Telefonla bağlı cərimələr artırılsa, sürücü daha ehtiyatlı olacaq Raqif Raufoğlu

11.08.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yol-nəqliyyat hadisələrinin sayı azalmır, qəzaların səbəbləri ilə bağlı müzakirələr isə davam edir. Sürücü məsuliyyətsizliyi, qaydaların pozulması, yüksək sürət və diqqətsizlik qəzalara səbəb olan əsas amillər sırasında göstərilsə də, yol infrastrukturundakı çatışmazlıqlar da təhlükəsizliyə ciddi təsir edir
Bəs qəzaların qarşısını almaq üçün əsas diqqət sürücülərin məsuliyyətinin artırılmasına yönəldilməlidir, yoxsa yolların təhlükəsizlik standartlarına uyğunlaşdırılmasına? Yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında hansı amil daha həlledici rol oynayır?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında söyləyib ki, yol infrastrukturunun yaxşılaşdırılmasından danışanda, məsələn, fikir veririk ki, harada yol genişdirsə, ən çox hadisələr də orada baş verir.

Onun sözlərinə görə, bu gün daha çox belə bir prinsip tətbiq olunur ki, zolaqların daraldılması təmin edilsin:
“Sürücü həmin dar zolaqda özünü daha məsuliyyətli hiss edir, daha ehtiyatlı olur, istədiyi yerdən manevr etmir. Hətta zolaqlar sürücüyə harada manevr edə biləcəyini göstərir. Yəni biz görürük ki, həmin yerlərdə qəzalar azdır, demək olar ki, yox dərəcəsindədir.
Amma əsas problem odur ki, məsələn, ən çox hadisələrin baş verdiyi yerlərə baxın. Böyükşorun aşağı yolunda, Böyükşor gölünün üstündə son vaxtlar müşahidə edirik ki, hər gün qəza baş verir. Ona görə ki, yol genişdir. Orada yol ikiyə ayrılır: biri Balaxanı istiqamətinə dönür, digəri isə düz gedir. Sürücülər soldan sağa keçirlər. İndi oraları yenidən daraltmaq, uzun xətt çəkməklə zolaqları dəqiqləşdirmək lazımdır. Məsələn, orada infrastruktur hələ tam qurulmayıb.
İnfrastrukturun tam qurulmadığı və ya sürücünün daha çox sərbəstliyə malik olduğu yerlərdə hadisələr çox baş verir.
Yəni təcrübədən biz onu görürük ki, təəssüf ki, bizə daha dar zolaqlar və daha dəqiq xətlənmələr lazımdır. Əsas məsələlər bunlardır.
Bir də, təbii ki, digər amillər də var. Məsələn, telefon istifadəsini buna nümunə göstərə bilərik. Bu gün telefonla bağlı nəzarət güclənsə, cərimələr artırılsa, sürücü daha ehtiyatlı olacaq. Çünki telefon diqqəti kifayət qədər yayındırır.
Müasir avtomobillərin əksəriyyətində görürük ki, planşetlər quraşdırılıb və sürücü həmin planşetdə film, müxtəlif videolar və digər məzmunları izləyir, nəticədə diqqəti dağılır. Amma əvvəlki avtomobillərdə bunlar yox idi. Bu amillər də yol qəzalarının baş verməsində müəyyən rol oynayır.
Səbəblər çoxdur. Amma əsasən indi hansı prospektlərdə və yeni salınmış yollarda görürük ki, zolaqlar hərəkəti sürücüyə diktə edir, həmin yerlərdə qəzalar daha az baş verir”, – deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью