Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müasir dövrdə başqasının smartfonu, əgər onda internet-bankinqə çıxış verən və ya telefon sahibinin adına kredit rəsmiləşdirmək üçün yetərli məlumatlar saxlanılırsa, dələduzlar üçün əsl “qızıl mədəninə” çevrilə bilər.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bir çoxları telefonunu sındırılmadan və məlumat oğurluğundan necə qorumağı bildiyini düşünür. Lakin ehtiyatsızlıq ciddi maliyyə itkilərinə gətirib çıxara bilər. Bu səbəbdən UNİAN araşdırıb ki, telefonda hansı mesajları saxlamaq olmaz və hansı fotoları göndərdikdən dərhal sonra silmək daha doğrudur.
Telefonda saxlanmamalı olan SMS-lər
Şəxsi məlumatlarınızı əks etdirən mesajlardan mütləq qurtulmaq lazımdır. Bunlara soyad, ad, ata adı, pasport nömrəsi və ya identifikasiya kodu, ev ünvanı kimi məlumatlar daxildir.
Həmçinin aşağıdakı məlumatları ehtiva edən SMS-ləri heç bir halda saxlamaq olmaz:
*bank kartınızın nömrəsi;
*kartın PIN-kodu və ya CVC (kartın arxa tərəfindəki üçrəqəmli kod).
Nəzərə almaq lazımdır ki, dələduzların bank və ya digər hesabların bərpası üçün istifadə olunan gizli suallara cavab tapa biləcəyi mesajlar da təhlükəlidir.
Banklardan gələn birdəfəlik SMS-lər də zərərsiz hesab edilməməlidir. Onları da silmək tövsiyə olunur ki, fırıldaqçılar üçün əlavə ipucu qalmasın.
Telefonda saxlanmamalı olan fotolar
İlk növbədə, nömrələri və digər vacib məlumatları aydın görünən sənəd fotolarını silmək lazımdır. Hər hansı sənədin şəkli dələduzlar tərəfindən şəxsi hesablarınızın sındırılması, adınızdan saxta hesab yaradılması və ya bu məlumatların “darknet”də satılması üçün istifadə oluna bilər.
Şəxsi məlumatları “özünüz üçün” saxladığınız mesaj və skrinşotları da telefonda saxlamaq məsləhət deyil. Banklarla yazışmaların skrinşotları, təsdiq kodları, elektron biletlər, çeklər və qəbzlər də risklidir.
Mesencerlərdə özünüzə göndərib “Saxlanılanlar” bölməsində saxladığınız qeydləri də unutmayın. “Qeydlər” tətbiqini də mütəmadi yoxlayıb təmizləmək lazımdır.
Telefonda səliqə yaratdıqdan sonra səbəti də boşaltmağı unutmayın – silinmiş fayllar orada həftələrlə qala bilər.
Bundan əlavə, ehtiyat nüsxələri də yoxlamaq vacibdir. Məlumatlar avtomatik olaraq “Google Drive”, “iCloud” və digər servislerde saxlanıla bilər.