Tələsik qərar yox, uzunmüddətli baxış lazımdır

28.06.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aqil Nəbiyev Azərbaycan futbolunda gənc məşqçi nəslinin nümayəndələrindən biridir. Məhz belə mütəxəssislərə etimad göstərmək, onların işini yarımçıq kəsməmək vacibdir.

Çünki yeniyetmə futbolunda nəticə bir neçə oyuna və ya bir turnirə görə qiymətləndirilmir. Burada əsas məqsəd gələcəyin milli komandasına futbolçu hazırlamaq, oyunçuların inkişafını təmin etmək və uzunmüddətli sistem qurmaqdır.

Bu il U-17 millimizin nəticələri də göstərir ki, komanda rəqabət aparmağı bacarır. Avropa çempionatının seçmə mərhələsinin II raundunda Malta, Bolqarıstan və Litva ilə heç-heçə qeydə alınıb. UEFA İnkişaf Turnirində isə Qazaxıstan və Pakistan üzərində qələbələr qazanılıb. Bəli, bunlar sensasion nəticələr deyil. Ancaq bu yaş qrupunda əsas göstərici təkcə hesab lövhəsində yazılan rəqəmlər deyil. Futbolçuların inkişafı, komandanın oyun keyfiyyəti və gələcək üçün formalaşan kollektiv daha önəmlidir.

Gənc futbolçularla işləmək peşəkar komandaya rəhbərlik etməkdən tamamilə fərqlidir. Bu yaşda məşqçi təkcə taktika öyrətmir. O, futbolçuların psixologiyasını formalaşdırır, onlara peşəkar futbolun əsaslarını aşılayır, çətin anlarda dəstək olur və inkişaf istiqamətini müəyyənləşdirir. Hər məşqçi bunu bacarmır. Aqil Nəbiyev isə uzun müddətdir aşağı yaş qruplarında çalışdığı üçün bu futbolçuları yaxından tanıyır, onların güclü və zəif tərəflərini bilir.

Ən vacib məqamlardan biri də budur ki, yeni baş məşqçi təyin etmək mövcud vəziyyəti avtomatik olaraq yaxşılaşdırmayacaq. Əksinə, yeni mütəxəssis yenidən futbolçuları tanımağa, komanda qurmağa və öz oyun modelini tətbiq etməyə vaxt sərf edəcək. Bu isə inkişaf prosesini ləngidə bilər. Aqil Nəbiyev artıq bu mərhələni keçib və komandanın daxilində formalaşan mühiti yaxşı bilir.

Onun əvvəlki fəaliyyəti də unudulmamalıdır. U-16 millimiz məhz Aqil Nəbiyevin baş məşqçiliyi dövründə MDB Oyunlarında finala qədər irəliləməyi bacarmışdı. Bu nəticə təsadüfi deyildi. Həmin turnirdə komandanın mübarizəsi göstərdi ki, düzgün yanaşma və sistem olduqda gənc futbolçular öz potensiallarını ortaya qoya bilirlər.

Azərbaycan futbolunda tez-tez məşqçi dəyişikliyinin şahidi oluruq. Ancaq davamlı inkişaf üçün ən vacib amillərdən biri sabitlikdir. Əgər hər uğursuz nəticədən sonra məşqçi dəyişdiriləcəksə, heç bir layihənin bəhrəsini görmək mümkün olmayacaq. Xüsusilə də söhbət yeniyetmə millilərindən gedirsə.

Aqil Nəbiyev hələ gənc mütəxəssisdir. O, öyrənən, inkişaf edən və gələcək üçün potensial vəd edən məşqçilərdəndir. Belə məşqçilərə şans vermək, onların işini sona qədər izləmək daha doğru yanaşmadır. Çünki bu gün verilən etimad sabah Azərbaycan millisinin əsas komandası üçün yetişəcək futbolçuların inkişafına birbaşa təsir göstərə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью