Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illər Azərbaycanda mobil cihazların qeydiyyatı və qanunsuz telefon dövriyyəsi ilə bağlı problemlər aktual mövzulardan birinə çevrilib.
Xüsusilə IMEI kodu klonlaşdırılmış mobil telefonların ölkəyə gətirilməsi həm dövlətin vergi və gömrük siyasətinə zərər vurur, həm də vətəndaşların istifadə etdikləri cihazların təhlükəsizliyi və dayanıqlılığı baxımından ciddi risklər yaradır.
Bu istiqamətdə “AZCON Holding” tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən görülən tədbirlər IMEI klonlamaya qarşı mübarizənin institusional xarakter aldığını göstərir.
Bu mübarizənin mahiyyətini anlamaq üçün ilk növbədə IMEI klonlama anlayışının nə olduğu və texniki olaraq necə həyata keçirildiyi məsələsinə aydınlıq gətirmək vacibdir.
Bununla bağlı İnformasiya Təhlükəsizliyi mütəxəssisi Elvin Abbasov Avtosfer.az-a IMEI klonlamanın nə olduğuna aydınlıq gətirib: “IMEI klonlama - zavod tərəfindən hər bir mobil cihaza verilən 15 rəqəmli unikal identifikasiya kodunun xüsusi proqramlar vasitəsilə dəyişdirilərək başqa bir cihazın kodu ilə əvəz edilməsi prosesidir.
Bu zaman şəbəkə operatorları yeni gətirilmiş cihazı sistemdə tanımır, əvəzində kodu köçürülmüş və artıq qeydiyyatda olan köhnə telefonu görür.
Bu üsul əsasən gömrük rüsumlarından və rəsmi IMEI qeydiyyat ödənişlərindən yayınmaq üçün istifadə olunur.