu və Azərbaycana təsəvvüredilməz başucalıqları gətirəcək istək elə başlanğıc mərhələsindəcə yarımçıq qalıb və sonra bizim Cəfər kimi ikinci o nəhənglikdə və biçimdə zövq, düşüncə və yaradıcılıq qüdrətli adamımız olmayıb ki, həmin dilək bir də könüldən keçə.

Elə bil ki, Göylər hər şeyi ölçüb-biçibmiş də. Cəfərin doğum tarixinin cüzi oyan-buyanı var - yaxın qohum-əqrəbanın xatirələri də, hətta sənədlərdəki rəqəmlər də il fərq edə bilir, ancaq daha çox inanılası 1899-dur, onu da götürmüşük zatən, 1897, 1896 və digər cür olması ilə də (bəzi sənədlərində bu tarixlər də keçir) mahiyyət dəyişən deyil. Lakin indiki anda düşündürən Cəfərin ayrı bir zaman kəsiyində deyil, məhz dünyanın ilk filmlərinin və Azərbaycan kinosunun doğulması ilə təqribən eyni vaxtda təvəllüd tapmasıdır.

Sovet onillərində Azərbaycanın da, elə SSRİ-nin də dörd bucağındakı bir-birinə bənzəyən kinoteatrların istisnasız olaraq hamısının hansısa divarında bolşevizmin baş ideoloqu və siyasi bütü Vladimir Leninin hər kəsin əzbərinə çevrilmiş, insafən də çox doğru olan sözləri yazılmışdı: "Bütün incəsənətlərdən bizim üçün ən vacibi kinodur". Lenin bu sözləri 1922-ci ilin fevralında yeni qurulub inkişaf etməyə başlayan Sovetlər ölkəsinin kinolaşdırma məsələləri müzakirə edilərkən maarif naziri Anatoli Lunaçarskiyə söyləmişdi və o, sonralar dəqiqləşdirirmiş ki, həmin fikrin ardı da vardı. Lenin davam edibmiş ki, nə qədər xalq savadsızdır, sovet hakimiyyəti üçün ən əhəmiyyətli olan kino və sirkdir, çünki bunlar kütlələrə aydındır, həm də onların ikisinin də böyük təbliğat gücü var.

Cəfər Cabbarlı amalı millət quruculuğu olan nadir şəxsiyyət idi, xalqın və yurdun yüksəlişinə ən çox xidmət edə biləcək hər istiqamət onu çəkirdi, kinonun da bu quruculuqda mühüm qızıl açar olduğunu o həm üstün zəkasıyla, həm də iti fəhmiylə gözəlcə hiss edirdi. Lenin hekayətini də sovetdövründənqalma keçmişki adətlə - mütləq rəhbərlərdən sitat gətirmək vərdişi ilə deyil, böyük quruculuqlar astanasında olanların bu gedişatda kinonun necə möcüzəli vasitə olduğunu həssaslıqla dərk etmələrini qabartmaqçün yada saldım.

Mənim uşaqlıq çağlarımda, 1960-cı illərdə artıq çoxdan idi ki, kino yetərincə yaşa dolmuşdu, gündəlik həyatın bir parçasına çevrilmişdi, çox evdə televizorlar da vardı. Ancaq bu da xatirimdədir ki, insanlarda kinoya həvəs necə coşqun idi, kinoteatrlar həmişə nə təhər ağzınacan dolu olurdı, hansısa məşhur filmlər göstəriləndə isə seansdan öncə bilet almaqçün uzun növbələr yaranardı - Bakıda da, yaxın-uzaq rayonlarda da. Hələ kəndlər! Bunu da unutmuram ki, hələ klubu olmayan kəndlərə yay axşamlarında həftədə bir-iki dəfə "kino gətirərdilər". Geniş məkan seçərdilər, kimsə bardaş qurub yerdə oturardı, kimsə özü ilə stul gətirib əyləşərdi, qoca, ahıl, cavan, uşaq cəm olardı, camaat bir yerə yerləşərdi, ekran asıb filmlər göstərərdilər, bir hissə bitəndən sonra 3-4 dəqiqəlik fasilə yaranardı, obiri hissənin lentini taxardılar, kəndin işıqlarının sönə biləcəyi ehtimalını nəzərdə saxlayaraq ayrıca motor da tədarük edilərdi ki, işdi-şayəd, işıqlar keçsə, cərəyanı oradan alsınlar, film yarımçıq qalmasın.

Hər bədii filmdən əvvəl də hökmən mühüm siyasi-ictimai xəbərlərdən ibarət 10 dəqiqəlik jurnal göstərilərdi.

Kino ömrün bəzəyi idi, həm də özünə görə bir ayrıca məktəbdi.

Elə məktəb ki, heç bir başqa yolla kütlələrin şüuruna bu cür çevik, bunca dərin və qalıcı təsir göstərə bilməzdi.

Bu həqiqət, əlbəttə ki, XX əsrin ilk onilliklərində, Azərbaycan kinosu asta-asta ayaq tutmağa başladığı əyyamlarda daha aydın duyulurdu.

İnsanları yeni zamanla ən qısa vaxtda hər cəhətdən həmnəbz etməyə kinodan uyğun "sehrli çubuq" yoxdu.

Cəfər də bunu görürdü, duyurdu və başqalarına nisbətən daha uzaq sabahları öncədən sezməyə qadir olduğundan xalqının kino silahına yiyələnməsinin vacibliyini tarixin o dönəmindəki ən ümdə həqiqət kimi qavrayırdı.

Lakin kino elə nemət idi ki, pula və bir çox təminatlara bağlanırdı, bu isə daha çox Mərkəzdən - Moskvadan, nisbətən də elə aşağıdan - burada, Azərbaycanda həmin işə əncam çəkməlilərin nə dərəcədə millət, Vətən təəssübkeşi olmasından asılı idi.

1920-ci illərin ikinci yarısı, 1930-cu illərin başlanğıcında bizim hər iki istiqamətdə sıxıntılarımız çoxmuş. Lakin tale, bu sürətlə dəyişən, hər gün ortaya yeni tələblər qoyan, açıq və örtülü şəkildə kim daha qabağa düşdü düşdü çarpışması gedən çağlarda bizə Cəfər Cabbarlı kimi parlağı nəsib etmişdi. O, özünü oda-közə vururdu, bilavasitə kino fəaliyyəti ilə durmadan məşğul idi - bu, az-çox bilinir, amma onun mübarizələrinin az bilinən, dərindən bilinməsi isə vacib olan səmti də vardı. Cəfər kinoya millət quruculuğunun həyati əhəmiyyətli sahəsi kimi baxırdı, ona görə də aparıcı mövqelərə çıxa bilməsi, dəyərli kinoçularımızın yetişməsi, Azərbaycanda sağlam kino mühitinin yaranmasından ötrü köksünü qabağa verərək cəsarətlə döyüşürmüş. Həm də açıq aparılan bu mübarizənin Cəfərə həddən artıq ağır zərbələrinin dəyəcəyi də istisna deyildi. Ona görə yox ki, opponentlərindən hansılarısa onun peşəkar tənqidlərindən qeyzlənəcəkdilər, Cəfəri kino təsərrüfatından kənar salmağa cəhd göstərəcəkdilər, yaxud yazdığı ssenarilərin çəkilməsinə və ya çəkəcəyi filmlərlə əlaqədar işlərin başlanmasına pəl vuracaqdılar və digər belə-belə yaramazlıqlar. Yox, məsələ daha ciddi idi. Cəfərin Azərbaycan kinosu uğrunda mübarizələrinin gizlədilməsi mümkünsüz, elə gendəncə aşkar görünən siyasi tərəfi vardı, xalqçı rəngi vardı ki, Cümhuriyyətlə, istiqlalçılıqla bağlı keçmişiylə (sovetin nəzərində isə bu, günahların ən ağırı və bağışlanmazı idi) sovet illərinin hər birində və hər yeni günündə o, hər an uçurum astanasında dayanmış kimi idi. Onun yaradıcılığı ilə durmadan nümayiş etdirməyə çalışdığı yeni quruluşa sədaqətlə xidmət görsənişlərini şura hökumətinin yaxın dünəni heç vəchlə unutmayan kinli cəza orqanları həqiqət, səmimiyyət deyil, gözdən pərdə asmaq, əsl simasını gizlətmək kimi dəyərləndirməkdə davam edirdi və Cabbarlının istənilən vətənpərvər çağırışına qatı millətçu damğası vurmaq onların əlində su içmək kimi asan idi.

Cəfərsə ağına-bozuna baxmırdı, sözdə yox, əməldə əyninə kəfən geymiş kimiydi.

Respublika Əlyazmalar İnstitutunda Cəfər Cabbarlının milli kinomuz uğrunda mübarizələrinə həsr edilmiş 5 əlyazması saxlanılır və hamısı da ruscadır. Rusdillilik Cəfərin digər bir üstünlüyü idi və mükəmməl ruscası olmasaydı, bu mətnləri ana dilində qələmə alsaydı, bunlar elə özü deyib, özü də eşitməyə bərabər olardı. Cəfərinsə bu sözləri onu rusca anlayanlara, ixtiyar sahiblərinə ünvanlanmışdı.

Təəssüflər ki, o yazılardan indiyədək yalnız biri ixtisarla, həm də bir sıra hallarda xətalarla tərcümə və nəşr edilib, daha kəskin və təsirli olanlarısa ictimaiyyətə çatmadan, Cəfərin bir sıra başqa dəyərli əlyazmaları kimi sükut içində uyumaqdadır. "Azərkino" haqqında" (RƏİ, fond 16, saxlama vahidi 113) sərlövhəli 11 vərəqlik əlyazmasını Cəfər belə başlayırdı: "İndiki dövrdə bizim sürətli templərlə inkişaf edən sənayemiz və mədəni yüksəlişin ümumi sistemində "Azərkino" biabırçı ləkədir. Mövcud olduğu bütün illər ərzində Azərbaycan kino sənayesi özünə doğru yol müəyyənləşdirə bilməyib və yüz minlərlə manatın həzm-rabedən keçirilməsinə baxmayaraq, təqribən az-çox məqbul sayıla biləcək məhsul verməyib. İşlərin gedişini nəzərə alsaq, bunu gələcəkdə də gözləmək olmaz. Bu ona görə baş verir ki, bizim kino sənayemizin rəhbərləri indiyə qədər kino işimizin dəqiq və müəyyənləşmiş hədəf və imkanlarını bərqərar etməyiblər. Ona görə də bizim kino işimizin hədəfləri həmişə təsadüfidir və daimi uğursuzluq təmin edilmişdir.

İndi bizim kino işimizi necə adlandırmaq olar: "Azərbaycanda kino", ya "Azərbaycan kinosu"? Nə o, nə bu cürə".

Cəfər Cabbarlının "Azərkino"nun problemlərinə həsr olunmuş daha 3 yazısı da məzmunca buna yaxındır. Lakin hər birində yeni faktlar, təfərrüatlar var və kinomuz üçün müəyyən taleyüklü məqamlarsa hər birində təkrarlanır. Belə təsəvvür yaranır ki, bunlar Cəfərin kino məsələlərinin ciddi müzakirələrinin getdiyi müxtəlif toplantılarda çıxışlarının mətnidir. Bu atəşin çıxışların hər birindəsə Cəfərin odla oynadığı, onu çox bəlalara düçar edə biləcək kəskin qənaətlər hər dəfə yeni ifadələrlə təzahür edir. Sovet kino meydanında Azərbaycan kinosunun qəribçiliyə salındığını, Azərbaycan - türk insanının milli kino ehtiyacının ödənilməsinə tam biganə yanaşıldığını o, heç nəyi ört-basdır etmədən, eyhamla danışmadan, birbaşa hədəfə tuşlanaraq dilə gətirir: "Aydındır ki, istənilən başqa incəsənət növü kimi, bizim kino da, başlıca olaraq, digər Sovet kino təşkilatlarının fəaliyyətindən kənarda qalan türk əhalisinin həyat və məişətini əks etdirməklə, Azərbaycanın fəhlə-kəndli kütlələrinin yaradıcılıq imkanları əsasında möhkəmcə böyüyüb inkişaf tapmalıdır. Və onların sosializm quruculuğu yolunda mübarizələrini, qələbə və məğlubiyyətlərini, nöqsanları tənqid və ifşa etməklə, uğurları qiymətləndirməklə əks etdirməlidir. Əlbəttə, bütün bunlar türk fəhlə-kəndli kütlələri üçün səciyyəvi və tanış surətlərdə, tiplərdə (söz yox, sinfi baxımdan istiqamətlənmiş, türk həyatı və mühitini yaxşı bilən mahir rejissorun seçdiyi, doğruçu tonlarda və gözəl bədii zövqlə, ustalıqla seçilmiş və zərif naxışlarla bəzənmiş) əksini tapmalıdır. Belə sənət formaca milli olmaqla, türk sənətkarın yaradıcı təbiətinin bütün dərinliyini əks etdirməklə, məzmunca tamamilə beynəlmiləl ola bilər və olmalıdır. Belə kino bütün Sovet İttifaqı və digərləri üçün maraq kəsb edər.

Bizdə belədirmi? Əlbəttə, yox. Bizdə nə edilir? Moskvadan, Leninqraddan, ya başqa şəhərlərdən, həm də həmişə pis və başqa kino təşkilatları üçün qəbuledilməz olan rejissor, operator və digərləri dəvət edilir. Belə adamların ixtiyarına on min rubllar verilir, onlara bizim həyatımızdan bəhs edən filmə mövzu seçmək və quruluş vermək tapşırılır.

Azərbaycan kimi bunca az tədqiq edilmiş, az öyrənilmiş mühitdə, hətta təcrübəli və qabil adam (belələri bizdə ümumiyyətlə olmur, hər halda indiyədək olmayıb; bundan sonra da hansısa təşkilat özünün yüz minlərlə manatının aqibətini etibar etdiyi bir şəxsi, ona verəcəyi bir neçə on min rublluq məvacibə qıymayaraq, çətin ki, buraxsın) dərhal özünü itirə bilər. Bir ucdan bizə gələn keyfiyyətsiz işçilərdənsə danışmağın yeri yoxdur. Həmçinin bizə hətta aparata lenti doldurmağı bacarmayan operatorlar gətirilib".

Cəfər ümumi sözlərlə danışmır, onun danılmaz sübutları, dəlilləri var - birbaşa adları sadalayır, gəlmələrin çəkdiyi zay filmlərin əsas qüsurunun məhz kənardangətirilmə naşılar üzərində iş qurmağın bir siyasətə, xəttə çevrildiyi olmasını bəyan edir. Açıqca söyləyir ki, heç öz studiyalarında saya salınmayan, iş tapşırılmayan vecsizlərin bizə bəh-bəhlə dəvət olunması bir tərəfdən dövlət vəsaitinin yelə sovrulmasına bais olursa, digər tərəfdən bu qabiliyyətsizlərin qısa müddətdə yerli şəraiti və xarakteri anlaya, duya, öyrənə bilməməsi ucbatından çəkdikləri də qara qəpiyə dəyməyən olur: "Bizə yetişincə onlar aylarla material axtarışında işsiz avaralanır, 100 manatlarla vəsait alaraq ciblərinə doldurub, heç nə etmədən gəzirlər. Məsələn, Pantaleyev, Maron və başqaları. Bu "mütəxəssislər"in bir qismi on min manatlarla vəsaiti cürbəcür "Bayquş"ların çəkilməsinə sərf ediblər. ("Bayquş" filmi 1924-cü ildə ekranlaşdırılmış, həmin il sentyabr ayının 12-də ekranlara çıxmış 6 hissəli 64 dəqiqədən ibarət səssiz film idi. Rejissor Georgi Kravçenko mg operator Vladimir Lemkenin çəkdiyi bu filmdə Abbas Mirzə Şərifzadə (1893-1938), Ağarza Quliyev (1898-1976), Möhsün Sənani (1900-1981) kimi mahir aktyorların çəkilməsinə baxmayaraq, yerli həyata nabələd olan ssenari müəllifi Leo Murun (1889-1937) uğursuz mətni elə başlanğıcdan bu kinolentin populyarlıq qazana bilməyəcəyinə əsas yaratmışdı. Vladimir Lemke Bakıda 1923-1925-ci illər arası işləmişdi. "Yeni yol" qəzeti 1924-cü il oktyabrın 16-da Məmməd Səid Ordubadinin (1872-1950) "Kino aktyorları Hökməlidə" adlı məqaləsində bu filmin çəkilişlərindən xəbər verirdi. Lakin aparılan ardıcıl reklam işləri də tamaşaçıların bu filmə diqqətini cəlb edə bilməmişdi - R.H.).

Və löyün-löyün "Nat Pinkerton"lar kinofilmlərini rəflərdəki sıçovullardan başqa heç kəs görmür ("Pinkertonlar" - bu filmi Aleksandr Litvinov çəkmişdi. O, 1898-ci ildə Azərbaycan kinosunun yarandığı ildə Bakıda doğulmuş, 1917-ci ildə Bakı Gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Darülfünunun Tibb fakültəsinə girmiş, eyni vaxtda ssenarist kimi kino işinə qoşulmuşdu. 1918-ci ildə təhsilini yarımçıq qoyub Azərbaycan Kino İdarəsinə işə getmişdi. 1920-1922-ci illərdə Azərbaycan Kino İdarəsinə rəhbərlik etmiş, bir ara Bakını tərk etsə də, 1923-1926-cı illərdə Azərbaycan Kino Fabrikində rejissorluq etmiş, 1925-ci ildə "Qırmızı Pinkertonlar" filmini çəkmişdi. Bakıda və digər kinostudiyalarda əsasən sənədli, publisistik filmlərdən ibarət xeyli kinolentə rejissorluq etsə də, o cümlədən "Mosfilm"də də bir sıra filmlər çəksə də, onların heç biri yetərincə şöhrət tapa bilməmişdir. Aleksandr Litvinov 1977-ci ildə vəfat etmişdir - R.H.).

Azərbaycan kino sənayesi, əlbəttə, nə məşhur Kravçenkonu, nə də məşhur aktrisa arvadı ilə birgə Litvinovu unudar. Belə işçilərin özlərindən və kino idarəsinin əməkdaşlarından savayı heç kəsin xoşuna gəlməyən zibil filmləri təsadüfən başa çatanda, onlar öz reklam rıçaqlarından istifadə edərək dahi kimi qələmə verilirlər və yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürərək çıxıb gedirlər.

Belə olanda Azərbaycan kinosu Əli aşından da, Vəli aşından da olaraq yenə əliboş qalır və SSRİ boyu işçilər axtarmağa başlayır ki, görən, haradasa iş bacarmadığına görə ixtisara salınmış kimsə varmı ki, onu bura, bizə işə götürsünlər.

Bu rejissorlar necə işləyirlər? Özlərini yerli qüvvələrdən işçi toplamaqdan ötrü əziyyətə salmamaq üçün iki saatlıq mənasız iş üçün altı aylıq məvaciblə, yol pulu və növbəti film üçün də zəmanət tələb edən Makuxina (S.Makuxina 1928-ci ildə Bakıda gəlmə rejissorlar Andrey Bıxoxski və Leo Murun çəkdiyi səssiz  "Gilan qızı" filmində rol almışdı - R.H.) kimi zəif və tamamilə yararsız adamları gətirirlər.

Bu "mütəxəssislərin" öz "incə" zövqləri ilə nələr durğuzduğu göz qabağındadır. İndiyə qədər Azərbaycan kinosu bircə dənə belə ortabab filmlə öyünə bilməz".

Və Cabbarlı acınacaqlı faktı nümunə gətirir - 1930-cu ildə SSRİ xalqlarının Moskvada keçirilən Ümumittifaq İncəsənət və Teatr Olimpiadasına hər kəs öz milli filmi ilə gedəndə Azərbaycanda aparılmış kino işinin paxırı bütün dəhşəti ilə açılır: "Azərbaycan kinosu bircə filmini də verə bilməyərək "Ermənistankino"nun çəkdiyi filmlə çıxış etməli oldu. "Azərkino"nun iştirakı yalnız bundan ibarət oldu ki, "Ermənistanfilm"in məsrəflərinin bir hissəsini öhdəsinə götürdü. Yalnız filmin bir hissəsi Bakıda çəkilməkdən başqa, nə rejissor, nə operator, nə aktyorların Azərbaycanla, türklərlə heç bir əlaqəsi yox idi".

Və Cəfər keçir ən başlıca mətləbə, onu narahat edən və kinomuzun gələcək aqibəti ilə bağlı olan suala. Cabbarlının "Azərkino"ya nəzarət edənlərin yürütdüyü xətdə müşahidə etdiyi əsas bəla milli kadrların olmaması, daha dəqiqi, onlara meydan verilməməsi, onların yetişdirilməsi üçün heç bir şəraitin yaradılmamasıdır. Vəziyyət elə həddə yetişmişdi ki, daha labirint kor dalana dirənirdi, əsl "desəm öldürərlər, deməsəm ölləm" anı idi və Cəfər məcazi mənada yox, elə gerçəkdən ona həyat və azadlıq təhlükəsi vəd edə biləcək seçim qarşısında dayananda "desəm"i seçmişdi - bu, artıq açıq savaş idi, ona görə də açırdı sandığı, tökürdü pambığı: "Heç də pis olmayan və babat təchiz edilmiş kinofabrikimiz var. Ancaq, heyhat, çoxlu sayda heç bir ümid verməyən, milçək tutmaqla məşğul olan, özləri işləməyi bacarmayıb başqalarını da işləməyə qoymayan bir dəstə kinoəlilin yığışıb məşğul olduğu, istirahət evi təəssüratı yaradan belə kinofabrik nəyə gərəkdir?

Halbuki Bakıda türklər arasında hər iki cinsdən qat-qat güclü qüvvələr var. Bakının bədii qüvvələri arasında isə mövcud olan nəhəng aktyor ehtiyatından söz açmağa ehtiyac belə yoxdur".

Az sonra Cəfər məqsədli şəkildə milli kadrların - türklərin Azərbaycan kinosundan aralı saxlanmasının fəsadlarını bir-bir sadalayacaq, ancaq o ayrıntılara keçənədək özünə xas olan gələcək quruculuğu düşüncəsi ilə Azərbaycan kinosunun sabahının, faktik olaraq, elmi təşkilinin mənzərəsini cızır, yol xəritəsini təqdim edir. İş irəli getsin və məqsədyönlü olsun, həm də məqbul nəticələrə gətirib çıxarsın deyə Cabbarlı ilk növbədə Milli Kino Xəzinəsi yaratmağı təklif edir. Elə layihə təklif edir ki, illər sonra sovet kinosu məhz belə model üzrə işləyəcək. Cəfər bu nöqtədə də vaxtı qabaqlamışdı. O, hər təzə film çəkiləndə əlimyandıda münasib aktyor və aktrisalar axtarışına başlanılmasın deyə hazır kadrlar bankının olmasını umurdu -teatrlarımızın bəlli aktyorları öz yerində, filmlər üzərində işə rəsmi çəkilişlərdən əvvəl başlayaq, gəzək, axtaraq, tipajlar tapaq, onları lentə alaq, məskənlər seçək, mümkün süjetlər ehtiyatı yaradaq, gələcək çəkilişlərə tədarüklərimiz öncədən hazır olsun: "Sevil" filmi özünün bütün qüsurları ilə yanaşı parlaq bir güzgüdür. Ciddi istək olarsa, Bakıda və təbii ki, Azərbaycanda kifayət qədər bədii kadrlar yığmaq mümkündür. İşsə kifayət qədərdir. Hər iki cinsdən mövcud olan bütün artist ehtiyatını qeydiyyata almaq lazımdır. Çəkilişlər vaxtı tipaj axtarışına, xüsusən qadınlara çox vaxt sərf olunur. Halbuki vaxtında müxtəlif rollara uyğun gələ bilən türk qızlarını, fəhlə, kəndli, qolçomaq, baqqal və sair tipləri lentə almaq olar və albomlar tərtib etmək mümkündür ki, çəkiliş qrupu yaradılarkən rejissor çox axtarmalı və tələskənlikdə ilk rastına çıxandan yapışmalı olmasın. Müxtəlif rayonları çəkmək olar ki, rejissorların çəkiliş yerini seçmək imkanı asanlaşdırılsın. Azərbaycan fəhlə və kəndlilərinin həyatını müşahidə etmək və rasta çıxan mövzuların qeydiyyatını aparmaq lazımdır. Bizim kino sənayemiz bütün bunlardan çox uzaqdır və Azərbaycan Sovet ictimaiyyəti ilə heç bir əlaqəsi yoxdur. 10 il ərzində, demək olar ki, türk işçiləri yoxdur".

Bu olmamanı Cəfər uyğun işçilərin yoxluğu ilə deyil, onlara göstərilən etinasızlıqla bağlayırdı - adamlarımız da, işlərimiz də ortadadır, ancaq bunu görə-görə, bilə-bilə məqsədli şəkildə səmtimizi ayrı tərəfə çöndəriblər (Cabbarlı hər yerdə özümüzü, azərbaycanlıları nəzərdə tutaraq "türklər" yazır. Rəhmətlik Xəlil Rza 1920-1930-cu illərdən qalan və ovaxtkı rəsmən adlanmamıza müvafiq olaraq bizi "türk" deyə təqdim edən mətnlərdən xüsusi ləzzət alardı. Xatirimdədir ki, 1987-ci ildə "Vaxtdan uca" kitabımın yenicə çıxdığı vaxtlarda bu cəhətə xüsusi diqqət yetirmiş, millətimizin adını "türk" deyən cümlələrin, kəlmələrin ümumi sayını çıxarmışdı, hər görüşdə bunu iştahla dilə gətirirdi, kitabımdan bəhs edən məqalədə də məxsusən vurğulamışdı. İndi görün nə haldayıq ki, müasir oxucu çaş-baş qalmasın deyə gərək ayrıca izahat verəsən ki, burada "türk" "azərbaycanlı" deməkdir).

Cabbarlı qəlb ağrısı ilə etiraz edirdi: "Azərbaycan kino sənayesi bircə nəfər olsa belə türk operator yetişdirməyib. Fabrikdə fəaliyyət göstərən qruplar türk işçi kütlələrinin həyatı ilə tanış deyillər və bununla maraqlanmırlar da. Son vaxtlar Azərbaycan kinofabrikinin işində müəyyən dönüş müşahidə edilirdi. "Hacı Qara" yerli işçilərin gücü ilə çəkilib, "Sevil" də həmçinin. Türk işçilərinə "Üz-üzə" filminin quruluşunu vermək həvalə edilmişdi. Sanki bizim kino işimiz özü üçün daha düzgün yolu tutmağa başlayırdı. Lakin burada meyar dəyişildi. "Azərbaycan Dövlət Kino" "Azərkino" adlanmağa başladı. Ancaq bununla işin mahiyyəti dəyişdimi? Dəyişdi və şübhəsiz ki, pisə doğru: ilk növbədə "Azərkino" onsuz da sayca lap az olan türkləri ixtisara saldı. Belə ki, Tağıyev, Makinski, Qədirli, İsgəndər (işıq sexi), Bağırov, Əliyev, Mirzəyev və bir neçə türk olmayan, fəqət rəhbərliyi tənqid etməyə cəsarət göstərmiş şəxslər işdən çıxarıldı. Onların əvəzinə türk dilini bilməyən başqaları götürülüb.

...Beləliklə, indi kino işindəki daimi 100 adamdan türklər cəmi 8 nəfərdir. Həm də bunlar əsasən qara fəhlə işi görənlərdir. Laboratoriyada 8 adam çalışır, onlardan biri türkdür. İki türk vardı, "Azərkino" birini - Tağıyevi ixtisar etdi. Ondan sonra isə daha 2 nəfər türk olmayanı şagird qismində işə götürdülər. İndi isə Posredrabisə (bu, 1920-1930-cu illərdə Sovet İttifaqında incəsənət işçilərinin - aktyorların və teatrla əlaqədar digər şəxslərin işə düzəlmə məsələləri ilə məşğul olan xüsusi qurum idi - R.H.) tələbnamə göndərilib ki, işçi verilsin. Posredrabis də növbəlilik qaydasında həmin Tağıyevi işə göndərir, "Azərkino" isə onu qəbul etmək istəmir və Levi, yaxud Lyavini (qaynaqlarda o dövrdə Bakı kinostudiyasında çalışmış 2 Levin soyadlı kinooperatorun adı keçir: 1929-1935-ci illərdə burada operatorluq etmiş İlya Levin və elə həmin 1932-1934-cü illərdə operator işləmiş Vladimir Levin - R.H.) tələb edir. Niyə? Bilmirik! İşıq sexində 10 işçi var, biri də türk deyil. Kinofabrikdə kiçik mətbəə var. Burada rus və türk dillərində mətnlər yığılır. Ancaq hər iki mürəttib türkcə bir kəlmə də bilmir. Nəticədə mənanı başa düşmədiyindən bircə hərfin səhv qoyulması ilə "gözəl qız" əvəzinə "gözəl qoz" yığılır. Bu, lətifə deyil, kədərli faktdır.

Mədəniyyət bürosu yaradılıb və onun funksiyalarına ssenarilərin fabrikin bədii şurasına daxil olana qədərki yoxlaması daxildir. Ancaq həmin büroda nə bir türk var, nə də türk dilini bilən bir kəs".

Müqayisəni uzaqlarla deyil, yaxınlarla aparıram. Qonşuluğumuzdakı gürcü kinosunun uğurlarından, dünya kino xəzinəsinə daxil olmağa layiq incilərindən xəbərdarsınız. Gürcü kinosunun yetirdiyi məşhur kino xadimləri də çoxdur. Hamısına şərəflər olsun!

İstedadlı xalqımız onlardanmı, italyandanmı, fransızdanmı, almandanmı, digərlərindənmi geridə qalandır? İnkişaf yollarımızı bağlayıblar, nəfəsliklərimizi tıxayıblar, uçmağa qadir qanadlarımızı yolublar.

Yeni əsrin ilk onillərində Cəfər Cabbarının ən çılğın istəklərindən biri bu idi ki, digərləri kimi, bizim də milli kino kadrlarımızın respublikadan kənarda, bu sahədə yüksək təcrübəsi olan mərkəzlərdə təhsil almasına, təlim görməsinə, təcrübə yığmasına üfüqlər açılsın.

Ağıllı adam idi, bilirdi ki, etmirlərsə, buna maneələr yaradırlarsa, demək, ardında siyasət dayanır. Ancaq vicdanı ona "susma" deyirdi və Cəfər alovun üstünə şığıyırdı, sözünü deyirdi və azı bu siyasəti yürüdənlərə anladırdı ki, hər şeyi görürük, dərk edirik və bununla da barışmırıq: "Hər il Gürcüstanın, Özbəkistanın və digər Sovet respublikalarının Dövlət Kino Sənayesi Moskvaya - Dövlət Kinematoqrafiya Texnikumunda oxumağa 12-15 nəfər göndərir, sonra onlarla müqavilələr bağlanır. 1928-ci ildə Azərbaycandakı texnikuma ikisi türk olmaqla 5 nəfər göndərilib. Türklərdən biri - Qəmər xanım (Qəmər Salamzadə - 1908-1994; qızlıq soyadı Nəcəfova. Əliqulu Qəmküsarın qızı, rəssam Salam Salamzadənin həyat yoldaşı. Azərbaycanın ilk qadın kinorejissoru - R.H.) 35 manatlıq təqaüdlə yaşaya bilmədi və geri qayıtdı. Digəri - Mərdanov isə təhsilini davam etdirir (Kinorejissor, Sergey Eyzenşteynin (1898-1948) tələbəsi, aktyor Mustafa Mərdanovun (1894-1968) qardaşı, ilk ali kino təhsilli milli rejissorumuz, Sovet İttifaqındakı ilk kinokomediyalardan olan "Mavi dənizin sahilində" filmini, milli kinomuzun "qızıl fond"unda yer alan "Kəndlilər"i çəkmiş, "Ölülər"i ekranlaşdırmağı düşünmüş Səməd Mərdanov (d. 1909) nəzərdə tutulur. O zavallı da, acılar ki, bəxtsizliyimizdən 1939-cu ildə, 30 yaşına çatmamış həyatını itirib - R.H.). İndi "Özbəkkino" və "Sovkino" təhsil almış yoldaşlara müqavilələr təklif edir. "Azərkino" isə inad göstərərək bizə rejissor, ya başqa kino işçilərinin lazım olması ilə bağlı müraciət etmək istəmir. Ona görə də biz Moskvadan "hazır" işçi dəvət edirik. Baxmayaraq ki, belə iş üsulu bizim kino sənayemizi tam iflasa gətirib çıxarıb və "Azərdövlətkino" məhz bunun nəticəsi olaraq sonralar bu üsuldan imtina etməli oldu. İmtina etməli oldu, diqqət mərkəzini yerli qüvvələrə yönəltməyə vadar qaldı. Ancaq "Azərkino"nun rəhbərləri yenə köhnə üsulu xortlatmağı lazım biliblər və yeni dəvətlər ediblər: Şengelaya (Nikoloz Şengelaia, 1903-1943 - R.H.), Braqinski (Qriqori Mixayloviç Braqinski, 1892-1964 - R.H.), Bek-Nazarov (Amo BekNazarov (Hamo Beknazaryan), 1891-1965 - R.H.), Kuznetsov (Konstantin Kuznetsov - 1899-1982; kinooperator, Bakıda xronikalar çəkib - R.H.), Popov (Aleksandr Popov, 1897-1949 - R.H.), Biyazi (Viktor Biyazi 1899-1965; ssenarist, rejissor; Bakıda 1930-1931-ci illərdə olan Biyazi Azərkinoda istehsalat şöbəsinin rəisi işləmişdi, o dövrdə, Cəfərin yazdığı kimi, bura xüsusi hörmət-izzətlə gətiriləndə hələ kinoda heç bir xüsusi xidməti yox idi, babat filmlərini də xeyli sonralar çəkib, amma göründüyü kimi bura çatınca ona dərhal yüksək vəzifə verilib - R.H.)  arvadı ilə (Natalya Biyazi, əri ilə birgə yazdığı film ssenarisi haqda soraqlar var - R.H.). Üstəlik, Şengelaya öz qrupu ilə birgə. Qəribədir ki, Dovjenko (Aleksandr Dovjenko, 1894-1956 - R.H.) kimi sənətkarı olan Ümumukrayna Kinofikasiya İdarəsi Ukrayna müsəlman həyatından film çəkmək üçün türk-müsəlman rejissoru axtarıb tapır. "Azərkino" isə həmişə türklərlə bağlı olduğu halda, bircə nəfər belə türk operatoru yoxdur. Yanımızda Gürcüstan Dövlət Kino Sənayesi kadrların irəli çəkilməsi və hazırlanmasını elə qurmağı bacarıb ki, hazırda orada 160 işçidən 112-si sırf cavan gürcülərdir.

Sabah Moskva köməkdən imtina etsə, "Azərkino" nə edəcək? Əlbəttə, Moskvanın köməyindən istifadə etməmək səfehlik olardı. Ancaq nəyə görə "Azərkino"nun rəhbərliyi heç vaxt bu haqda düşünmək istəmir ki, yerli qüvvələrdən heç olmasa bir kino rəssamı yetişdirsin?"

"Azərkino" iri bir təsisat idi, səlahiyyətləri olan, sözükeçən rəhbərliyi vardı, Cabbarlının mətnindəki işarələrdən də anlaşıldığına görə, yalnız ayrı-ayrı işçiləri dəvət etmək baxımından deyil, elə tabeçilik, tapşırıqları icra etmək sarıdan da Moskva ilə əlaqəliymiş, burada - respublikada da Xalq Maarif Komissarlığı ilə, şübhəsiz ki, birbaşa bağlılığı varmış.

Cəfər Cabbarlının hər mətləbi çılpaqlığı ilə ifadə etdiyi və müxtəlif yığıncaqlardan, çeşidli kürsülərdən eşidilmiş və sadəcə tənqidi deyil, həm də ifşaçı olan sözləri çox qulaqlara çatırdı. Onsuz da paxılı, istəməyəni az deyildi. Bir dəfə deyil, ardıcıl səslənən bu anti-"Azərkino" çıxışları isə yalnız gözügötürməyənlərinin sayını artırmırdı, o sıraya Cəfərə artıq düşmən kimi baxmağa başlayanları artırırdı. Ana tezisi bu idi ki, "Azərkino" Azərbaycana xidmət edir və bizə özümüzün olan film istehsalını təmin edəcək, özümüzünkülərin çalışacağı bir kino fabriki gərəkdir. Qınaq üçün, başa qaxınc etməkdən ötrü gətirəcəyi örnəklər bəs deyincə idi: "Azərbaycan kinosu bütün gücü ilə yerli kadrları sıxışdırır. Axı bizdə cavan qüvvələrin olmasını da bilirlər.

...İndi "Azərkino" öz sifətini o qədər itirib ki, onun burnunun ucunda Azneft bir neçə yüz min manata "Mejrabpomfilm"ə ("Beynəlxalq fəhlə yardımı film" - 1928-ci ildə Moskvada yaradılmış sovet-alman kino təşkilatı idi; 1920-1930-cu illərdə məşhur olan bir sıra sovet filmlərinin çəkilişini məhz onlar təşkil edib - R.H.) 13 film sifariş edib. Həmin filmlər buradaca çəkilir, ancaq onlar "Azərkino" deyil, "Mejrabpomfilm" xətti ilə çəkilir.

İlk baxışda nəyə görə belə edilməsini Azneftin işçilərinin diqqətinə çatdırmaq olardı. Ancaq əslində Azneft tamamilə haqlıdır. Axı Azərbaycan kino fabrikini müxtəlif ekspedisiyalar müsafirxanasına çevirməklə, başqa şəhərlərdən pis rejissoru, operatoru və aktyorları dəvət edərək onların zəif gücü ilə "bizim həyatımızdan" film çəkməyin nə mənası? Daha yaxşı və daha rahat deyilmi ki, elə "Azərkino"nun etdiyi sayaq, Moskvaya bir neçə yüz min manat göndərib əvvəlində "Azərkino"nun istehsalı" yazılaraq hətta qəhrəmanlar Fatma, Məmməd və s. kimi göstərilən filmi sifariş edəsən? Belə filmlər heç olmasa yaxşı sənətkar tərəfindən çəkiləcək və heç olmasa Sovet kino bazarı üçün qəbuledilən olacaq. Ancaq bura gələn və "bizim həyatımızdan" adı altında film çəkənlər nə bizim işimizə yarayacaq (yerli həyatla tanış olmamalarının nəticəsi kimi), nə də bütün Sovet ekranına (çünki bu filmləri elə işçilər çəkirlər ki, onlar bura heç bir yerdə qəbul edilməmələri səbəbindən gəlib çıxırlar. Hətta bizdəki məşhur təcrübəyə görə, gedəndən sonra da onların hər hansı yaxşı bir işi haqqında haradasa oxumaq mümkün olmur)".

Bu isə Cəfər Cabbarlının daha yuxarılara müraciəti idi ki, böhran həddindəyik, barı siz kömək edin: "Doğrudanmı Azərbaycan fəhlə və kəndliləri, dəmir əlləri ilə ölkəni idarə edən və günbəgün onu bütün cəbhələrdə qələbədən-qələbəyə aparan güc bizim kino sənayemiz üçün dəyərli rəhbərlər ayırmayacaq və onun varyaqlardan (gəlmələrdən - R.H.) asılı qalmasına dözəcəkdir? Yox, Azərbaycan proletariatı özünün yaradıcılıq imkanlarını 10 il ərzində kinodan da qat-qat böyük çətinlikləri adlamaqla aydın şəkildə göstərib. Bizim kino sənayesinin iş qabiliyyətini öldürən və yalnız uzaqdan aydın müşahidə edilə bilən səbəblər təqribən belədir: Fabrikə hansısa yeni qüvvələrin yaxın düşməsinə heç bir imkan yoxdur. Çünki özünü Çin səddi ilə əhatələmiş kinoəlillərin elə bir qrupu var ki, bura hansısa yeni qüvvələrin axınından söz belə gedə bilməz. Əlbəttə, belə davam etməsi mümkünsüzdür. Bütün bunlara son qoymaq lazımdır. Gərək Azərbaycan kino sənayesi kökündən yenidən qurulsun və sağlamlaşdırılsın. İlk növbədə hədəflər dəqiq müəyyənləşdirilməlidir. Bizə nə lazımdır: Azərbaycanda kino, ya Azərbaycan kinosu? Əlbəttə, bizə sonuncu lazımdır. Və onun vəzifəsi - yeni yollarda qələbələrimizi görüb lentə almaqdan əlavə, bizi və bütün müsəlman Şərqini antixurafatçı və inqilabi ekranla təmin etməkdir. Kəmsavad və yoxlanılmamış işçiləri yalnız Moskvada kinofabrikin yanından keçdiklərinə görə dəvət etmək təcrübəsindən birdəfəlik əl çəkmək lazımdır. Ən əvvvəl türk gənclərdən ibarət kadrların hazırlanması kursunu götürmək lazımdır. Belə qüvvələr var, lakin onlar küncə sıxışdırılıb".

Cəfər Cabbarlının xatirəsini bir daha məhəbbətlərlə anaq. Onun bu mərdanə çıxışı və eyni mövzuda eyni sərtlikli digər bəyanat və çağırışları, tənqid və etirazları sadəcə sənət mübahisələri, sırf yaradıcılıq məsələləri deyildi. Bu bir milli mücadilə idi. Həm də belə mübarizələrin bu cür inqilabçıcasına aparılmasının mümkünsüzlüyü şəraitində söylənmiş o sözlərin, belə fədakarlığın qiyməti çox baha, çəkisi çox ağırdır, əziz vətəndaşlar.

Meydanda tək idi. Hayına hay verəcək, ona dayaq duracaq ikinci bir şəxs yox idi. Kim deyir ki, bir güllə bahar olmaz?! Olar, özü də lap yaxşı olar! Bu mübarizələrində əziz Cəfər, şaxtalı mühitdə açılmış o Təkcə Gül millətinə doğru gələn qasırğalara meydan oxuyan Bahar deyildir də, kimdir?!

20 avqust 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью