Telefonunuz oğurlanarsa nə etməli? Android və iPhone üçün təlimatlar

04.05.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Telefonun itməsi və ya oğurlanması ciddi narahatlıq yaratsa da, cihaz hətta sönülü vəziyyətdə belə tapıla bilər.
Demokrat.az
xəbər verir ki,  “Newsweek Romania” nəşri telefonun necə izlənilməsi ilə bağlı tövsiyələr təqdim edib.
"Android" cihazını necə tapmaq olar?
Mütəxəssislərin sözlərinə görə, "Android" əməliyyat sistemi olan telefonlarda ən effektiv üsul “Google” hesabı vasitəsilə işləyən “Find My Device” xidmətidir.
“Əgər telefon əvvəlcədən “Google” hesabına qoşulubsa və itməzdən əvvəl yer təyinetmə funksiyası aktiv olubsa, cihazın yerini xüsusi platforma vasitəsilə izləmək mümkündür. Sistemə e-poçt və şifrə ilə daxil olduqdan sonra istifadəçi telefonun son qeydə alınmış mövqeyini görə bilər”, deyə materialda bildirilir.
Sistem əlavə funksiyalar da təqdim edir:
*yüksək səs siqnalının işə salınması
*telefonun uzaqdan bloklanması
*şəxsi məlumatların qorunması üçün tam silinməsi
Eyni “Google” hesabı bir neçə cihazda istifadə olunursa, siyahıdan itirilmiş telefon seçilə bilər.
"iPhone"u necə tapmaq olar, hətta sönülü olsa belə
“Apple” şirkətinin “Find My” sistemi "iPhone"ların izlənməsi üçün ən inkişaf etmiş vasitələrdən biridir. Əgər bu funksiya əvvəlcədən aktiv edilibsə, cihaz başqa “Apple” qurğusu və ya “iCloud” hesabı vasitəsilə xəritədə izlənilə bilər.
“Yeni "iPhone" modelləri hətta sönülü olduqda və ya batareya demək olar ki, bitdikdə belə Bluetooth vasitəsilə siqnal ötürə bilir. Bu, cihazın "Apple" şəbəkəsi vasitəsilə müəyyən müddət ərzində izlənməsinə imkan yaradır”, deyə nəşr qeyd edir.
Köhnə modellərdə isə sistem yalnız cihaz sönməzdən əvvəlki son məlum yeri göstərir.
IMEI kodu - telefon tapılmadıqda son çıxış yolu
GPS və onlayn izləmə mümkün olmadıqda IMEI kodu mühüm rol oynayır.
IMEI hər telefona məxsus unikal identifikasiya nömrəsidir və cihazın qutusunda, qəbzdə və ya satınalma sənədlərində tapıla bilər. Bu kod vasitəsilə hüquq-mühafizə orqanları operatorlarla əlaqə saxlayaraq cihazı şəbəkədə bloklaya və ya müəyyən edə bilər.
Bunun üçün telefonun oğurlanması və ya itməsi barədə polisə müraciət etmək, cihazın sizə məxsus olduğunu təsdiqləyən sənədləri təqdim etmək və hüquqi prosedura başlamaq lazımdır. Bəzi hallarda operator IMEI kodu vasitəsilə telefonu şəbəkədə bloklayır və onu istifadəyə yararsız edir.
Mütəxəssislərin fikrincə, ən vacib addım qabaqlayıcı tədbirlərdir: yer təyinetmə xidmətlərini əvvəlcədən aktivləşdirmək, IMEI kodunu qeyd etmək, həmçinin güclü şifrə və biometrik qoruma istifadə etmək tövsiyə olunur.
“Bu sadə addımlar telefonun tamamilə itirilməsi və ya tez bir zamanda geri qaytarılması arasında həlledici ola bilər”, deyə materialda vurğulanır.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью