Təl Əviv hayların göz yaşlarına inanmır

28.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qüds erməni Patriarxlığı Knessetin qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihəsini gündəlikdən çıxarmasından məyus olub

Erməni kilsəsi bu narahatlığını yaydığı bəyanatda belə izhar edib: “Bu vəziyyət xarici dövlətin İsraildə daxili məsələlərin müzakirəsinə təsir göstərə bilməsi ilə bağlı narahatlıq doğurur. 120 mindən çox yerli erməni xristianın (?) Dağlıq Qarabağdan zorla deportasiyasına və köçürülməsinə (?) görə məsuliyyət daşıyan Azərbaycan rejiminin hansı məsələlərin müzakirəyə çıxarıla biləcəyini ləngidə və ya hətta qarşısını ala bilməsi (?) xüsusilə narahatedicidir”.

Bəyanatda “rəsmi Bakının həm İsrail rəsmilərinin siyasi hesablamalarına, həm də Knessetdə müzakirəyə çıxarılması nəzərdə tutulan mənəvi məsələlərə təsir göstərmək iqtidarında göründüyünün” vurğulanması maraq doğurur.

“Erməni soyqırımı danılmaz tarixi faktdır” iddiasını da bəyanatında vurğulayan Qüdsdəki Erməni Patriarxlığı bu “faktın” həqiqiliyinin siyasi şərtlərdən asılı olmadığını və tarixi sənədlər qarşısında sarsılmaz qaldığını deyir: “Buna görə də, biz İsraili bir daha erməni soyqırımını rəsmən tanımağa və XX əsrin ilk soyqırımını (?) rəsmən qəbul etmiş otuz iki ölkənin sırasına qoşulmağa çağırırıq”.

Patriarxlıq bəyanatın sonunda bir az da irəli gedərək, “Türkiyə Respublikasını bir daha “erməni soyqırımını” tanımağa və tarixi faktları təhrif etməyə yönəlmiş fəal siyasət və təşəbbüslərə son qoymağa” çağırır.

“Biz bu çağırışı o əminliklə edirik ki, iki xalq arasında hər hansı davamlı barışıq yalnız tarixi həqiqətə əsaslandığı təqdirdə sülh üçün təməl rolunu oynaya bilər. Biz qurbanların xatirəsini yaşatmaq və onların irsini gələcək nəsillərə ötürmək öhdəliyimizi bir daha təsdiqləyirik” – bəyanatda vurğulanır.

Mövzu ilə bağlı sorğumuzu cavablandıran Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Qüdsün Erməni Patriarxlığının adı gur səslənsə də, əslində, bu qurum bir ovuc ermənini təmsil edir: “Yerusəlimdə bir neçə erməni məhəlləsi var, orada vur-tut maksimum 4-5 min erməni yaşayır. Onların kilsəsinin və onun başçısının nə geniş təsir dairəsi, nə də nüfuzu var. Həmin kilsənin bəyanatı, müraciəti nəinki xristian dünyası üçün, heç İsrailin özü üçün elə bir əhəmiyyət kəbs eləmir”.

Qüdsdə yaşayan azsaylı erməni icmasının İsrail hökumətindən daha çox fələstinlilərə dəstək verdiyini önə çəkən R.Musabəyov hətta arada əmlak məsələsi ilə bağlı məhkəmə çəkişməsinin olduğunu da bildirdi: “Təsəvvür edin ki, Qüdsün Erməni Patriarxlığı kilsəyə məxsus torpaq sahəsini biznes məqsədilə satıb. Amma ərəblərin təzyiqlərindən sonra geri çəkilməyə məcbur oldu və hazırda bu səbəbdən hökumətlə münasibəti gərgin olaraq qalmaqdadır. Həm də buna görə erməni kilsəsinin çağırışını nəzərə alan, bəyanatını eşidən yoxdur. Yəni belə bir avantürist, təxribatçı çağırışa fikir verən də olmayacaq. Bu bəyanat Azərbaycan üçün də heç bir əhəmiyyət daşımır. Mən, əslində, bir ovuc hayın İsraildə saldığı hay-küyünü, Knessetə etiraz müraciətini şişirtməyin əleyhinəyəm”.

İsrail üçün Azərbaycanla münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan politoloq buna misal olaraq, diqqəti iki ölkənin hərbi-texniki, ticari və energetika sahələrində yaxından əməkdaşlıq etdiyinə yönəltdi: “Bu baxımdan, Təl- Əviv üçün Bakının bu istiqamətlər üzrə hansısa müraciəti, tövsiyəsi daha vacib və əhəmiyyətlidir. Amma əminliklə deyə bilərəm ki, oradakı erməni patriarxının sözünə fikir verən olmayacaq”.

* * *

Bəli, indi erməni kilsəsi özünün əsas vəzifəsi kimi qarşısında duran əsas məsələnin İkinci Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində sarsıdılmış saxta, uydurma tarixə əsaslanan bir konsepsiyanı - ultra millətçiliyi, yəni erməniliyi yenidən dirçəltmək, erməniləri yenidən bir ideya ətrafında toplamaq və onlarda revanş hisslərini qızışdırmaqdır. Bu dəfə Qüdsdəki Erməni Patriarxlığını irəli veriblər. Başından böyük işlərə baş qoşan bu qurum isə Ermənistan və Türkiyə arasında möhkəm sülhün “yalnız tarixi həqiqətə əsaslandığı təqdirdə” mümkünlüyündən dəm vurur.

Oxuculara xatırladaq ki, Qüds təkcə dini baxımdan deyil, həm də beynəlxalq siyasi simvollarla zəngin olan müqəddəs məkandır. Biz erməni keşişlərin belə bir məkanda vaxtilə Azərbaycan ərazisindəki separatçı qurumun bayrağının qaldırmalarını da görmüşük. Onlar bu jestlə öz revanşist mesajlarını qlobal səviyyədə, xristian dünyasının dəstəyini qazanmaq niyyəti ilə yaymaq məqsədini güdürdülər. Bu, həm də xristian həmrəyliyi adı altında anti-Azərbaycan təbliğatını yaymağın bir üsulu idi. Amma alınmadı. Ən azı, o səbəbdən ki, dini məkanların, eləcə də dini ayinlərin siyasi aksiyalar üçün tribuna rolunu oynaması qadağandır. Bu prinsiplər BMT və UNESCO kimi beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə vurğulanıb.

İndi Qüdsdəki Erməni Patriarxlığının həmin qaydaları pozaraq dini siyasi platformaya çevirmək cəhdləri məhz bu zəmində qarşıdurma yaratmaq cəhdi kimi qiymətləndirilə bilər. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə təmin edib və bu fakt beynəlxalq hüquq tərəfindən təsdiqlənib və BMT də tanıyıb. Və nə 44 günlük Vətən savaşında, nə də 23 saatlıq antiterror tədbirində hansısa deportasiyadan, zorla köçürülmədən söhbət gedə bilməz. Bu reallığı şübhə altına almağa yönələn hər hansı təşəbbüs beynəlxalq hüquqla daban-dabana ziddir.

Erməni kilsəsinin Qüdsdən ucalan bağırtısı fonunda görünən odur ki, Ermənistan cəmiyyətində sülhə və regional əməkdaşlığa hazır olmayan, revanşist xəyallarla yaşayan qüvvələr hələ də qalmaqdadır. Dünənədək hakimiyyətdə olan dövlət xadimlərinin öz mövqelərini möhkəmləndirmək, hakimiyyətdə qalmaq üçün məhz kilsənin nüfuzundan istifadə etməyə çalışmaları hər kəsə məlumdur. Yüz illərdir ki, erməni kilsəsi ictimai-siyasi məsələlərlə bağlı fətvalar verir və dünyaya səpələnmiş haylar üçün əsas ictimai-siyasi beyin mərkəzi rolunu oynayır. Qüds olayı bu fəaliyyətin bu gün də davam etdirilməsinin təzahürüdür. Bir il bundan əvvəl Ermənistanda daşnak-revanşistlərin təşkil etdiyi kütləvi etiraz yürüşlərinin önündə məhz qriqorian kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın getdiyini yada salmaq kifayətdir ki, hay cəmiyyətinin kilsənin girovluğundan hələ də qurtulmadığına inanasan.

Bunu isə dəfələrlə yazmışıq: yarandığı gündən dini ayinlərin icra olunduğu məkandan çox siyasi-ideoloji mərkəz kimi fəaliyyət göstərən erməni kilsəsi həmişə qonşu xalqlara qarşı nifrət və dözümsüzlük formalaşdırmaqla məşğul olub. Erməni terror təşkilatlarının yaranması və fəallaşması, xalqlar arasında düşmənçilik toxumlarının səpilməsi, qırğınların, soyqırımıların, hətta öz soydaşlarına qarşı divan tutulması aksiyalarının törədilməsi birmənalı şəkildə erməni kilsəsinin ayağına yazılmalı tarixi faktlardır.

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью