Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Samir Tağızadə:
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunuyam. Universitetə qəbul imtahanlarında 700 bal toplamışam. Bu, sözlə ifadə edilməsi çətin , insana fərəh, qürur verən duyğudur.
IV ixtisas qrupu üzrə keçirilən imtahanların hər iki mərhələsinin yekun nəticələrinə görə ölkə birincisi oldum. Doğrusunu desəm, bu uğur illərlə çəkilən zəhmətin, əzmkarlığın və məqsədyönlü hazırlığın nəticəsidir.
Buraxılış imtahanında maksimum nəticə göstərərək tam 300 bal toplamışdım. Blok imtahanının birinci cəhdində isə kiçik bir xətaya yol verdim və 391,1 bal topladım. Cəmi 691,1 bal. Əslində bu, çox yüksək göstərici idi, lakin daxilən bu nəticə ilə barışa bilmədim. Çünki hədəfim 700 bal idi. İkinci şans imtahanında iştirak etmək qərarına gəldim. İkinci cəhddə 400 bal toplayaraq 700 bal yığdım.
Arzum yaxşı həkim olmaq, insanların sağlamlığının keşiyində durmaqdır. Azərbaycan Tibb Universitetində təhsil alacağam, sonra təhsilimi xaricdə davam etdirmək fikrim var. Xüsusilə cərrahiyyə sahəsi diqqətimi çəkir. Əlbəttə, tələbəlik illərində müxtəlif sahələrlə tanış olduqca fikrim dəyişə bilər.
Burlaxatun Məcidli:
– Düzünü desəm, imtahanlara çox ciddi hazırlaşsam da 700 bal yığacağımı gözləmirdim. Hazırlıq prosesinə IX sinifdə başlamışdım. Təxminən, axşam saat 9-a qədər hazırlıqlarda olur, evdə isə verilən tapşırıqları yerinə yetirir, əlavə məşğuliyyətlərə də vaxt ayırırdım. Düşünürəm ki, hər şey yalnız çox oxumaqla əldə olunmur.
Ailəmin və müəllimlərimin dəstəyi mənə məqsədimə çatmağa çox kömək etdi. Müəllimlərim məni “özünə inan, sən bacararsan” deyərək dəstəkləyirdilər.
Memarlıq ixtisasını seçdim, çünki uşaqlıqdan bu sahəyə marağım olub. Məqsədim seçdiyim sənətin incəliklərini öyrənmək, müxtəlif layihələr hazırlamaq və inkişaf etməkdir. Xaricdə təhsil almağı da düşünürəm.
XQ