525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi və Qərbi Azərbaycan İcmasının təşəbbüsü ilə “Qərbi Azərbaycan müzakirəsi: MUN Simulyasiya Konfransı” keçirilib.
AzMİU-dan 525.az--a bildirilib ki, BMT Baş Assambleyası modelinin simulyasiya konfransı Qərbi Azərbaycanla bağlı beynəlxalq problemləri və həll yollarını müzakirə etmək, gənclərin diplomatik bacarıqlarını inkişaf etdirmək və onların bu mövzuda məlumatlılığını artırmaq məqsədi daşıyıb.
Açılışda çıxış edən rektor Gülçöhrə Məmmədova gənclərin bu cür təşəbbüslərlə çıxış etməsini yüksək qiymətləndirib və onların beynəlxalq proseslərə bələd olmalarının, analitik düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Rektor söyləyib ki, tələbələrin belə simulyasiya konfranslarında iştirakı gələcək peşəkar fəaliyyətləri üçün mühüm pillədir və bu platformalar gənclərin həm vətənpərvərlik ruhunun güclənməsinə, həm də dünyagörüşlərinin genişlənməsinə istiqamət verir.
Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov isə Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi aspektlərinə toxunaraq, bu kimi simulyasiya konfranslarının gənclərin milli məsələlərə olan diqqətini artırmaq baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
O vurğulayıb ki, Qərbi Azərbaycandan məcburi köçkün düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların dinc yolla, könüllü və təhlükəsiz şəkildə geri qayıdışının təmin olunması beynəlxalq hüquqa əsaslanan ədalətli bir tələbdir.
Qalib Qasımov bu təşəbbüsün gənclər tərəfindən gündəmə gətirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib və bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib.