Təkcə sənə tamarzıyam... Rəbiqə Nazimqızından İbrahim peyğəmbərə

29.08.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Rəbiqə Nazimqızının "İbrahim peyğəmbərə" şeirini təqdim edir.

Mən səni səhrada gündən qoruyan
O tənha ağaca qısqanıram
Kökündən tutmuş yarpağınacan...
Ayağın altında torpaq yerinə
Bağrım yarılmalıydı
Sən su istəyəndə.
Adına kəsilən qurbanlıq qoçların
Başını üzüb,
Özüm olmalıydım yerlərində.
O ucuz daşları birgə daşıyıb
ev tikməliydik.
Axşamı bir qarşılayıb,
Gecəni bir keçirməliydik.
Yundan pərdə toxuyan qız-gəlinin
Qollarını möhkəm-möhkəm sarımalıydım.
Dünyanın sonunacan səni gözləyib
Elə qız qarımalıydım bəlkə də...
Sənin toxunduğun müqəddəs daşların altında ölmək üçün
Zinakar adlanmağa da,
Şeytan olmağa da razıyam...
Nə acam, nə susuz,
Təkcə sənə tamarzıyam.
İndi bütün pəncərələr üzümə çırpır yoxluğunu.
Otağımın tavanı dağılır qəzəb tufanından.
Mənə yalnız dünya fırlandıqca
başına dönmək qalır.
Bir də, günləri saymaq
Sonuncu nəfəsədək.
İşdi, gələ bilsən,
necəsə,
bir az Zəmzəm suyu gətir,
İçək...

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri Türkiyədə Hipatiyaya həsr olunmuş festival keçiriləcək Qalib - Aleksandr Qrinin hekayəsi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью