Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən təkrar mənzil bazarında müşahidə olunan əsas trendləri və bazar dinamikasını müəyyən etmək məqsədilə 2025-ci ili əhatə edən geniş təhlil (Təkrar mənzil bazarının təhlili) aparılıb.
XQ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, aparılan təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsi məbləğləri, mənzillərin yerləşdiyi mərtəbə və binaların xüsusiyyətləri (otaq sayı, kvadratmetr, qiymət və s.) kimi məlumatlar əsasında aparılıb. Eyni zamanda coğrafi olaraq Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri və Gəncə şəhəri ayrı-ayrılıqda təhlil edilib, digər rayon və şəhərlər isə bir başlıq altında qiymətləndirilib. Mənzillərin yerləşdiyi binalar tikilmə dövrünə görə 1920-ci ilə qədər, 1920–1991-ci illər və 1992-ci ildən sonrakı dövrlərə ayrılıb, otaq sayına görə isə 1-dən 5 və daha çox otaqlı olmaqla 6 qrup üzrə təsnifatlaşdırılıb. Təhlildə alıcıların hüquqi statusu, cinsiyyəti, yaşa görə bölgüsü üzrə statistika da əks olunub.
Qeyd edək ki, ötən il ərzində təkrar mənzil bazarında ölkə üzrə 41.606 mənzilin alqı-satqısı aparılıb. Təkrar mənzil bazarında qeydiyyatı aparılan yeni tikililər 21.629 (52%) olmaqla lider mövqedədir. İkinci sırada 18.865 sayla (45,3%) Sovet dövründə tikilən mənzillər, 3-cü sırada isə 1.112 sayla (2,7%) Sovet dövründən əvvəl tikilən mənzillər qərarlaşıb.
Ölkə üzrə təkrar mənzil bazarında qeydə alınan 41.606 əqdin böyük hissəsi paytaxtın payına düşüb. Belə ki, Bakı şəhərində 25.031 alqı-satqı əqdi rəsmiləşdirilib. Regionlar arasında isə aktivlik Abşeron rayonunda (6.054 əqd), Sumqayıt şəhərində (3.838 əqd) və Gəncə şəhərində (2.202 əqd) müşahidə olunub. Digər şəhər və rayonların payına isə ümumilikdə 4.481 əqd düşüb.
Qeyd edək ki, təkrar mənzil bazarı dedikdə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və daha sonra notarial əqdlərlə satılmış mənzillər əsas götürülür. Tikinti şirkətlərinin və ya mənzil-tikinti kooperativlərinin dövlət reyestrində qeydiyyatı olmadan pay satışı və ya üzvlüyə qəbul üsulu ilə apardığı əməliyyatlar təkrar bazarın predmeti hesab edilmir və təhlildə nəzərə alınmayıb.
M.MİRZƏ
XQ