Təkliyinə yuva gəzən perik quşam... Ağa Laçınlının şeirləri

25.11.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün tanınmış şair Ağa Laçınlının anım günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

UZAQ YOLA ÇIXASIYAM
Uzaq yola çıxasıyam, uğur dilə, –
Gedim görüm o taylarda nə var, nə yox.
Sınıq ömrün son görkünə gülə-gülə
Gedim görüm o taylarda nə var, nə yox.
Yerin Göyə salamıdı hər qol-budaq,
Sısqa su da tanrılaşır bulaq-bulaq.
Ta başını saxlayırsan, məni burax, –
Gedim görüm o taylarda nə var, nə yox.
Təkliyinə yuva gəzən perik quşam,
Heç bilmirəm kimə yeməm, nəyə tuşam.
Ruh evinin qarasına bərk uçmuşam,
Gedim görüm o taylarda nə var, nə yox.
Yol qurtarıb. Yer tapmıram dəhmərrənim,
Çox istərdim az hərrənim, az girrənim.
Tabut göndər təhnəsinə tez tirrənim, –
Gedim görüm o taylarda nə var, nə yox.
Guya qəbir doğum evi. (Niyə guya?)
Bu dünyamız doğur bizi o dünyaya.
Yağlı suçu yağlı dilnən yuya-yuya
Gedim görüm o taylarda nə var, nə yox.
Uğur dərddi. Savab qoymur gor üşünə.
Küyə düşdüm, canı verdim qurd dişinə.
Quşum qonub dədə-baba görüşünə,
Gedim görüm o taylarda nə var, nə yox.
Son ağrı da qurtuluşdu. Yavaş danış.
Mələyən ov güllə yeyir gav aşmamış.
Allahıma ağ olmamış, savaşmamış
Gedim görüm o taylarda nə var, nə yox.

BAĞIŞLA

İlahi, mən laçınam,
gərək uçam, uçunam.
Mən də Sənin suçunam,-
məni Sənə bağışla.

Mən sonranın indisi,
mən cırtdanın irisi.
Bu imanlı iblisi
dəli cinə bağışla.

Könül sığmır yataba,
məcnunluğa nə toba.
Peyğəmbərə, Kitaba,
bir də dinə bağışla.

Alnım göyə güzgüdü,
aldığım od gürzüdü.
Kin sevgidən güclüdü,
eşqi kinə bağışla.

İlahi, mən dərdə lək,
şırımı çək, çarpaz ək,
Sən də təksən, mən də tək,
məni Sənə bağışla.

Buyur, güllə gülünü,
ruh dirildən ölünü.
Hər kəsin öz çölünü
öz içinə bağlşla.

Uçdum balın iyinə,
Hər pətəkdə yüz iynə...
Yemi qapıb yeyənə,
dəni çinə bağışla.

İlahi, mən kor quşam,
qor üstünə qonmuşam.
Dönə-dönə yanmışam,
dönə-dönə bağışla...

BARIŞMARAM

Gedirsənsə, gözünü məndən tamam kəsib get,
Gözünlə barışaram – özünlə barışmaram!
Yoxluğumun ucundan, həsrətimin ucundan
Yuxuna qarışaram – özünlə barışmaram!

Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,
Pisini də öyərəm, özgə səni pisləsə.
Dərd qəlbini tək görüb qarmalamaq istəsə,
Dərdinə darışaram – özünlə barışmaram!

Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,
Heç qapından girmərəm, qayıt desən, gəl desən.
Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,
Yağınla vuruşaram – özünlə barışmaram!

Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,
İllər ilmə toxudu, söykənmədi söz-sözə.
Elin yığnaq yerində birdən gəlsək üz-üzə,
Halını soruşaram – özünlə barışmaram!

Axı mənə kim çatar ağ günü diləməkdə,
Qələbəni gəzmərən qırmaqda-şiləməkdə.
Oğul-uşaq böyüdüb başçılıq eləməkdə
Yolunla yarışaram – özünlə barışmaram!

Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,
Düşmən çıxan dostun da ağır olur itkisi.
İşdir, səndən başlayıb ölüm ayırsa bizi,
Qəbrinə sarışaram – özünlə barışmaram!

MƏNİM GECƏLƏRİM

Mənim gecələrim hər gecə oyaq,
Mənim gecələrim gözləri açıq.
Mənim gecələrim özündən dümağ,
Gündüzə qarışıq, Günə bulaşıq.
Bir tut ağacıyam – tərəcəm masa,
Silkinib tökürəm bütün xarımı.
Şeir yazmayanda –
mən heç olmasa,
Üstünü örtürəm balalarımın.

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi? ABŞ-dən Türkiyəyə qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu Vətən müharibəsinin həkimi: "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью